17 noyabr 2025 11:59
47

Yeni strateji müttəfiqlik erası

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız iki dövlət arasında deyil, geniş türkdilli coğrafiyada yeni strateji tərəfdaşlıq tendensiyalarının bariz nümunəsi kimi çıxış edir. Müsahibədə səsləndirilən məqamlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq artıq diplomatik münasibətlər çərçivəsini aşaraq vahid siyasi iradəyə, tarixi köklərə və gələcəyə yönəlmiş konkret strategiyalara əsaslanır.

İlham Əliyevin Xəzər dənizini Mərkəzi Asiya ilə Azərbaycan arasında “geosiyasi körpü” kimi təqdim etməsi, coğrafi sərhədləri aşan strateji düşüncənin inikasıdır. Bu dəniz artıq sadəcə su hövzəsi yox, enerji, logistika və təhlükəsizlik baxımından Türk dünyasını birləşdirən həyat arteriyasıdır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın fəal iştirakı da Bakının özünü yalnız Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mərkəzi aktoru kimi təqdim etdiyini göstərir.

Prezident Şavkat Mirziyoyevlə İlham Əliyev arasında olan şəxsi dostluq münasibətləri müsahibənin xüsusi vurğulanan məqamlarındandır. Özbəkistanın Qarabağın bərpasına göstərdiyi real dəstək – Füzuli şəhərində məktəb tikərək bunu ilk edən ölkə olması, yalnız diplomatik jest deyil, həm də qardaşlıq münasibətlərinin sarsılmaz təməlidir.

İqtisadi əməkdaşlıq sahəsində vurğulanan rəqəmlər də diqqətəlayiqdir. Azərbaycanın iqtisadiyyatında fəaliyyət göstərən 120-yə yaxın özbək kapitallı şirkət, qarşılıqlı investisiyalar və Orta Dəhliz üzərindən artan tranzit həcmləri göstərir ki, Bakı və Daşkənd yalnız siyasi deyil, iqtisadi güc mərkəzlərini də birləşdirir.

Orta Dəhlizin önəmi və Azərbaycan-Özbəkistan enerji sistemlərinin yaşıl enerji kontekstində inteqrasiyası regionun gələcək inkişaf xəritəsini müəyyənləşdirir. Bu, həm də Azərbaycanın COP29 kimi qlobal hadisəyə ev sahibliyi etməsi fonunda enerji diplomatiyasında artan nüfuzunun təsdiqidir.

Mədəni və humanitar sahədə atılan addımlar isə dövlətlərarası münasibətlərin yalnız rəqəmlərə deyil, dəyərlərə söykəndiyini göstərir. Heydər Əliyev adına meydan, “Özbəkistan” parkı, mədəniyyət günləri və ortaq idman layihələri xalqlar arasında ideya və yaddaş birliyini gücləndirir.

Prezident İlham Əliyevin UzA-ya müsahibəsi, Türk dünyasında yeni bir strateji müttəfiqlik dövrünün başlandığını göstərir. Bu münasibətlər siyasi iradəyə və tarixi dəyərlərə söykənmiş şəkildə regionda sabitlik və inkişafın təməl daşına çevrilməkdədir. Müsahibə Azərbaycanın yalnız dövlətlərarası münasibətlərdə deyil, ideoloji müstəvidə də yeni erasının əsas ştrixlərini cızır.

Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru