20 noyabr 2026 16:09
62

Strateji tərəfdaşlıq və qarşılıqlı etimad: Azərbaycan-Vyetnam münasibətləri

Azərbaycanın xarici siyasət strategiyası milli maraqların qorunması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmiz müxtəlif regionları birləşdirən etibarlı tərəfdaş, mühüm enerji və nəqliyyat-logistika mərkəzi kimi beynəlxalq nüfuzunu daha da artırıb. Bu siyasətdə Asiya ölkələri, o cümlədən Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnamla münasibətlərin inkişafı xüsusi yer tutur.

Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarını, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə etməklə, iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Dövlət başçısının fikirləri göstərir ki, uzun illərə söykənən dostluq ənənələri müasir dövrdə yeni məzmunla zənginləşərək siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır.

Azərbaycan-Vyetnam dostluğunun tarixi kökləri ötən əsrin ortalarına gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri xalqlarımız arasında dostluq münasibətlərinin formalaşmasında mühüm hadisə olub. Bu tarixi ənənələrin davam etdirilməsində 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri də xüsusi əhəmiyyət daşıyıb. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar əməkdaşlığın inkişafına mühüm töhfə verib.

1992-ci il sentyabrın 23-də diplomatik münasibətlərin qurulması ilə dövlətlərarası əlaqələr yeni mərhələyə qədəm qoyub. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Sanqın Azərbaycana səfəri siyasi dialoqun inkişafında mühüm mərhələlər olub.

2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli münasibətlərin tarixində xüsusi yer tutur. Səfər zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini təsdiqləyib. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açıb.

İkitərəfli münasibətlərin möhkəmlənməsində beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət də mühüm rol oynayır. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda əməkdaşlıq dövlətlərimizin ortaq maraqlarının uzlaşdığını göstərir. Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

İqtisadi və ticarət əməkdaşlığı Azərbaycan–Vyetnam tərəfdaşlığının prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin iqtisadi potensialını tam əks etdirmir. Sənaye, kənd təsərrüfatı, energetika, tikinti və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Energetika sahəsi bu münasibətlərin ənənəvi və strateji istiqamətlərindən biridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi istiqamətlərdə əməkdaşlığın inkişafına imkan yaradır. Azərbaycanın zəngin enerji təcrübəsi ilə Vyetnamın iqtisadi potensialının uzlaşdırılması qarşılıqlı faydalı nəticələr vəd edir.

Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakının genişlənməsi də diqqətəlayiqdir. Vyetnamın ROX Group şirkətinin ölkəmizdə tikinti, infrastruktur və bərpaolunan enerji sahələrində layihələrə maraq göstərməsi iqtisadi tərəfdaşlığın konkret təşəbbüslərlə zənginləşdiyini nümayiş etdirir. Bu əməkdaşlıq Azərbaycanın əlverişli investisiya mühiti və qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir.

Nəqliyyat və logistika sahəsi də ikitərəfli əlaqələrin inkişafı üçün mühüm perspektivlər açır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq dəhlizlərdə artan rolu Asiya ilə Avropa arasında etibarlı tranzit imkanları yaradır. Xüsusilə Orta Dəhliz və Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin strateji əhəmiyyətini artırır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan üzərindən tranzit daşımalarında müsbət dinamika müşahidə olunur. Bu imkanlardan Vyetnam yüklərinin Avropa və digər bazarlara çatdırılmasında istifadə edilməsi qarşılıqlı ticarətin genişlənməsinə və yeni logistika əlaqələrinin formalaşmasına xidmət edə bilər.

Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, humanitar əlaqələr xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Fondun Vyetnamda həyata keçirdiyi xeyriyyəçilik, təhsil və sosial layihələr Azərbaycan xalqının humanizm və həmrəylik prinsiplərinə sadiqliyinin təzahürüdür.

Elm və təhsil sahəsində əməkdaşlıq da zəngin tarixi ənənələrə malikdir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında formalaşmış intellektual əlaqələrin miqyasını göstərir. Bu ənənələrin davam etdirilməsi, ali təhsil müəssisələri arasında əlaqələrin və akademik mübadilənin genişləndirilməsi gələcək nəsillər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması tarixi dostluğa verilən yüksək dəyərin rəmzi ifadəsidir. Bu təşəbbüs iki xalqın ortaq yaddaşının qorunmasına və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət də humanitar əlaqələri tamamlayır. Azərbaycanda Vyetnam günlərinin keçirilməsi, ədəbiyyat və incəsənət nümayəndələri arasında əlaqələrin genişlənməsi xalqlarımızın mədəni irsinin qarşılıqlı tanıdılmasına imkan yaradır. Görkəmli bəstəkar Qara Qarayevin Vyetnama həsr etdiyi musiqi əsərləri və rejissor Əjdər İbrahimovun Vyetnam kinematoqrafiyasının inkişafına verdiyi töhfələr bu dostluğun mədəniyyət tariximizdəki mühüm səhifələridir.

Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin tarixi dostluqdan strateji tərəfdaşlığa doğru uğurlu inkişaf yolunu aydın şəkildə ortaya qoyur. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin yaratdığı imkanların reallaşdırılması, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, eləcə də humanitar və mədəni münasibətlərin dərinləşdirilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir.

Dövlət başçısının dost Vyetnama səfərinin qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində növbəti mühüm addım olacağına dair fikirləri iki ölkənin gələcək əməkdaşlığına verilən yüksək siyasi qiymətin ifadəsidir. Azərbaycan və Vyetnamın malik olduğu iqtisadi potensial, əlverişli coğrafi mövqelər və qarşılıqlı siyasi iradə münasibətlərin daha da genişləndirilməsi üçün möhkəm əsas yaradır.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, prinsipial və çoxşaxəli xarici siyasət həyata keçirərək beynəlxalq əməkdaşlıq proseslərində fəal iştirak edir. Vyetnamla strateji tərəfdaşlıq münasibətlərinin formalaşması ölkəmizin Asiya istiqamətində əlaqələrinin genişlənməsinin, beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş mövqeyinin daha da möhkəmlənməsinin bariz nümunəsidir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri