16 noyabr 2025 00:11
92

Kamboca rəsmisi: Ölkəmiz COP29-da başladığı layihələri davam etdirir

Bakıdakı COP29-da iştirak etmək mənim üçün çox dəyərli təcrübə oldu. Orada təşkilatçılıq, infrastruktur və xüsusilə iclas otaqlarının səmərəli quruluşu diqqətimi çəkdi. Yeməklər və insanların qonaqpərvərliyi isə ayrıca vurğulanmalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Braziliyanın Belem şəhərində keçirilən COP30-un iştirakçısı, Kambocanın Ətraf Mühit Nazirliyinin Yaşıl İqtisadiyyat Departamentinin direktoru, Yonsei Universitetinin nümayəndəsi Menq İnq Tainq deyib.

Kamboca rəsmisi Belem şəhərində keçirilən COP30 iqlim sammitinin təşkilati işlərini də yüksək qiymətləndirib: “Burada da infrastruktur və şərait çox yaxşıdır. Keyfiyyət baxımından ciddi fərq yoxdur, hər iki sammit özünəməxsusluğunu nümayiş etdirir. Düşünürəm ki, gələcək COP-lar üçün Bakı və Belemin uğurlu nümunələri birləşdirilə bilər”.

Menq İnq Tainq həmçinin, COP29-dan ümidlərlə ayrıldıqlarını qeyd edib: “Kamboca COP29-da başladığı layihələri davam etdirir. Hazırda ölkədə iqlim dəyişikliyi ilə bağlı əlavə maliyyə resurslarının cəlb edilməsi istiqamətində işlər gedir. COP30-da da bu cür imkanların genişlənəcəyinə ümid edirik”.

Departament rəhbəri bildirib ki, davamlı iqlim maliyyələşməsi və regional əməkdaşlıq Kamboca kimi ölkələr üçün həyati əhəmiyyət daşıyır.