19 noyabr 2025 18:30
284

Azad edilmiş ərazilərdə müasir şəhərsalma nümunəsi təqdim edilir

20 noyabr - Ağdam şəhəri günü bu qədim torpağın keçdiyi tarixi sınaqları və möhtəşəm dirçəliş mərhələsini əks etdirir. Həmin gün azadlıqdan sonra başlanan böyük quruculuq prosesinin təzahürüdür. Prezident İlham Əliyevin Ağdamla bağlı fikirləri bu tarixi yolun mahiyyətini ifadə edir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Bu amillər Ağdamın yenidən qurulmasında dövlət iradəsinin, milli həmrəyliyin və qətiyyətli strategiyanın nə qədər həlledici rol oynadığını göstərir.

1930-cu ildə yaradılan Ağdam rayonu Qarabağın strateji mərkəzində yerləşən, zəngin təbii sərvətlərə və məhsuldar düzənliklərə malik geniş ərazini əhatə edir. 1094 kvadrat kilometr sahəyə malik rayonun relyefi əsasən düzənlik olmaqla yanaşı, dağətəyi əraziləri də özündə birləşdirir. Coğrafi mövqe Ağdamı həm Qarabağ bölgəsinin iqtisadi arteriyası, həm də mühüm yaşayış məskəni etmişdir. Tarix boyu burada formalaşmış kənd təsərrüfatı ənənələri və əlverişli təbii mühit ağdamlıların həyatında xüsusi yer tutur.

1993-cü il iyulun 23-ü Ağdamın taleyinə ən ağrılı gün kimi yazılıb. 42 gün davam edən şiddətli döyüşlər nəticəsində rayon mərkəzi də daxil olmaqla bu ərazinin 73 faizi işğal edilib, 128 min sakin doğma yurdlarından didərgin düşüb. 90-dan çox kənd tamamilə məhv edilib, 6 mindən artıq vətəndaş şəhid olub. Şəhərin dağıdılması o qədər miqyaslı idi ki, onu “Qafqazın Xirosiması” adlandırmaq heç də mübaliğə deyildi. Bu işğal faktoru təkcə torpaq itkisi deyil, həm də mədəni, tarixi və mənəvi dəyərlərə vurulan zərbə idi.

1993-cü ilin 29 iyulunda BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb olunmasına baxmayaraq, bu qərarlar kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq işğala davam etdi və bununla regionda uzunmüddətli sülhün qarşısını aldı. Bu amillər beynəlxalq münasibətlər sistemində ikili standartların bariz nümunəsi olaraq yadda qaldı.

İşğal dövründə Ağdamda aparılan vəhşiliklər bəşəriyyətə qarşı cinayətdir. Tarixi abidələr dağıdılmış, məscidlər təhqir edilmiş, qəbiristanlıqlar viran qoyulmuş, şəhərin memarlıq siması tamamilə məhv edilmişdir. Coğrafi adların dəyişdirilməsi isə mədəni soyqırım siyasətinin tərkib hissəsi idi.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər həm hərbi üstünlüyü, həm də siyasi iradənin gücünü nümayiş etdirdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, həmin il noyabrın 20-də Ağdam rayonu bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu qərar regionda yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Ağdamın qayıdışı həm də tarixi ədalətin bərpası idi.

Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən “Ağdamın azad olunmasına görə” medalı 5790 hərbi qulluqçuya təqdim olunub. Bu qərar Ağdam uğrunda mübarizədə göstərilən qəhrəmanlığın dövlət səviyyəsində dəyərləndirilməsidir.

Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi regionun tarixi yaddaşının sistemli şəkildə qorunmasına xidmət edir. Həmin qərara əsasən, 20 noyabr tarixi Ağdamın Şəhər Günü kimi müəyyən olunub.

İşğaldan sonrakı görüntülər Ağdamda hansı miqyasda dağıntıların törədildiyini açıq şəkildə göstərirdi. Bir zamanlar həyatla dolu olan şəhər xarabalığa çevrilmiş, yaşayış məntəqələri tamamilə məhv edilmişdi. Hazırda həmin xarabalıqların yerində yeni Ağdam ucalır və bu dirçəliş Azərbaycan dövlətinin iradəsinin və gücünün təzahürüdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiqlənməsi şəhərin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən edir. 2040-cı ilə qədər Ağdamın müasir şəhər modelinə çevrilməsi nəzərdə tutulur. 100 min sakinin yaşayacağı şəhərdə 5 böyük yaşayış məhəlləsi, inkişaf etmiş nəqliyyat infrastrukturu, geniş ictimai məkanlar və “yaşıl enerji” konsepsiyasına uyğun ekoloji həllər prioritet təşkil edir.

Ağdamda həyata keçirilən köçürülmə prosesləri Böyük Qayıdış Proqramının real nəticələrini göstərir. 2025-ci ilə qədər yüzlərlə ailə doğma yurdlarına qayıdıb və bu proses davam edir. Şəhərdə yeni infrastruktur layihələri, tikinti işləri, kəndlərin bərpası geniş vüsət alıb. Bu qayıdış həm də insanların həyatına yeni ümid gətirən mühüm sosial-siyasi hadisədir.

Ağdam Sənaye Parkı bölgənin modern sənaye mərkəzinə çevrilməsini təmin edən strateji layihələrdən biridir. 190 hektarlıq ərazini əhatə edən parkda artıq bir neçə müəssisə fəaliyyət göstərir, yüzlərlə daimi iş yeri yaradılıb. Bu, Qarabağın iqtisadi xəritəsində yeni səhifənin açılması, Ağdamın isə region sənayesinin aparıcı mərkəzlərindən birinə çevrilməsi deməkdir.

2025-ci ilin 10 mayında istifadəyə verilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin nəqliyyat sisteminin əsas struktur elementi kimi çıxış edir. Burada qapalı dəmir yolu platforması, geniş gözləmə zalları, sərnişinlər üçün müxtəlif xidmət məkanları və istirahət zonaları fəaliyyət göstərir. Kompleks Ağdamı regionun digər şəhərləri ilə sürətli əlaqələndirmə imkanı yaradır və iqtisadi aktivliyin artmasına şərait yaradır.

Muğam sənətinin yenidən doğuluşunu təmin edən Ağdam Muğam Mərkəzi Qarabağın musiqi ənənələrinin bərpası baxımından mühüm mədəni layihədir. Müasir akustik sistemlər, geniş səhnə imkanları, yaradıcı mühitin inkişafına xidmət edən infrastruktur mərkəzi bölgənin mədəni həyatında yeni mərhələnin başlanğıcına çevirir.

Bir zamanlar dağıdılmış, viran qoyulmuş Ağdam bu gün dirçəlişin, quruculuğun və milli iradənin təzahürü kimi yeni həyat qazanır. Burada həyata keçirilən layihələr Azərbaycan xalqının sarsılmaz iradəsini, birlik ruhunu və gələcəyə inamını nümayiş etdirir. 20 Noyabr – Ağdam Şəhəri Günü bu qayıdış prosesi, tarixi ədalətin və milli qürurun təcəssümü olaraq daim yaddaşlarda yaşayacaqdır.

Meydanəli Yolçiyev,

​YAP Daşkəsən rayon təşkilatının sədri