14 noyabr 2025 00:36
92

Ədalət, qayğı, vəzifə borcuna məsuliyyətli yanaşma…

Dövlət başçısı qadağan etdi: Artıq mərkəzdən verilən qeyri-qanuni göstərişlərə əməl olunmayacaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə sosial dövlət konsepsiyasının daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasət vətəndaşın rifahını hər zamandiqqət mərkəzində saxlayan, sosial ədaləti əsas tutan möhkəm bir strateji xəttin nəticəsidir. Son illər ərzində ölkəmizdə çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənərək ünvanlılığa üstünlük verilib, müvafiq islahatlar aparılıb, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcmi artırılıb. Ölkə rəhbərliyi vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edib və hazırda etməkdədir.

Dövlətimizin başçısı daim vurğulayır ki, məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar xalqla bir yerdə olmalı, vətəndaşların müraciətlərinə, problemlərinin həllinə qayğı ilə yaşamalı, etik davranış qaydalarına əməl etməlidirlər. Təbii ki, ölkəmizin başçısının əhalinin problemlərinin öyrənilməsi, həll olunması, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları istər yerli, istəsə də mərkəzi hakimiyət orqanalrının rəhbərləri tərəfindən daim diqqət mərkəzində saxlanılır. Amma təəssüf ki, bəzən mərkəzi hakimiyyət orqanlarındakı “dayılarına” arxalanan bəzi məmurlar vətəndaşlarla öz aralarında sərhəd çəkirlər, insanlardan, sadə kütlələrdən uzaq olmağa, onlardan dəbdəbəli həyat tərzləri ilə fərqlənməyə çalışırlar. Onu da xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən-Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin və qaragüruhunun dövlət idarəçiliyindən uzaqlaşdırılmasından sonra bu sahədə neqativ hallar demək olar ki, aradan qaldırılıb.

Prezident İlham Əliyev Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirdi ki, hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir: “Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.

Ölkə başçısı bəzi məqamlara da toxunaraq, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlərin öz həllini tapmasının vaciblyini bildirib. Prezident İlham Əliyevin əsas tələbləri ondan ibarətdir ki, məmurlar təmiz işləməli, xalqla bir yerdə olmalı, rüşvətxorluqla məşğul olmamalı, dövlətə, müstəqilliyə sadiq olmalıdırlar.  Dövlət başçısı, həmçinin “vaxtilə mərkəzdən qanunsuz tapşırıqlar verən məmurlar”la bağlı bildirib ki, həmin yüksək vəzifəli şəxslər illərlə yerlərdəki icra strukturlarına qanunsuz göstərişlər verərək idarəetmə sistemində ciddi pozuntulara yol açıblar. Onların bir qismi artıq məhkəmə qarşısında cavab verir. Bütün məmurlar bilməlidirlər ki, qanunsuz göstərişlərin yerinə yetirilməsi ciddi məsuliyyət doğuracaq.

Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, məmurlara xalqla münasibətə, vətəndaşların müraciətlərinə biganə qalmamağı tapşıran ölkə başçısının bu çıxışı cəmiyyətimiz tərəfindən razılıqla qarşılanıb. Dövlət başçısı daim bildirir ki, dövlətin qarşısında duran vəzifə də insanlara xidmət etmək, insanların problemlərinin həllinə səylər göstərməkdən ibarətdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim hər birimizin-başda dövlət başçısı, aşağıda da bütün məmurlar olmaqla- əsas məqsədimiz xalqa xidmət etməkdir. Xalq isə insanlardır, vətəndaşlardır, onların problemləridir, odur ki, məmurun da, hər birimizin də vəzifəsi insana xidmət etməkdir, insanların problemlərinə diqqətlə yanaşmaq və onların həllinə səy göstərməkdir. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Onlar cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır: təvazökarlıq, saflıq və Vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Məmurların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ölkə başçısı xalqa xidməti, təvazökarlığı, vəzifə borcuna məsuliyyətli yanaşmanı əsas iş prinsipləri hesab edir. Hər bir məmur dövlətimizin başçısından nümunə götürməli və öz fəaliyyətində bu prinsipləri rəhbər tutmalıdır. 

Zahid Rza, “İki sahil”