24 noyabr 2025 11:32
61

Hikmət Hacıyev: Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində çoxşaxəli əməkdaşlıqlar var.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ailə güclənir, möhkəmlənir və həmrəylik daha da artır:

"TDT çərçivəsində bizim çoxşaxəli əməkdaşlığımız var. 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmamışdı. Bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılılır".

Qeyd edək ki, bu gün Bakıda – "Gülüstan" sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılış mərasimi baş tutub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.