ABŞ, Ukrayna və Avropanın bir sıra dövlətlərinin nümayəndələri Birləşmiş Ştatların Ukraynadakı müharibə ilə bağlı irəli sürdüyü sülh planını müzakirə etmək Cenevrədə toplaşıblar.
“İki sahil” xəbər verir ki, görüşə Ukrayna, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Avropa İttifaqının nümayəndələri qatılıblar. Görüşdə ABŞ-ı dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkof təmsil edirlər.
Cenevrə görüşü ABŞ Administrasiyasının Ukrayna müharibəsi ilə bağlı ötən həftə təqdim etdiyi 28 maddəlik sülh planı ətrafında yaranmış fikir ayrılığının müzakirəsi məqsədilə təşkil olunub. Plana əsasən, Ukrayna ölkənin şərqində bir neçə vilayəti Rusiyaya verməli, NATO-ya üzvlükdən imtina etməli, ordusunun şəxsi heyətinin sayını 600 min nəfərlə məhdudlaşdırmalı, uzaqmənzilli silahlardan istifadə etməməlidir.
Bu, Ukraynada və Avropa ölkələrində ciddi narahatlıq və narazılıqla qarşılanıb, sərt etiraz transatlantik münasibətlər üçün ciddi sınağa çevrilib. Avropalı liderlər sülh prosesində Avropanın da iştirakının vacibliyini irəli sürürlər. Cənubi Afrika Respublikasında keçirilən G20 çərçivəsində Avropanın və digər ölkələrin liderlərinin bəyanatında sərhədlərin zor tətbiqi ilə dəyişdirilməsinin yolverilməzliyi və sülh məsələsində Avropa İttifaqı və NATO üzvlərinin razılığının tələb olunduğu vurğulanıb.
Almaniya Kansleri Fridrix Merts də G20 sammiti çərçivəsində media nümayəndələrinə açıqlamasında hər hansı həllin həyata keçməsinin həm Ukraynanın, həm də Avropanın razılığını tələb etdiyini bildirib: “Bu müharibə yalnız Ukraynanın və bizim, yəni Avropanın razılığı ilə başa çata bilər, çünki müharibə Avropa qitəsində baş verir”.
Ukrayna hərbçiləri Pokrovsk şəhərinin mərkəzini rus hərbçilərindən təmizləyiblər