20 noyabr 2025 13:17
84

Cüdonun qızıl dövrü: Olimpiya zirvəsindən yeni hədəflərə

Rəşad Rəsullu idmanın bu növünün inkişaf strategiyasını, infrastruktur layihələrini, seleksiya mexanizmlərini və qarşıdakı illərin prioritetlərini açıqlayır

Son illərdə Azərbaycan cüdosu həm beynəlxalq arenada qazandığı nailiyyətlərlə, həm də ölkə üzrə sürətli institusional inkişafı ilə idman sahəsində xüsusi yer tutur. Paris Yay Olimpiya Oyunlarında iki qızıl medalın əldə edilməsi, ardınca dünya və Avropa çempionatlarında qazanılan parlaq nəticələr Azərbaycan cüdosunun artıq dünya miqyasında söz sahibi olduğunu, ölkəmizdə isə bu idman növünün ardıcıl və elmi əsaslara söykənən inkişaf strategiyasının mövcudluğunu nümayiş etdirir.

Bu uğurlar fonunda regional cüdo məktəblərinin genişləndirilməsi, seleksiya və məşqçi hazırlığı sisteminin modernləşdirilməsi, gənclər və xüsusən də qızların idmana cəlbi istiqamətində həyata keçirilən proqramlar Azərbaycan Cüdo Federasiyasının məqsədyönlü fəaliyyətinin nümunəsidir. Cüdonun kütləviliyinin artırılması, yeni infrastrukturun yaradılması və elit idmanda nəticələrin davamlı yüksəldilməsi ölkədə bu idman növünün strateji prioritetə çevrildiyini göstərir. Cüdonun hazırkı inkişaf dinamikası, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflər və federasiyanın həyata keçirdiyi genişmiqyaslı layihələr barədə “İki sahil”in suallarını Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu cavablandırır.

-Son illərdə Azərbaycan cüdoçuları beynəlxalq və ölkədaxili yarışlarda nə kimi uğurlar qazanıblar?

- Son illər cüdomuzun ən yaddaqalan səhifəsi ötən il Paris Yay Olimpiya Oyunlarında yazıldı: Həmin Olimpiya Oyunlarında Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) Olimpiya çempionu olaraq Azərbaycanın aktivinə iki qızıl medal yazdırdılar. Hər iki idmançımız ötən il Abu-Dabidə keçirilən dünya çempionatında da qızıl medal qazanaraq fərdi dünya çempionu oldular. Ötən il Zaqrebdə təşkil olunan Avropa çempionatında isə Hidayət Heydərov növbəti dəfə qitə çempionu titulunu qazandı, həmin yarışda Elcan Hacıyev də qızıl medalla bizi sevindirdi. Bu ardıcıl qızıl medallar Azərbaycanda cüdonun aparıcı idman növünə çevrildiyini və gənclər arasında bu növə marağın həm peşəkar, həm də kütləvi səviyyədə ciddi şəkildə artdığını göstərir.

-Cüdo idmanına maraq necədir, hansı yaş qrupu üstünlük təşkil edir və bu marağın artırılması üçün federasiya hansı tədbirləri görür?

- Hazırda cüdo idmanına maraq yüksəkdir, xüsusən də uşaqlar və yeniyetmələr arasında üstünlük təşkil edir. Regionlarda açılan yeni cüdo zalları bu marağa güclü təkan verir. Azərbaycan Cüdo Federasiyası 2022–2025-ci illərdə Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad şəhər və rayonlarında, Zəngilan rayonunun Ağalı kəndində, Bakının Zirə qəsəbəsində, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran rayonlarında və Zaqatalanın Mosul kəndində cüdo zalları açıb. Növbəti mərhələdə Masallı, Cəlilabad, Qobustan və Siyəzən rayonlarında yeni zalların istifadəyə verilməsi planlaşdırılır. Bakı və regionlardakı 158 idman zalına 11 704 tatami verilib və 2 430 gənc idmançıya pulsuz məşq imkanı yaradılıb. Bununla paralel, müntəzəm kəmər imtahanları, kişilər üzrə Liqa yarışları, U-14 və U-17 Liqaları, ne-vaza üzrə ACF kuboku və digər daxili turnirlərin sayının artırılması həm rəqabət mühitini gücləndirir, həm də uşaqların və valideynlərin cüdoya marağını daha da yüksəldir.

-Beynəlxalq yarışlarda nəticələri yaxşılaşdırmaq məqsədilə məşq, seleksiya və məşqçi hazırlığı sistemində hansı yeniliklər tətbiq olunur?

- Son illərdə milli komandalar üçün mərkəzləşdirilmiş təlim-məşq sistemi qurulub, xaricdə birgə toplanışların sayı artırılıb. Seleksiya prosesi daha çox reytinq və obyektiv göstəricilərə əsaslanır, cüdoçuların hazırkı idman forması xüsusi nəzərə alınır. Eyni zamanda IJF Akademiyası və yerli tərəfdaşlarla birlikdə məşqçilər üçün beynəlxalq sertifikat və ixtisasartırma proqramları həyata keçirilir. Bu da həm milli komandada, həm də regionlarda peşəkar məşqçi korpusunun formalaşmasına xidmət edir.

-Qızlar və qadınların cüdo ilə məşğul olmasına marağı artırmaq üçün hansı təşviq mexanizmləri və sosial layihələr həyata keçirilir?

- Bu istiqamətdə genişmiqyaslı “Qızlara ağ yaraşır” kampaniyasını xüsusilə qeyd etmək istəyirəm. Kampaniya qızları fiziki və mənəvi cəhətdən sağlam olmağa, gələcəyə əmin addımlarla irəliləməyə, cüdo ilə məşğul olaraq beynəlxalq arenada ölkəmizi təmsil etməyə təşviq edir. Layihənin uğurla icra olunduğunu və bunun nəticəsində cüdo ilə məşğul olan qızların sayında nəzərəçarpan artım olduğunu müşahidə edirik.

-Qarşıdakı illər üçün Azərbaycan Cüdo Federasiyasının əsas strateji hədəfləri hansılardır və bu hədəflərin reallaşdırılması üçün hansı konkret addımlar planlaşdırılır?

- Qarşıdakı illər üçün strategiyamız üç əsas xətti əhatə edir: birincisi, cüdonun ölkə üzrə kütləviliyini artırmaq, daha çox regionda zallar açmaq, məşq imkanlarını genişləndirmək və uşaqlar üçün davamlı yarış–kəmər imtahanı sistemi qurmaqdır. İkincisi, istedadların inkişafını təkmilləşdirmək – güclü seleksiya, yaşauyğun yığma komandalar, peşəkar məşqçi dəstəyi və elmi yanaşma ilə gənc cüdoçuların yolunu planlı şəkildə Olimpiya zirvəsinə yönəltməkdir. Üçüncü istiqamət isə elit idmanda nailiyyətləri artırmaqdır. Milli komandalar üçün illik hazırlıq planı, beynəlxalq təlim-məşq toplanışları və böyük yarışlara hədəfli hazırlıq vasitəsilə Olimpiya, dünya və Avropa çempionatlarında medalların sayını artırmağı qarşıya məqsəd qoymuşuq.

Yaqut Ağaşahqızı, “İki sahil”