21 noyabr 2025 23:15
65

Biləsuvarda YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

Noyabr ayının 20-də Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının  33-cü ildönümünə ilə əlaqədar konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Rayon təşkilatının inzibati binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub.

Heydər Əliyev Mərkəzinin konfrans  zalında davam edən tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, partiyanın rayon təşkilatının bir qrup veteran üzvləri, partiya üzvü olan şəhid valideyinləri və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, ötən dövr ərzində YAP Biləsuvar rayon təşkilatının fəaliyyətindən bəhs edərək 33 illik yubiley münasibəti ilə iştirakçıları təbrik edib. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın qarşıya qoyduğu strateji hədəflərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Təşkilat sədri çıxışında Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu yüksək qiymətləndirərək partiyanın ölkədə sabitliyin, milli həmrəyliyin və siyasi iradənin əsas dayaqlarından birinə çevrildiyini vurğulayıb. Kamil Qurbanlı bu gün YAP-ın təkcə siyasi təşkilat deyil, həm də xalqın iradəsini, dövlətçilik ideyalarını və gələcəyə olan inamını təcəssüm etdirən güclü ictimai-siyasi qüvvə olduğunu bildirdi.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinin onun yaradılmasının ilk illərindən göründüyünü bildirib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formlaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edərək müasir, dayanıqlı və güclü Azərbaycan dövlətinin formalaşmasında partiyanın fəaliyyətinin əvəzsiz olduğunu qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Rayon rəhbəri çıxışında bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəklədiyini və böyük əzmlə dövlətinin, xalqının, vətəninin mənafeyi naminə səy göstərdiyini vurğulayıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov ilk öncə tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının təsis edilməsin 33-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Buraqovun salamlarını və təbriklərini çatdırıb. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 744 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini vurğulayıb. Əli Axundov yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olduğunu və partiya bu 33 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərərək çox mühüm nailiyyətlər əldə etdiyini bildirib. YAP-ın ilk rayon təşkilatı olan Biləsuvar rayon təşkilatının da yarandığı gündən bu günə qədər rayonun eləcə də partiyanın ictimai-siyasi həyatında öz uğurlu fəaliyyəti ilə hər zaman seçildiyini qeyd edib.

Tədbirdə partiya veteranı Akif Kazımov və Fəday Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən alternativsiz bir partiya olduğundan, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik ediblər və onlara uğurlar arzulayıblar. 

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və iştirakçlarla xatirə şəkli çəkilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə Mərkəzin 3D kinozalında Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.