16 noyabr 2025 04:00
87

İsveç 2030-cu ilə qədər Baltik dənizindəki sualtı qayıqlarının və hərbi gəmilərinin sayını artıracaq

İsveç 2030-cu ilə qədər Baltik dənizindəki sualtı qayıqlarının və hərbi gəmilərinin sayını artırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" portalı məlumat yayıb.

Portal İsveçin müdafiə naziri Pol Yonsonun sözlərini sitat gətirərək bildirib ki, Baltik dənizindəki İsveç sualtı qayıqlarının sayı üçdən beşə çatdırılacaq.

Bundan əlavə, nəşr qeyd edib ki, İsveç dörd yeni hərbi gəmi almaq prosesindədir.

Nazirin sözlərinə görə, İsveçin sualtı qayıqları "böhran vəziyyəti" yaranacağı halda Finlandiyaya yardım göstərəcək.

Əvvəlcə söhbət beynəlxalq müqavilələrə əsasən, hərbi qulluqçuların və hərbi obyektlərin olmadığı Aland adalarından gedir. Lakin Yonson hesab etmir ki, Aland İsveç və Finlandiya arasında yerləşən arxipelaqda "hərbi boşluq" yaradır.

"Mən heç bir boşluq görmürəm, əksinə, biz hərbi potensialı gücləndiririk", – "Yle" nazirin sözlərini qeyd edib.

Baltik dənizində yeni sualtı qayıqların 2030-cu ilə qədər istifadəyə veriləcəyi gözlənilir.