19 noyabr 2025 14:23
86

BDU-da Cənubi Afrika Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı Dövlət Universitetində (BDU) Cənubi Afrika Respublikasının ali təhsil və təlim nazirinin müavini xanım Nomusa Dube-Ncubenin başçılıq etdiyi nümayəndə heyəti ilə rəsmi görüş keçirilib. Görüş Heydər Əliyev lektoriyasında Universitetin professor-müəllim heyətinin iştirakı ilə təşkil olunub.
BDU rektoru Elçin Babayev çıxış edərək Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında elmi-təhsil əməkdaşlığının perspektivlərinə diqqət çəkib. Rektor qeyd edib ki, Universitet beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə xüsusi önəm verir. Afrika ölkələri, o cümlədən Cənubi Afrika Respublikası ilə əməkdaşlıq BDU üçün mühüm əhəmiyyət kəsb edir.
Nümayəndə heyətinin rəhbəri xanım Nomusa Dube-Ncube çıxışında Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə edib. O, Cənubi Afrika Respublikasında aparılan ali təhsil islahatları, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və peşə təhsili sahəsində qabaqcıl təcrübələr barədə məlumat verib. Nazir müavini universitetlərarası əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi, elmi-tədqiqat təşəbbüslərinin inkişafı üçün mövcud imkanları vurğulayıb.
Görüş çərçivəsində birgə magistr və doktorantura proqramları, rəqəmsal təhsil imkanları, innovativ layihələr və akademik əməkdaşlıq sahələri müzakirə olunub. Daha sonra nümayəndə heyəti Afrika ölkələrindən olan təhsilalanlarla görüşərək onların təhsil təcrübələrini və gələcək akademik planlarını dinləyib. Qonaqlar BDU-nun multikultural mühiti və tələbələrin yüksək akademik hazırlığını yüksək qiymətləndiriblər.
Səfər BDU-nun tədris binaları, muzey və laboratoriyaları ilə tanışlıqla davam edib. Qonaqlara Universitetin elmi infrastrukturu, innovativ layihələri və müasir tədris məkanları barədə ətraflı məlumat verilib.
Bu görüş Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq strategiyasının və akademik mübadilənin genişləndirilməsi istiqamətində mühüm addım olaraq qiymətləndirilir.