19 noyabr 2025 08:08
139

Mehriban Vəliyeva: Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının inkişaf etməsində TDT-nin böyük rolu var

“Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələ formalaşmaqdadır. Tarixi, mədəni və geostrateji bağlılıqlar bu əməkdaşlığın təməlini təşkil etsə də, bu gün əməkdaşlığın həcmi və məzmunu keyfiyyətcə fərqli müstəviyə yüksəlib. Azərbaycanın regional proseslərdə tam hüquqlu, bərabərhüquqlu və etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirməsi Mərkəzi Asiya iqtisadi məkanında inteqrasiyanı genişləndirən mühüm amilə çevrilib. Bu birlik Mərkəzi Asiyada mürəkkəb güc balansını da tərazlaşdırır”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.

“Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələrinin regional təşəbbüslərinə aktiv qoşulması, o cümlədən nəqliyyat, enerji, təhlükəsizlik və humanitar istiqamətlərdə əməkdaşlıq formatlarını genişləndirməsi Cənubi Qafqaz ilə Türk dünyası arasında strateji bağlantıları möhkəmləndirib. Bakı bu proseslərin yalnız iştirakçısı deyil, həm də təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın tamhüquqlu şəkildə regional iqtisadi-siyasi platformalarda yer alması Mərkəzi Asiya üçün genişlənən tərəfdaşlıq imkanları, eyni zamanda Avrasiya inteqrasiyasında yeni sinerji mənbəyidir. Azərbaycan Mərkəzi Asiya üçün Qərbə açılan qapıdır”. 

Deputat qeyd edib ki, regionda yeni reallıqların meydana çıxması fonunda ən mühüm layihələrdən biri Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanın coğrafi üstünlüyünü daha da artırmaqla yanaşı, Mərkəzi Asiya ölkələrilə birbaşa quru əlaqəsini bərpa edir və ümum-Türk logistika xəttini tamamlamağa xidmət edir.

Zəngəzur dəhlizi yalnız nəqliyyat koridoru deyil, həm də Avropa–Cənubi Qafqaz–Mərkəzi Asiya marşrutunda iqtisadi inteqrasiyanın yeni mərhələsini formalaşdıran qlobal layihədir. Bu xətt vasitəsilə regional ticarətin həcmi xeyli artacaq, enerji, sənaye və kənd təsərrüfatı əməkdaşlığı daha sistemli xarakter alacaq.

M.Vəliyeva bildirdi ki, Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının belə sürətlə inkişaf etməsinin başlıca amillərindən biri Türk Dövlətləri Təşkilatının yaratdığı vəhdətdir. Türk birliyi çərçivəsində beynəlxalq platformalarda koordinasiya olunmuş mövqelər, iqtisadi və humanitar layihələr, vahid nəqliyyat strategiyası və siyasi yaxınlıq inteqrasiyanın təbii təkanvericisidir. Bu gün Türk dövlətləri arasında həmrəylik regional sabitlik və təhlükəsizlik üçün mühüm təminat mexanizmi sayılır. Azərbaycan bu prosesdə fəal diplomatik xətti ilə seçilir və təşkilatın güclənməsinə sistemli şəkildə töhfə verir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə regionda yeni güc balansı formalaşdırdı. Bu Qələbə Azərbaycanın siyasi nüfuzunu, hərbi-siyasi imkanlarını və beynəlxalq etibarlılığını əhəmiyyətli dərəcədə artırdı. Bu gün Azərbaycan həm regionda lider dövlət, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunur.

Ölkəmizin artan nüfuzu Mərkəzi Asiya dövlətlərinin Azərbaycana strateji tərəfdaş kimi marağını daha da gücləndirir. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə regional iqtisadi layihələrin mərkəzində deyil, həm də Avrasiyanın geniş coğrafiyasını birləşdirən əsas strateji oyunçuya çevrilib. Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi və siyasi mərhələnin mahiyyəti qarşılıqlı etimada, ümumi hədəflərə və geosiyasi tamamlayıcılığa əsaslanır. Zəngəzur dəhlizi, Türk dövlətləri arasında həmrəylik, Azərbaycan diplomatiyasının güclənən rolu və ölkəmizin liderlik mövqeyi bu əməkdaşlığın gələcəyini daha da möhkəmləndirir.

Azərbaycanın aktiv, milli maraqlara söykənən xarici siyasəti nəticəsində ölkəmiz təkcə regionda deyil, bütövlükdə Avrasiya məkanında dayanıqlı inkişaf və təhlükəsizliyin mühüm dayaqlarından biri kimi çıxış edir .