19 noyabr 2025 01:24
91

Milli-mənəvi irsimizə ehtiramın ifadəsi

Naxçıvan şəhərində görkəmli Azərbaycan şairi, dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərə bərpa olunacaq. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məqbərədə bərpa konservasiya işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma elan olunub.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məqbərədə bərpa konservasiya işlərinin aparılması təşəbbüsü yalnız memarlıq baxımından deyil, həm də mənəvi və milli irsimizin yaşadılması baxımından böyük əhəmiyyətə malikdir: “Bu mənada məqbərənin bərpası, ilk növbədə, milli irsimizə ehtiramın ifadəsidir”.

H. Cavidin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında mühüm rol oynadığını vurğulayan Milli Məclisin deputatı daha sonra vurğuladı ki, görkəmli mütəfəkkirin yaradıcılığında azadlıq, ədalət, sevgi, mənəvi saflıq kimi ideyalar əsas yer tutur: “Ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm edən Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridır. Onun yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciə janrlı əsərləri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuş bu filosof-şairin “Topal Teymur”, “İblis” və s. əsərləri bu gün də aktuallığını itirməyib. Ulu Öndərin sözləri ilə desək, onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıb. O, həmişə millətini, xalqını həddindən artıq sevən və millətinə xidmət edən bir şəxsiyyət olmuşdur. Sovet ideologiyasının təzyiqlərinə baxmayaraq, milli düşüncələrindən və dəyərlərindən geri çəkilməyən, öz əsərlərində milli təfəkkürü xüsusilə vurğulayan böyük sənətkar sərt repressiya illərində haqsız ittihamlarla həbs olunmuş və uzaq Sibirdə sürgün həyatı yaşamışdır. Buna baxmayaraq, taleyinə   ağrılı-acılı, məşəqqətli bir ömür yazılmış Cavidin adı və yaradıcılığı unudulmamış, müstəqillik illərində yenidən dirçəlmişdir. Hətta Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə onun cənazəsinin qalıqlarının uzaq Sibirdən Naxçıvana gətirilmiş, şəhərin mərkəzində, doğulduğu evin yanında, görkəmli bir yerdə torpağa tapşırılmış və üzərində memarlıq-xatirə kompleksi ucaldılmışdır. Hüseyn Cavidin cənazəsini uzaq Sibirdən Azərbaycana gətirmək heç də asan iş deyildi. Bu, totalitar sovet rejimi dövründə böyük iradə, cəsarət tələb edirdi. Amma Ulu Öndər bu məsələni məharətlə həll etdi.

Onu da deyim ki, məqbərə memarlıq baxımından Azərbaycanın incilərindən biri sayılır. Şübhəsiz, onun monumental forması və bədii tərtibatı Hüseyn Cavidin şəxsiyyətinə və yaradıcılığına dərin ehtiramın təcəssümüdür. Məqbərənin ağ rəngdə olması isə paklığı ifadə edən bir simvoldur. Şübhəsiz, Ulu Öndərin bu addımını həm də bütövlükdə repressiyaya məruz qalmış xalqımızın nümayəndələrinin ruhlarına hörmət əlaməti kimi dəyərləndirmək olar”.

Müsahibimiz 29 oktyabr 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan şairi və dramaturqu, böyük ədib Hüseyn Cavidin məqbərəsinin təntənəli açılışı mərasimindəki bu fikirlərini də xatırlatdı: “Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarliq tarixinə yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli, mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, "Mömünə xatun" abidəsi kimi, bu abidə də əsrlər boyu yaşayacaqdır”.

Milli Məclisin deputatı sonda dedi: “Abidənin layihəsinin müəllifi Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı Xalq rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Respublikasının «Star» inşaat şirkəti tərəfindən tikilmişdir. Yeri gəlmişkən onu da qeyd edim ki, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin ev-muzeyinin yaradılması, 1993-cü ildə Bakıda abidəsinin ucaldılması görkəmli ədibin şəxsiyyətinə və fəlsəfi müdrikliyin, bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığına olan tükənməz məhəbbətin bariz ifadəsidir”. 

Qvami Məhəbbətoğlu, “İki sahil”