15 noyabr 2025 20:53
101

Neftçalada “Azərbaycan dili və müasir dilçilik - problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib

Neftçala rayonu Heydər Əliyev Mərkəzində ənənəvi “AZLİNG 2025: Azərbaycan dili və müasir dilçilik – problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr edilən konfransa ölkənin müxtəlif elmi mərkəzlərini təmsil edən yüzə yaxın alim və gənc tədqiqatçı qatılıb. “AZLİNG 2025” konfransında müasir dünya dilçilik elminin inkişaf meyilləri fonunda Azərbaycan dilinin mövcud problemləri və onların həlli istiqamətləri geniş müzakirə olunub.

Konfrans iştirakçıları əvvəlcə Neftçala rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər. Sonra “Azərbaycanın dilçilik nailiyyətləri” sərgisi ilə tanışlıq olub. Sərgidə Azərbaycan dilçiliyinin son illərdə əldə etdiyi elmi nəticələri əks etdirən müxtəlif nəşrlər nümayiş olunub.

Konfransı açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Ana dilimizlə bağlı səsləndirdiyi fikirlərə istinad edib. O, dövlətimizin başçısının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fikirlərini xatırladaraq, dilin xalqın taleyi, kimliyi və mənəvi dəyərləri ilə sıx bağlı olduğunu bildirib.

Sonra Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış ediblər. Natiqlər çıxışlarında konfransın əhəmiyyətini yüksək qiymətləndirib, qloballaşmanın sürətləndiyi bir dövrdə Azərbaycan dilinin qorunub saxlanmasının strateji önəm daşıdığını qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda, həmçinin dövlət dilinin inkişafı və onun cəmiyyət həyatında möhkəmləndirilməsi ilə bağlı qəbul olunmuş qərarların və irəli sürülən müvafiq tezislərin aktuallığı bir daha vurğulanıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya elmləri doktoru Qüdsiyyə Qəmbərova ötənilki elmi konfransın materialları əsasında hazırlanmış linqvistik toplunun təqdimatını keçirib.

Konfrans Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. O, AZLİNG konfranslarının beş illik fəaliyyətinə dair hesabatı təqdim edib.

Tədbir “Gənc dilçilər” forumu ilə davam etdirilib. Forumda Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, dilçiliyin son inkişaf istiqamətləri və Ana dilinin saflığının qorunmasına yönəlmiş islahatlar barədə danışılıb.

Sonra konfransın bölmə iclasları olub, 100-ə yaxın alim və gənc tədqiqatçı aktual dilçilik problemlərinə dair ən son elmi nəticələrini təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.