19 noyabr 2025 16:15
210

Vüqar Rəhimzadə: Yenidən qurulan Ağdam şəhəri doğma sakinlərini gözləyir

Prezident İlham Əliyev 31 iyul 2023-cü il  tarixli «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 20 noyabr - Ağdam Şəhəri Günüdür. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız 44 günlük İkinci  Qarabağ müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli ordumuzun  əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər hərbi yolla işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmaq məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Bu gün işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Ağdam şəhəri erməni vəhşiliklərinin dünya ictimaiyyətinə təqdimatıdır. Bu ərazilərdə 30 illik işğal dövrünün dağıntılarını hazırda genişmiqyaslı bərpa-quruculuq işləri əvəz edir. Bu torpaqlarda olan xarici qonaqlar törədilən dağıntılardan heyrətlərini gizləmirlər. Qeyd edək ki,   2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmış, 2010-cu ildə isə Əl-Cəzirənin internet nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına daxil etdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Şəhər Günləri, eyni zamanda, bu ərazilərimizin işğal tarixlərini da unutmamağa, ermənilərin törətdikləri vəhşilikləri indiki və gələcək nəsillərə çatdırmağa bir çağırış edir.  Ermənistanın hərbu təcavüza zamanı Ağdam uğrunda  42 gün davam edən döyüş  1993-cü il  23 iyul  tarixində bu rayonun ərazisinin 73 faizinin işğalı ilə başa çatdı. Ərazisi  1094 kv.km olan  rayonun Ağdam şəhəri ilə  birgə  90 kəndi işğal olundu. İşğal nəticəsində  128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur oldu. İşğaldan azad edilmiş  Ağdam  erməni vandalizmin şahididir.  Ermənistan   digər ərazilərimizdə olduğu kimi Ağdamda da  mədəni və dini abidərimizi  vandalizmə məruz  qoymuş, qarət  etmişdir.

   Vüqar Rəhimzadə  vurğulayıb ki, beş  il bundan öncə Ağdama  yeni nəfəs gəldi. 2020-ci  ilin noyabrında  Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısının Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırması haqq işinin zəfər çalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinc hissi yaratdı.  Prezident İlham Əliyevin həmin səfər çərçivəsində Ağdamda söylədiyi  “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik” fikirlər bu gün artıq mərhələ-mərhələ reallığa çevrilir. Tarixi Zəfərimizdən dərhal sonra azad edilən Ağdamda böyük tikinti və quruculuq işlərinə başlanıldı. Ötən beş  ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən  hazırlanıb. Azərbaycan Respubilkası Nazirlər  Kabinetinin  2022-ci il  16 avqust tarixli  Qərarı ilə  “Ağdam şəhərinin 2040-cı ilədək  inkişafına dair Baş  planı” təsdiq edildi.  Ağdam şəhərinin Baş planı  bütün işğaldan azad edilmiş  rayonlar arasında  ilk olaraq təsdiqlənmişdir.  Perspektivdə Ağdam azad edilmiş   ərazilərin  ən böyük,  Azərbaycanın isə  dördüncü böyük  şəhərinə çevriləcək.  Burada 100 min nəfər  əhalinin  yaşayacağı  palanlaşdırılır.  Şanlı Qələbə nəticəsində bu günlər işğaldan azad edilmiş  digər ərazilərimizdə olduğu kimi, Ağdamda da  geniş tikinti quruculq işləri  həyata keçirilir. Xarabalıqlar  üzərində  yeni, müasir Ağdam qurulur. Böyük Qayıdış  Proqramı çərçivəsində  Ağdam şəhəri və kəndləri  yenidən tikilir, infrastrtuktur layihələri  icra olunur, yollar inşa  edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllqlar salınır, ərazilər  mina və  partlamamış hərbi sursatlardan təmizlənir.

 Millət vəkili qeyd edib ki, Ağdamın Baş planı əsasında işlər uğurla davam etdirilir.  Şəhərin özündə 5 məhəllənin inşası nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda rayonun 3 kəndində  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülüb.

 Vüqar Rəhimzadə vurğulayıb ki, bu rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.  Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir.

 Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyevin indiyədək Ağdam rayonuna reallaşdırdığı səfərlərin hər biri  mühüm sosial obyektlərin  açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə  yadda qalıb. Bunun üçün təkcə cari ildə görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu ilin ötən dövründə  Ağdama 5 dəfə səfər edib. Həmin səfərlər çərçivəsində bu il açılışı olan  Ağdam Muğam Mərkəzini xüsusi qeyd etmək istərdik.  Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Qeyd etdiyimiz kimi, bu gün Ağdamda görülən işlərin miqyası genişdir. Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, bu gün azad edilmiş ərazilərimizin bərpası Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Bu baxımdan Ağdam şəhərinin ilk Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyini xüsusi qeyd etmək istərdik.  Forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsi baxımından nadir və uğurlu platforma oldu.

Milli Məclisin deputatı bildirib ki, Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Ağdam şəhəri sakinlərinin yolunu gözləyir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə  əsas verir ki, Ağdamın öz sakinlərinə qovuşacağı gün uzaqda deyil.