13 noyabr 2025 23:57
84

Xatirəsi həmişə əziz olanlar...

30 il xilaskar ərənlərin yolunu gözləyən əsir Qarabağımız mayor Kamran Fərəcov, baş leytenant Vüsal Kazımov, çavuş Nurlan Rəhimov, çavuş Arif Qeybiyev kimi qəhrəman oğulların qanı bahasına 44 günə azadlığa qovuşdu. Vətən və  millət yolunda  canından keçən  hər dörd  zəfər şəhidi cənub bölgəsində boya-başa çatıb. Milyonların ürəyində özünə əbədi abidə ucaldan, ölümsüzlüyə qovuşan hər dörd Vətən sevdalısı indi bizim üçün iftixar mənbəyi, qürur yeridir. Onları vaxtaşırı yad etmək, xatirəsini əziz tutmaq  hər birimizin ən müqəddəs borcudur.  Astara  Pedaqoji Kollecinin direktoru şəhid atası Kamran Kazımov və kollecin bir qrup əməkdaşı, Yeni Azərbaycan Partiyasının  Astara rayon  təşkilatının sədri  Həbib Cəfərov  sinəsini Vətənə sipər edib onu alınmaz qalayan çevirən qeyrətli oğulların məzarlarını ziyarət edib, ehtiram əlaməti olaraq önünə tər güllər düzüblər.  Ziyarətçilər,  həmçinin çıxış edib bildiriblər ki, başımızın tacı olan  şəhidlərin bu işıqlı dünyaya gəlib-getməsi çox çəkmədi.  Onlar Vətən, torpaq yolunda getdilər.  Məhz buna görə də şəhidlik zirvəsində qərar tutanlar  heç zaman ölmür, bizdən çox-çox ucada dururlar.  30 il düşmən tapdağına dönən torpaqlarımız Kamran, Vüsal, Nurlan, Arif kimi qeyrətli oğulların çiynində Vətən oldu. Onların qan tökdükləri torpaqlarda indi Azərbaycanın aylı-ulduzlu qələbə bayrağı  dalğalanır...

Vətəni canından əziz tutan, 42 yaşında onun yolunda  müqəddəs şəhidlik zirvəsinə ucalan  mayor Kamran Fərəcov  Astaranın Səncərədi kəndində dünyaya göz açıb.  Həyatı dərk edən gündən erməni dığaların Qarabağımızın zəbt etməsi Kamranı çox düşündürüb. Odur ki, hərbiçi olub düşməndən qisas almaq istəyi onu  1995-ci ildə Bakı  Ali Birləşmiş  Komandanlıq məktəbinə aparıb.  1999-cu ildə  məktəbi mükəmməl biliklə  bitirib leytenant rütbəsində  Bakıda tağım komandiri  vəzifəsində çalışıb.  Getdiyi  yolun düzgünlüyünə inanıb, savadlı, peşəkar, cəsur, qeyrətli hərbiçi,  dəyərli bir  şəxs olaraq tanınıb.  Daha sonra  Ağdamda, Gəncədə, Goranboyda düşmənlə təmas  xəttində  doğma  Azərbaycanın  ən etibarlı, sədaqətli keşikçisi kimi ad qazanıb, mayor rütbəsinə qədər ucalıb. İkinci Qarabağ müharibəsi başlanan gündən mayor  Kamran Fərəcov əlində silah   səngərə yollanıb. Böyük qəhrəmanlıq göstərərək Cəbrayılın, Qubadlının azadlığı uğrunda  düşmənin çoxlu sayda texnikasını, canlı qüvvəsini məhv edib.   Vətən torpağının hər qarışı naminə igidliklə döyüşən komandir oktyabrın 21-də qəfil açılan   namərd gülləsindən   savaş meydanında şəhadətə qovuşub. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”, “ Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

 Cənub mirvarisi Lənkəranın Yuxarı Nüvədi kəndində boya-başa çatan, iki ali təhsilli, qəlbi Vətəninə, xalqına sevdalanan baş leytenant  Vüsal Kazımov  44 günlük haqq savaşımızda tariximizin şanlı səhifəsini yazanda 29 yaşında idi.  Lənkəran elinin mərd, igid oğlu 2020-ci ilin sentyabrında  başlanan Vətən müharibəsinə könüllü qatılıb. Bunu özünə böyük şərəf və qürur bilib. Savaş meydanına girən andan yağının kabusuna çevrilib.  Füzuli əməliyyatlarında, Cəbrayıl döyüşlərində, Xocavəndin, Şuşanın  azadlığı uğrunda əsl qəhrəmanlıq göstərib. Erməni dığalarına qan uddurub, onlarla canlı  qüvvəsini, neçə-neçə  hərbi  texnikasını məhv edib. Qarabağımızı azad görmək arzusu ilə odlardan, alovlardan  keçib. Şuşada qızğın döyüşlərin birində canından artıq sevdiyi Vətənə tuşlanan yağı gülləsini polad sinəsi ilə dəf edib. Əbədiyyət dünyasına qovuşan Vüsal milyonların  ürəyində özünə məkan qurub. Dövlət tərəfindən layiq görüldüyü  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,” Vətən uğrunda”, “İgidliyə görə” və digər medalları Vüsalın müharibə meydanında göstərdiyi qəhrəmanlığa daha bir şərəf qatıb.

İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərib  adını Azərbaycanın yeni, şanlı tarixinə yazan  Nurlan  Rəhimov 1981-ci  ildə Astara şəhərində  anadan olub.  Vətəninə ürəkdən bağlanan Nurlan düşməndən qisas almaq üçün  2000-ci ildə Mili Ordu sıralarına gedib, döyüş bölgəsində xidmətə başlayıb. Cəsurluğu, qorxmazlığı, ən əsası isə yurdsevərliyi, vətənpərvərliyi onu əsgərlərin, zabitlərin gözündə ucaldıb. Nurlan komandirlərin tapşırıqlarını vaxtında, yüksək keyfiyyətlə yerinə yetirib, təlimlərdə fərqlənib, hərbi sirlərinə mükəmməl yiyələnib, dığalarla döyüşə hazırlaşıb.

Əsgərlik həyatını üzüağ başa vuran Nurlan  torpaqlarına yağı dadanmış  Vətənin ağır günlərində evdə qalmağı vicdanına  sığışdıra bilməyib, yenidə hərbi hissəyə qayıdıb. Çavuş  rütbəsində doğma Azərbaycanının keşiyində durub. Nəhayət, 2020-ci il 27 sentyabrda düşmənə dərin nifrət bəsləyən Nurlanın Vətən həsrətli arzusu reallaşıb. İkinci Qarabağ müharibəsinin ilk anlardan qeyrətli, cəngavər Azərbaycan oğulları sırasında silaha sarılıb odun-alovun içinə girib. Qatıldığı ağır döyüşlərdən zəfərlə çıxıb. Füzulidə torpağın bağrına üçrəngli qələbə bayrağımız saçılanda daha çox sevinib.  Həmişə öndə gedən, ölümün gözünə dik baxan Nurlanın  dığalarla son haqq-hesabı isə   Xocavənd rayonunda olub. Qeyri- bərabər döyüşə qatılan Astara elinin qəhrəman şahini  ermənilərin başına od töküb. Təəssüf ki, özünü qəfil açılan güllədən qoruya bilməyib.  

Qazanılan qələbəmizin mərdlik simvolu kimi adı tarixə düşən  zəfər şəhidi Nurlan Rəhimov “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azadlığına görə medallarına layiq görülüb.

44 günlük haqq savaşımızda   canı-qanı bahasına erməni dığalarına layiqlı dərs verən Vətən qeyrətli igidlərdən biri də Astara rayonu, Səncərədi kəndində dünyaya gələn Arif Qeybiyevdir.  Onun keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi fədakarlıqla, igidliklə, eləcə heyrət doğuran məqamlarla doludur. Vətən müharibəsinin ilk gündən ön cəbhəyə yollanan Arif Füzulinin azadlığı uğrunda döyüşlərdə, sözün əsl mənasında, tarix yazıb. Arifin ən böyük arzusu işğal altında olan Vətən torpaqlarının  hər qarışını azad görmək idi. Məhz buna görə də hər dəfə alovun içinə girəndə qartal tək yağının üstünə şığıyıb, ürəyincə öz qisasını ala bilib.

Arif son savaş günü ölümcül yaralansa da, yağıya təslim  olmayıb, döyüşə-döyüşə şəhadətə yetib. Beləcə, qəlblərə köçən zəfər şəhidi  həm də “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarla təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü