14 noyabr 2025 16:22
113

Şəffaflıq və məsuliyyətə əsaslanan sosial ədalət yerli idarəetmədə əsas prinsipdir

Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı səsləndirdiyi fikirlər təkmil idarəetmə sisteminin real mənzərəsini aydın şəkildə ortaya qoyub.

Dövlətimizin başçısı çıxışında məsuliyyət və şəffaflıq prinsiplərinin önəmini diqqətə çatdırıb. Cənab İlham Əliyevin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikirləri onu göstərir ki, etimad təkcə səlahiyyət deyil, həm də cavabdehlikdir. Dövlətin məqsədi rəhbər vəzifələrə təyin olunan şəxslərin xalqa xidmət fəlsəfəsini əməli fəaliyyətə çevirməsidir.

Prezident İlham Əliyevin “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır” fikri sadəcə tövsiyə deyil, həm də ciddi xəbərdarlıqdır. Vəzifə səlahiyyətlərindən düzgün istifadə olunmaması idarəetmə etikasının, ictimai etimadın pozulması deməkdir. Prezident İlham Əliyevin “Əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur” fikri bu baxımdan prinsipial mövqeyin konkret ifadəsidir.

Dövlət başçısı “Əsas prinsip sosial ədalət prinsipidir” fikrini bir daha ön plana çəkib. Sosial ədalət yalnız ideya kimi deyil, həm də sistemli fəaliyyət mexanizmi kimi işləməlidir. Məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Lakin Prezident İlham Əliyev bəzi hallarda yerlərdə məmurların məcbur olub qanunsuz göstərişləri icra etdikləri barədə xəbərdarlıq edib. Əslində, belə hallar idarəçilik mexanizminin ən həssas nöqtəsidir. Dövlətimizin başçısının “Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin” çağırışı məhz bu məsələni tamamilə həll etmək niyyətindən qaynaqlanır.

Azərbaycan Prezidentinin çıxışında vurğulanan “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır” tapşırığı idarəetmə fəlsəfəsinin mahiyyətini təşkil edir. Bu prinsipin bölgələrdə real tətbiqi yalnız dövlət proqramlarının icrası ilə deyil, həm də yerli rəhbərlərin fəal və şəffaf davranışları ilə mümkündür.

Prezident İlham Əliyevin səsləndirdiyi bu mesajlar bir daha sübut edir ki, dövlət idarəçiliyində etimad anlayışı böyük məsuliyyət məsələsidir. Bütün bunlar həm siyasi, həm də mənəvi baxımdan hesabatlılığın, şəffaflığın və ədalətin bərqərar olmasına yönəlmiş proqram xarakteri daşıyır.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin çıxışında qeyd olunan məqamlar bölgələrdə iqtisadiyyatın və məşğulluğun inkişafına yönələn strateji yanaşmanı nümayiş etdirir. Dövlət bölgələrdə insanları işlə təmin etmək üçün bir sıra konkret addımlar atmış, yeni müəssisələrin yaradılmasını təmin etmiş, sahibkarlara güzəştli kreditlər vermiş və özünüməşğulluq proqramını uğurla icra etmişdir. On minlərlə insan bu proqramdan faydalanaraq həyat şəraitini yaxşılaşdırmış, iqtisadi fəallığa qoşulmuşdur. Dövlətimizin başçısının vurğuladığı kimi, yerlərdəki rəhbərlərdən əsas tələb iş yerlərinin yaradılmasına diqqət yetirmək, iş adamlarına əlverişli şərait yaratmaq və onlara dəstək olmaqdır.  Yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini həll edir, həm də ölkənin iqtisadi potensialını gücləndirir, bölgələrdə davamlı iqtisadi dinamikanı təmin edir.

Son dövrlərdə kənd təsərrüfatı və turizm sahəsində dövlət tərəfindən bir çox önəmli təşəbbüslər həyata keçirilmişdir və bu tədbirlərin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur. Xüsusilə turizm üçün cəlbedici olan bölgələrdə həmin sahələr iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilir, kənd təsərrüfatı ilə inteqrasiya olunmuş şəkildə iqtisadiyyatın inkişafına töhfə verir. Bu yanaşma həm bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirir, həm də yerli əhalinin rifah səviyyəsini yüksəldir, uzunmüddətli perspektivdə dayanıqlı və inklüziv inkişafı təmin edir.

Mahir Süleymanlı,
​Milli Məclisin deputatı