14 noyabr 2025 17:34
175

Strateji və qlobal miqyasda mühüm əhəmiyyət daşıyan əməkdaşlıq

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, əsasən, Azərbaycan ilə Özbəkistan arasındakı müttəfiqlik münasibətlərini və Azərbaycanın regional siyasətini əhatə edən mühüm bəyanatlarla yadda qaldı. Müsahibədə səsləndirilən fikirlər həm regional siyasətin, həm də beynəlxalq əməkdaşlığın dərin strateji əsaslarını əks etdirir. Müsahibə həmçinin türk dünyasının gələcək inteqrasiya xəritəsini cızan strateji sənəd kimi dəyərləndirilə bilər. Bu müsahibə həm regional siyasətin, həm iqtisadi əməkdaşlığın, həm də mənəvi birliyin dərin fəlsəfi mənzərəsini təqdim edir.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Özbəkistanı birləşdirən tellər sadəcə diplomatik münasibətlərdən ibarət deyil — bu bağlar ortaq tarix, mədəniyyət, dil, türk kimliyi və qardaşlıq duyğularının üzərində qurulub. İlham Əliyevin sözləri ilə desək, bu əlaqələr “qarşılıqlı etimada, mənəvi yaxınlığa və sarsılmaz dostluğa əsaslanan model”dir. Son illərdə bu münasibətlər təkcə siyasi səviyyədə deyil, iqtisadi, mədəni və humanitar müstəvilərdə də misilsiz dərinlik qazanıb.

Dövlət başçısı müsahibəsində ilk növbədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid tarixi, mədəni və geosiyasi məkanı formalaşdırdığını xüsusi vurğulayır. Prezident ölkələri təkcə coğrafiyanın deyil, həm də tarixi-mədəni əlaqələrin, ortaq dini və mənəvi dəyərlərin, adət-ənənələrin birləşdirdiyini qeyd edir. Bu, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dərinləşən inteqrasiyanın təməlini təşkil edir. Dövlət başçısının müsahibədə bildirdiyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətin gələcək inkişafının möhkəm təməlidir. Bu gün bu təməl konkret məzmunla zənginləşdirilir.

İqtisadi aspektdən baxdıqda, müsahibə konkret faktlarla zəngindir. İki ölkə arasında ticarət sürətli templə inkişaf edir, əmtəə dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artır. Belə ki, əmtəə dövriyyəsinin sürətlə artması (2025-ci ilin ilk 9 ayında 319 milyon ABŞ dolları) və ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirak əsas prioritetdir. Bu sahədə tranzit daşımaların həcmi ardıcıl olaraq artır. Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin qlobal nəqliyyat və logistika qovşağı rolunu gücləndirən amillərdir. Həmçinin Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək mühüm layihə kimi qeyd olunur. Bu dinamika, şübhəsiz, “Orta Dəhliz” adlanan nəhəng nəqliyyat layihəsinin uğurla reallaşması və Xəzər üzərindən yeni logistika marşrutlarının formalaşması ilə bağlıdır. İlham Əliyevin sözlərində iqtisadi əməkdaşlıq yalnız rəqəmlər deyil, strateji məqsədlərin ifadəsidir — bu, regionun vahid bazara çevrilməsi, Avropa ilə Asiya arasında yeni enerji və ticarət arteriyasının qurulması deməkdir. Bununla da geosiyasi dəyişikliklər fonunda Azərbaycanın bu regionda rolunun gücləndiyi və artıq sadəcə tranzit ölkə deyil, mühüm strateji aktora çevrildiyi diqqətə çatdırılıb.

Prezident həmçinin investisiya və sənaye əməkdaşlığının müsbət dinamikasını vurğulayır. Qeyd edilib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Həmçinin işğaldan azad edilən Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Özbəkistan və dünyada ilk lider isə məhz Prezident Şavkat Mirziyoyev olub. Qardaş Özbəkistan tərəfindən azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəb inşa edilib. Buna görə də Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə öz minnətdarlığını bildirib. 

Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan-Özbəkistan əlaqələrinin strateji xarakterini təsdiqləməklə yanaşı, regionun gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirir. Siyasi etimadın möhkəmliyi, iqtisadi inteqrasiyanın sürəti, mədəni yaxınlığın dərinliyi və Türk dünyası çərçivəsində vahid məqsədlərin güclənməsi bu münasibətləri təkcə ikitərəfli deyil, həm də pan-türk və Avrasiya miqyasında nümunəvi əməkdaşlıq modelinə çevirir. Bütün bunlar növbəti dəfə sübut edir ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü və siyasi baxımdan ən nüfuzlu dövlətlərdən biridir. Hazırda dölətimizin başçısının liderliyi sayəsində Azərbaycan-Özbəkistan münasibətləri yeni səviyyəyə yüksəlib. Hesab edirəm ki, iki ölkə arasındakı əlaqələr təkcə ikitərəfli çərçivədə deyil, həm də strateji və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır.

Anar Məmmədov,

Milli Məclisin deputatı