Azərbaycanın ən qədim siyasi tarixindən bu günə qədər bəzən elə fiqurlar oldu ki, onlar haqqında danışanda siyasət elmi çaşır, insan psixologiyası yorulur, məntiq isə, ümumiyyətlə, qovluğunu bağlayıb evə gedir. Ramiz Mehdiyev də həmin “fenomen”lərdən biridir. Onun son illərdə üzə çıxan ciddi cinayət ittihamları – dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, cinayət yolu ilə varlanma və digər “klassik” ittihamlar – onun milliyyətinin erməni olması barədə yayılan məlumatların oduna yağ tökdü. Gözləniləndir: belə siyasi-sosial təlatümlər zamanı cəmiyyət həmişə kiminsə genetik kodunda dövlətə qarşı xainlik axtarır.
Ancaq iş bununla da bitmir. Araşdırma qrupuna daxil olan yeni məlumat Ramiz Mehdiyevin “dövlətçilik fəlsəfəsi”nin texniki səviyyəsini göz önünə sərir: məlum olur ki, 2012–2013-cü illərdə onun böyük malikanəsinin zirzəmisində saxlanılan yüz minlərlə dolları… siçovullar yeyib.
Bəli, səhv oxumadınız: dövlətin ideoloji kursunu on illərlə guya “mühafizə edən adam” öz pulunu belə mühafizə edə bilməyib.
Siçovullar isə sadəlövh gəmiricilər deyillər – onların belə böyük məbləği tanımaq üçün xüsusi iqtisadi savadları olmalıdır. Deməli, Ramiz müəllimin zirzəmisində dolaşan canlılar təkcə gəmirici yox, həm də “alternativ iqtisadi ekspertlər” imiş. Onlar Ramizin “zəhmət”lə yığdığı (!) pulları elə “auditləşdiriblər” ki, əski kağızdan əsər-əlamət qalmayıb.
Bu faciəvi-satirik hadisə barədə Ramiz müəllimə xəbər veriləndə, o dərhal qərar qəbul edir: “yeyilmiş kapitalı” Azərbaycan Beynəlxalq Bankının o vaxtkı rəhbəri Cahangir Hacıyevin hesabına yeniləmək. Beləliklə, milli iqtisadiyyat tarixində ilk dəfə olaraq siçovul yeyən pul dövlət bankı tərəfindən yenilənir və bağlama-bağlama Mehdiyevin evinə daşınır.
Əlbəttə, bu proses Azərbaycan iqtisadiyyatının gələcəyinə təsirsiz ötüşmür. Neft qiyməti düşən kimi 2015-ci ildə Beynəlxalq Bank böhranı partlayır, yeyilmiş, yuyulmuş, yoxa çıxmış milyardlar üzə çıxır. Sonradan məlum olur ki, həmin pulların bir hissəsi Ramizin Moskva həvəskarlarına, digər hissəsi isə Rusiyada supermarketlər şəbəkəsi açmağa yönəlib. “Setka” adı da çox simvolikdir. Çünki Mehdiyevin qurduğu sistem elə bir “setka” idi ki, keçən də, keçməyən də içində ilişib qalırdı.
Bu hadisənin ən ironik məqamı məhz budur: pulunu siçovuldan qoruya bilməyən adam dövlətin sütunları üzərində nə iş görürdü? Ağlı bir neçə milyon dilsiz-ağızsız kağız pulu saxlamağa, qorumağa çatmayan bu bürokrat bütün xalqı, onun şəhidini, əsgərini, qazisini, xəstəsini, gənc ailələrini, yaşlılarını, Baş Komandanını necə qoruya bilərdi? Buna onun sədaqəti, ürəyi, vicdanı, nəhayət ki, ağlı çatardımı?
Bu sual siyasi elmin içində cingildəyir. Dövlət idarəçiliyində strateji düşüncə tələb olunur – zirzəmidəki banknotların taleyini belə strateji həll edə bilməyən adam hansı “dövlət təhlükəsizliyi”ndən danışa bilərdi?
Siçovullar pul yeyir, Ramiz isə yenisini sifariş edir. Belə çıxır ki, Mehdiyevin maliyyə sistemi zooloji zəncirin aşağı mərtəbələrində belə …
Gülüstan sarayında akademiklərə, elmlər doktorlarına bu kor həpəndin kitablarının təqdimatını keçirən ingilis dili müəllimi Gültəkin Hacıbəyli illər əvvəl demişdi:
“Bu insanın içində həssas bir ürək var”.
Ay Gültəkin xanım, o həssas qəlb zirzəmiyə enib öz “yaralı” pullarına bir baxsaydı, bəlkə də siçovullar belə utanardı. Qəlbi həssas olan adamın başı bu qədər boş ola bilərmi? Pulunu qoruya bilmədi, səni qoruya bilmədi, nəyi qorudu bu adam? Dövlətin məxfiliyini, yoxsa zirzəminin rütubətini?
İndi bir daha soruşmaq gəlir adamın ağzından: Həssas qəlb var, bəs ağıl hardadır?
Qəlb işıq saçır, amma başda tam qaranlıqdır.
Ramiz Mehdiyev – öz yaratdığı mifologiyanın qurbanına çevrilmiş adamdır. Özünü “dövlət ağlı” zənn edən, əslində isə təkbaşına “zirzəmi büdcəsi”ni belə qoruya bilməyən bir tipoloji nümunə.
Bu mənəviyyat yoxsulunda:
Eqo böyük, bacarıq kiçik.
İntellektual iddia var, intellektual məzmun yoxdur.
Qorxu çox, məsuliyyət sıfır.
Düşmən axtarmaq bacarığı yüksək, öz səhvini görmək qabiliyyəti yox.
Simulyasiya etdiyi dövlətçilik obrazı siçovuldan qoruna bilməyən dollarlar qədər kövrək.
Əsl qrotesk budur: Azərbaycan Respublikasının ideoloji nizamnaməsini illərlə yazan adamın şəxsi iqtisadi strategiyasını siçovullar “redaktə edib”.
Qaldı ki, həm familiyasını, həm əqidəsini, həm də himayədarlarını əlcək kimi dəyişən Gültəkin Hacıbəyli siyasətə hansı paraşütlə düşüb, elə bir sürətlə gəlib ki, adam düşünür: bəlkə də soyadının sonundakı “bəyli” onu avtomatik aristokratiya klubuna qəbul edib? Halbuki bütün Goranboy yaxşı bilir ki, bu nəsil şəcərəsində nə bəy var, nə də xan. Ən çoxu “Hacıyeva” ola bilərdi, amma necə oldusa, zaman keçdikcə soyadın qrammatik tərkibi də siyasi ambisiyalar kimi dəyişdi – bir az “public relations”, bir az mediada görüntü, üstəgəl Ramiz müəllimin “həssas qayğısı”, vəssalam, hazır aristokrat.
Özünü bəy nəslinin nümayəndəsi elan edən adam doğma əmisini mal-mülk üstündə həbs etdirərdimi? Yoxsa bu da “aristokrat ədaləti”nin yeni versiyasıdır? Axı klassik bəy nəslinin kodeksində qohumu satmaq yox, qorumaq yazılırdı.
Bəlkə də Ramiz Mehdiyevin “mədəni sponsorluğu” Gültəkin xanımı özünü bəy qızı kimi hiss etməyə vadar edib? Nə bilək… Hər halda Ramiz müəllimin pulunu siçovul yeyə bilib, amma görünür ki, Gültəkinin “bəyliyini” elə öz siyasi PR siçovulları yeyib, çeynəyib, sonra da yenidən formaya salıb.
İndi Brüsseli İstanbula dəyişən Gültəkin Hacıyeva “aristokratiyanın” qapısını döyür, amma səs gəlmir. Çünki içəridə heç kim yoxdur. Daha doğrusu var, amma ev dustaqlığındadır, aça bilməz.
KONKRET.az