22 noyabr 2025 00:35
50

Azərbaycan–Mərkəzi Asiya birliyi Avrasiyanın güc balansını dəyişir

Daşkənddə verilən qərar indiki dövrün siyasi gündəmini formalaşdırmaqla yanaşı, gələcək onilliklərin geosiyasi memarlığını müəyyən edən tarixi bir addımdır

Bu günlərdə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının  7-ci Məşvərət Görüşündə Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qəbul edilməsi sıradan diplomatik jest sayıla bilməz. Bu qərar Avrasiyanın siyasi və iqtisadi coğrafiyasında uzun müddətdir formalaşmaqda olan proseslərin yeni fazaya keçdiyini göstərən mühüm dönüş nöqtəsidir. Tarixən Azərbaycanla Mərkəzi Asiya xalqları eyni sivilizasiya dairəsinə mənsub olsalar da, müxtəlif geosiyasi mühitlərdə yerləşdikləri üçün regional proseslərə təsirləri paralel istiqamətdə inkişaf etmişdi. Daşkənddə qəbul edilən bu qərar isə həmin paralel xətləri birləşdirərək Azərbaycanı Mərkəzi Asiyanın siyasi və iqtisadi sisteminin ayrılmaz hissəsinə çevirir. Bu addım gələcək onilliklər üçün regionun konturlarını yenidən müəyyənləşdirən strateji hadisə kimi dəyərləndirilə bilər.

Azərbaycanın bu platformaya qoşulması Avrasiyada yeni düşüncə mühitinin yaranmasına səbəb olur. Artıq söhbət yalnız qarşılıqlı əməkdaşlıqdan deyil, böyük güclərin maraqlarının kəsişdiyi, Orta Dəhliz boyunca iqtisadi və təhlükəsizlik siyasətlərinin sinxronlaşdırıldığı yeni geoiqtisadi məkandan gedir. Bu günə qədər Mərkəzi Asiya ölkələrinin böyük güclərlə münasibətləri bəzən fərqli trayektoriyalarla inkişaf edirdi. Azərbaycanın formata daxil olması regional güc balansında yeni mərkəz yaradır və bu coğrafiyanı beş ölkənin məhdud koordinasiya zonasından çıxarıb daha geniş bir strateji birlik səviyyəsinə yüksəldir. Prezident İlham Əliyevin Daşkənd Sammitindəki çıxışında vurğuladığı “Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu artan vahid geosiyasi və geoiqtisadi regiondur” fikri bu yeni mərhələnin siyasi fəlsəfəsini və konseptual çərçivəsini dəqiq ifadə edir.

Yeni reallığın ilk sütunu geoiqtisadi koordinasiyadır. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Orta Dəhliz üzrə artıq formalaşmış əməkdaşlıq mexanizmləri qarşılıqlı asılılığı gücləndirir və Avrasiyanın ticarət xəritəsində yeni sinerji yaradır. Bu sinerji təkcə enerji sektorunda deyil, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat və transsərhəd ticarət sahələrində də özünü göstərir. Bakı–Aktau–Karaqandə–Daşkənd xəttində yaranan iqtisadi zəncir regionun əsas ticarət arteriyalarından birinə çevrilir. Bu arteriyanın Qərbə çıxan qapısı rolunu isə Azərbaycan oynayır. Yaxın illərdə region ölkələrinin vahid gömrük standartlarına keçməsi, tranzit prosedurlarının sürətlənməsi və rəqəmsal ticarət modelinin tətbiqi Orta Dəhlizi yalnız fiziki nəqliyyat koridoru yox, həm də inteqrasiya olunmuş rəqəmsal dəhlizə çevirəcək.

İkinci sütun institusional legitimliklə bağlıdır. Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi Mərkəzi Asiya dövlətlərinin ölkəmizə sırf tərəfdaş kimi deyil, eyni tarixi-siyasi məkanın etibarlı iştirakçısı kimi yanaşdığını göstərir. Qərarın qəbulundan sonra çıxış edən liderlərin “formatın genişlənməsi” deyil, “əməkdaşlıq məkanının yenidən təşkili” ifadəsini işlətmələri də bunu təsdiqləyir. Bu isə Azərbaycanın yeni regional institutların formalaşmasında və ortaq siyasi qərar mexanizmlərinin qurulmasında aparıcı rola malik olacağını göstərən ən mühüm siqnallardan biridir.

Üçüncü sütun geosiyasi balanslaşdırma funksiyasıdır. Azərbaycanın həm Türkiyə ilə müttəfiqlik münasibətləri, həm də Çinlə strateji tərəfdaşlıq xətti ölkəmizi Mərkəzi Asiya üçün unikal balanslaşdırıcı aktora çevirir. Bu xüsusiyyət regionun böyük güclər arasında neytral, lakin sabit və funksional əməkdaşlıq platforması yaratmasına şərait yaradır. Azərbaycan bu model vasitəsilə həm Türk dünyası daxilində inteqrasiyanı möhkəmləndirir, həm də Çin–Mərkəzi Asiya–Qafqaz xəttindəki iqtisadi əlaqələrin koordinasiyalı şəkildə inkişafına töhfə verir.

Azərbaycanın Mərkəzi Asiya ilə strateji inteqrasiyasının daha bir vacib nəticəsi Orta Dəhlizin mahiyyətinin dəyişməsi ilə bağlıdır. Qırğızıstan Prezidenti Sadır Japarovun vurğuladığı kimi, Zəngəzur dəhlizi Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun məntiqi davamıdır. Bu marşrut Çin ərazisindən başlayıb Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qazaxıstan vasitəsilə Azərbaycana daxil olur və Avropaya çıxan ən qısa və təhlükəsiz yol kimi formalaşır. Rusiya üzərindən keçən marşrutların sanksiyalara görə çətinləşdiyi, İran marşrutunun isə risklər baxımından geridə qaldığı bir dövrdə Orta Dəhliz–Zəngəzur xətti qlobal ticarətdə real alternativə çevrilir. Bu proseslər Azərbaycanın logistika xəritəsindəki rolunu daha da artırır və ölkəmizi Avrasiyanın ticarət dövriyyəsinin əsas düyün nöqtəsinə çevirir.

Bu kontekstdə Azərbaycanın “ASAN Logistics” modeli xüsusi qeyd olunmalıdır. Modelin Mərkəzi Asiya ölkələrinə ixrac olunması dəhliz boyunca rəqəmsal idarəetmənin vahid standartını yaradır və Orta Dəhlizin rəqabət gücünü kəskin artırır. Yükdaşımaların şəffaf şəkildə izlənməsi, tranzit müddətlərinin real vaxtda ölçülməsi və gömrük prosedurlarının avtomatlaşdırılması regionu qlobal ticarət zəncirlərində ən etibarlı və sürətli marşrutlardan birinə çevirir.

Daşkənddə qəbul edilən qərar Mərkəzi Asiyanın mövcud siyasi və iqtisadi strukturunu da yenidən formalaşdırır. Azərbaycan bu regionla birlikdə artıq beş ölkədən ibarət qapalı sistem deyil, vahid strategiyaya malik yeni geoiqtisadi məkan kimi çıxış edir. Bu vahidlik qarşılıqlı asılılıq, koordinasiya olunmuş nəqliyyat şəbəkələri, sinxronlaşdırılmış enerji siyasəti və təhlükəsizlik məsələlərində ortaq yanaşmalarla möhkəmlənir. Orta Dəhliz və Zəngəzur dəhlizi bu regionun dünya iqtisadiyyatına açılan əsas yollarıdır və Azərbaycan onların təhlükəsiz və effektiv fəaliyyətinə cavabdeh olan aparıcı ölkə kimi önə çıxır.

Orta Dəhliz artıq qlobal ticarət xəritəsində strateji mərkəz kimi tanınır. Onun tam gücü ilə işləməsi böyük güclər arasında iqtisadi rəqabətin trayektoriyasını dəyişir, Avrasiyada yeni iqtisadi mühit yaradır və region ölkələrinə beynəlxalq sistemdə daha təsirli aktor olmaq imkanı verir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycanın qoşulması ilə regionumuzun qlobal səsi daha da əhəmiyyətli olacaq” sözləri bu proseslərin siyasi və iqtisadi çəkisini dəqiq ifadə edir.

Bütün bu amilləri nəzərə aldıqda aydın görünür ki, Daşkənddə verilən qərar yalnız indiki dövrün siyasi gündəmini formalaşdırmır. O, eyni zamanda, gələcək onilliklərin geosiyasi memarlığını müəyyən edən tarixi bir addımdır. Azərbaycan bu qərarla Avrasiyanın yeni güc mərkəzinin aparıcı aktoruna çevrilir, regionun geosiyasi tarazlığının formalaşmasında həlledici rol oynayır və qlobal proseslərdə yeni təsir imkanları əldə edir. Bu, təkcə geosiyasi deyil, həm də iqtisadi, institusional və strateji baxımdan Azərbaycanın inkişaf trayektoriyasını yeni mərhələyə keçirən hadisədir.

Nigar Orucova, "İki sahil"