Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində göstərdiyi şücaət və əldə etdiyi parlaq Qələbə hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Qarabağ Zəfəri yalnız hərbi əməliyyatların nəticəsi deyil, eyni zamanda dövlətçilik tariximizin ən böyük siyasi uğurlarından biridir. Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan işğaldan azad olunması Prezident İlham Əliyevin uzaqgörənliyi, diplomatik məharəti və qətiyyətli liderliyinin bariz təzahürüdür. Şuşanın azad edilməsindən sonra aciz duruma düşən Ermənistanın kapitulyasiya aktını imzalamaqdan başqa çıxış yolu qalmamışdı. Elə bu səbəbdən 10 noyabr Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Ağdamdan qeyd-şərtsiz çıxması barədə müddəa öz əksini tapdı.
Prezident İlham Əliyevin tarixi Zəfərimizi və işğaldan azad olunmuş şəhərlərin şanlı günlərini əbədiləşdirmək üçün imzaladığı sərəncama əsasən, 31 iyul 2023-cü il tarixindən etibarən hər şəhərin işğaldan azad olunduğu gün ayrıca qeyd olunur və 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsdiqlənmişdir.
Kəlbəcər toponimi qədim türk dilində “çay üstündə qala” mənasını verir və bölgənin qədim keçmişindən xəbər verir. Tərtər çayı boyunca uzanan süni mağaralar, 30 min ildən artıq yaşı olan qədim yaşayış yerləri Kəlbəcərin zəngin arxeoloji irsinin nümunələridir. Qayaüstü rəsmlər, qədim türk əlifbası nümunələri və atəşpərəstlik dövründən İslam mədəniyyətinə qədər keçən tarixə aid daş abidələr bu bölgənin əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu təsdiqləyir.
Azərbaycanın ən yüksək dağlıq rayonlarından biri olan Kəlbəcər Camışdağ (3724 m) və Dəlidağ (3616 m) kimi möhtəşəm zirvələri ilə seçilir. Meşələrlə əhatələnən bu ərazi şimaldan Daşkəsən və Göygöl, qərbdən Ermənistan, şərqdən isə Ağdam və Xocalı ilə sərhədlənir. 1930-cu ildən inzibati rayon kimi fəaliyyət göstərən Kəlbəcərin ərazisi 3054 km²-dir və 145 kəndi əhatə edir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi faciəli nəticələrə gətirib çıxarmışdı: 511 dinc sakin qətlə yetirilmiş, 321 nəfər isə əsir və itkin düşmüşdür. İşğal illərində rayonun tarixi-mədəni irsi dağıdılmış, təbii sərvətləri və infrastruktur obyektləri talan edilərək Ermənistana daşınmışdır. Kəlbəcərin işğalı həm strateji mövqeyinə, həm də təbii resurslarına görə Ermənistan üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla sərhədi olmadığından, Laçın və Kəlbəcər üzərindən yaradılan yeni əlaqə Ermənistana silah, texnika və canlı qüvvə daşınmasına geniş imkan açmış və bu da işğal siyasətinin daha da genişlənməsinə şərait yaratmışdı.
BMT Təhlükəsizlik Şurası məhz Kəlbəcərin işğalından sonra – 30 aprel 1993-cü ildə 822 saylı ilk qətnaməni qəbul etdi. Qətnamədə Ermənistanın Kəlbəcəri işğal etməsi qətiyyətlə pislənir və işğalçı qüvvələrin Kəlbəcərdən və digər ərazilərdən dərhal çıxması tələb olunurdu. Lakin bu sənədin icra edilməməsi və Ermənistanın cəzasız qalması digər rayonlarımızın da işğal edilməsinə şərait yaratdı. Sonradan qəbul edilən digər üç qətnamə də 822 saylı sənəd kimi kağız üzərində qaldı. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq 1999-cu ildən etibarən Kəlbəcər də daxil olmaqla işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşdırmaya başladı.
BMT qətnamələrinin real icrası yalnız İkinci Qarabağ Müharibəsindən sonra – Azərbaycanın öz gücü, hərbi-siyasi iradəsi və qələbəsi hesabına mümkün oldu.
İkinci Qarabağ müharibəsinin ilk günlərindən etibarən Kəlbəcərin şimal istiqamətində aparılan döyüşlər Azərbaycan Ordusuna mühüm strateji üstünlük qazandırmışdı. Ordumuz bu bölgədə bir sıra yüksək strateji mövqeləri nəzarətə götürərək Ermənistan Silahlı Qüvvələrinin həmin istiqamətdə manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. Basarkeçər–Kəlbəcər yolunun nəzarət altına alınması nəticəsində erməni hərbi birləşmələrinin hərəkəti, demək olar ki, tamamilə iflic vəziyyətinə düşmüşdü.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, Kəlbəcər rayonu 25 noyabrda Azərbaycana qaytarıldı. Əslində, Bəyanata əsasən, rayonun 15 noyabrda təhvil verilməsi nəzərdə tutulurdu, lakin Ermənistanın müraciəti və Rusiyanın xahişi ilə humanist mövqedən çıxış edən Azərbaycan əlavə olaraq 10 günlük vaxt ayrılmasına razılıq verdi. Bu, beynəlxalq hüquqa zidd şəkildə Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılmış erməni sakinlərinin təhlükəsiz şəkildə ərazini tərk etmələri üçün yaradılmış şərait idi.
Biz 1993-cü ilin aprelində kəlbəcərlilərin öz doğma yurdlarından zorakılıq və amansızlıqla qovulmasını – dağ yolları ilə, ayaqyalın, ağır şəraitdə didərgin salınmalarını unutmadıq və heç vaxt unutmayacağıq. Nə həmin vəhşiliklə insanları evindən edən Ermənistan, nə də Azərbaycanın verdiyi 10 günlük möhlətdən sui-istifadə edərək Kəlbəcərdə evləri, meşələri yandıran, təbiəti məhv edən ermənilər dövlətimizin göstərdiyi bu humanizmə layiq idilər. Bununla belə, Azərbaycan insan hüquqlarına hörmət prinsipini qoruyaraq, böyüklük nümayiş etdirərək ermənilərin ərazini təhlükəsiz tərk etməsi üçün bütün zəruri imkanları yaratdı. Bu addım ölkəmizi əsassız şəkildə ittiham edənlərə verilə biləcək ən tutarlı cavablardan biri oldu.
Kəlbəcərin azad olunmasında iştirak etmiş hərbçilərin qəhrəmanlığını əbədiləşdirmək məqsədilə 26 noyabr 2020-ci il tarixində “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə bu döyüş əməliyyatlarında göstərdikləri igidlik və şücaətə görə Azərbaycan Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu sözügedən medalla təltif olundu.
İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra dövlətimiz işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, Kəlbəcərin də dirçəlişini prioritet milli hədəf kimi müəyyənləşdirmişdir. Prezident İlham Əliyevin siyasi iradəsi, ardıcıl nəzarəti və birbaşa rəhbərliyi ilə Kəlbəcər rayonunda genişmiqyaslı yenidənqurma layihələri həyata keçirilir. 2024-cü il 1 may tarixli qərarla təsdiqlənən “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bu bölgənin gələcək inkişaf vizionunun əsas strateji sənədinə çevrilmişdir.
Nazirlər Kabinetinin təsdiqlədiyi Baş Plana əsasən, Kəlbəcər şəhərinin ərazisi və əhalisi işğaldan əvvəlki göstəricilərlə müqayisədə iki dəfədən çox artırılacaq. 1969-cu ildə tərtib edilmiş son Baş Plana görə şəhərin ərazisi 130 hektar, əhalisi 7500 nəfər idisə, 2040-cı ildə bu göstəricilər 290 hektara və 17 min nəfərə çatdırılacaq.
Şəhərin mərkəzində ortamərtəbəli yaşayış və inzibati binalar inşa olunacaq, ətraf zonalarda isə fərdi evlər salınacaq. Ümumi yaşayış fondu 488 min m² təşkil edəcək, bunun 421 min m²-i fərdi evlərin, 46 min m²-i isə çoxmənzilli yaşayış binalarının payına düşəcək. Ümumilikdə 4250 mənzil tikilərək adambaşına 25 m² yaşayış sahəsi norması təmin ediləcək.
Bununla belə şəhərdə 4 məktəbin, 4 uşaq bağçasının, 2 xəstəxananın, 1 reabilitasiya mərkəzinın, İşğal və Zəfər muzeylərinin,otellər, idman və sosial obyektlərin tikintisi planlaşdırılır.
Kəlbəcər şəhərində artıq 524 ailəlik yaşayış məhəlləsi, 19,5 hektarlıq ərazidə salınan kompleksdə 6 dördmərtəbəli bina (hər birində 27 mənzil), 39 “townhouse” tipli ikimərtəbəli ev tikilərək birinci mərhələdə 201 ailə köçürülüb. Kompleksdə park, istirahət guşələri, sosial obyektlər, parkinq, velosiped yolları və uşaq meydançaları yaradılıb. İkinci mərhələdə daha 323 ailənin məskunlaşdırılması üçün 16 bina və 57 “townhouse” inşa olunacaq.
2025-ci il avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərə səfəri çərçivəsində ilk 20 ailəyə mənzil açarlarını təqdim edib. Ümumilikdə isə şəhərə artıq 81 ailə (338 nəfər) köçürülüb.
Bundan başqa, Yanşaq kəndi 121 ha ərazidə salınır və burada ümumilikdə 421 ailə məskunlaşdırılacaq. Zallar kəndi 137 ha ərazidə salınır və ümumilikdə 487 ailənin köçürülməsi planlaşdırılır. Zar kəndi 243 hektardan çox ərazidə salınır və 855 ailənin köçürülməsi planlaşdırılır.
Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunan tunel regionun ən böyük logistik layihələrindən biridir. Yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışı olmuşdur. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir.
İşğaldan azad olunmuş Kəlbəcər rayonunda enerji infrastrukturu əsaslı şəkildə bərpa edilərək bölgənin hidroenerji resurslarının səmərəli istifadəsi təmin olunub. Meydan çayı üzərində 3,4 meqavat gücündə kiçik su elektrik stansiyası tam yenidən qurulmuş, bununla yanaşı, Tərtər çayı və Qaraarxac çayı üzərində yerləşən “Çıraq-1”, “Soyuqbulaq” və “Çıraq-2” kimi ümumi gücü onlarla meqavatı aşan su elektrik stansiyaları müasir tələblərə uyğun şəkildə bərpa edilib. Bundan əlavə, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” stansiyalarının tikintisi Kəlbəcərin həm enerji müstəqilliyi, həm də yaşıl enerji strategiyası baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
Kəlbəcərin təbii müalicə resurslarının yenidən iqtisadi dövriyyəyə qaytarılması məqsədilə inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 80 min kvadratmetr olacaq və burada 145 nömrəlik hotel, kotteclər və inzibati binalar inşa olunur. Kompleksdə fəaliyyət göstərəcək SPA Mərkəzi mineral su ilə müalicə, palçıq terapiyası və klimatoterapiya kimi istiqamətləri özündə birləşdirərək, Kəlbəcəri regionun aparıcı sağlamlıq turizmi məkanlarından birinə çevirmək potensialına malikdir. Bu layihə həm də rayonun turizm infrastrukturunun bərpasında və iqtisadi canlanmasında mühüm rol oynayır.
Mənbəyini dəniz səviyyəsindən 1600 metrdən yüksəkdə yerləşən termal su yataqlarından alan “İstisu” mineral suyu tərkibinə görə regionun ən nadir və müalicəvi sularından biridir. 2022-ci ildə təməli qoyulan və 2024-cü ildə tam istifadəyə verilən mineral su zavodu ildə 100 milyon şüşədən çox istehsal gücünə malikdir və burada iki növbəli rejimdə təxminən 100 nəfər çalışır. İşçi heyətinin böyük hissəsinin Kəlbəcər və Laçın sakinlərindən ibarət olması zavodun həm sosial məşğulluğa, həm də bölgənin iqtisadi reinteqrasiyasına töhfə verdiyini göstərir.
Kəlbəcər həm tarixi kökləri, həm də strateji mövqeyi ilə Azərbaycanın fəxarət mənbəyidir. Kəlbəcər şəhəri günü xalqımızın iradəsini, əzmkarlığını və Vətənə bağlılığını simvolizə edən mənalı bir gündür. Bu əlamətdar tarix bizə keçmişimizi xatırladır, gələcəyə doğru birliyimizi və qətiyyətimizi daha da gücləndirir.
Kəlbəcərin uca dağları, saf çayları və zəngin təbiəti gələcək nəsillərə əmanətdir və hər bir azərbaycanlının qəlbində xüsusi dəyərə malikdir.Şəhərin bərpası istiqamətində atılan hər bir addım isə ölkəmizin daha güclü və dayanıqlı gələcəyinin formalaşmasına xidmət edir.
Kəlbəcər şəhəri günü münasibətilə hər kəsi bu nadir gözəlliklərlə dolu bölgəmizi daha çox sevməyə, qorumağa və onu gələcək nəsillərə layiqincə çatdırmağa səsləyirəm!
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini