24 noyabr 2025 23:16
54

Şəhidlər ölməz...

44 günlük haqq savaşımızda hünər göstərib Vətənin yaşaması naminə canından keçən zəfər şəhidi Nurlan Rəhimov ulduzlu ömrünün 44 ilinə gəlib çatdı.  Milyonların ürəyində məskən quran  Astara elinin qəhrəman oğlu çavuş rütbəsində  İkinci Qarabağ  müharibəsi başlanan gündən 30 il yağı tapdağına dönən Vətən torpaqların  azadlığı uğrunda cəbhənin ən qaynar nöqtələrində döyüşə atılıb. Erməni dığaların kabusuna çevrilməklə onlara qan qusdurub. Müharibə meydanında mərdliyi, cəsarəti, yurd sevgisi onunla çiyin-çiyinə vuruşan yoldaşlarına da nümunə olub. 30 sentyabrda  Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində  qəfil atılan gülləyə tuş gələn Nurlanın Vətən eşqli  qəlbi əbədi olaraq dayanıb. Adını tariximizin şanlı səhifəsinə yazan qəhrəman həm də ölümündən sonra dövlət tərəfindən “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və digər medallara layiq görülüb. Övladları Əlövsət və Səidə onun kimi  doğma Azərbaycana ürəkdən bağlanıblar.  

Zəfər şəhidi Nurlan Rəhimov cismən aramızdan getsə də, həmişə, hər yerdə   böyük sevgi, məhəbbət və dərin ehtiramla anılır, şərəfli ömür yolunu örnək sayırlar.

Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta ümumtəhsil məktəbində  sinəsini Vətənə sipər edib ölməzliyə qovuşan qəhrəmanın doğum gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP)Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, şəhid ailələri və  məktəbin kollektivi iştirak etdilər.

Həbib Cəfərov bildirdi ki, Nurlan Rəhimov Vətən, torpaq  uğrunda özünü fəda edib. Bundan böyük şərəf, qürur  ola bilməz. Nəsimi belə olanlar heç vaxt ölmürlər. Günəş ömrü yaşamaqla daim  bizdən ucada dururlar. İndi hər dəfə Nurlanın adı çəkiləndə bütün Azərbaycan xalqı iftixar hissi keçirdir.

Daha sonra məktəbin tarix müəllimi Gülnar xanımın zəfər şəhidi Nurlan Rəhimovla bağlı təsirli çıxışı ürəkləri riqqətə gətirdi. Eləcə  şagirdlərin ifasında Vətəni, qəhrəmanlığı vəsf edən şerlər, bədii çıxışlar və hazırlanmış kompozisiyalar iştirakçılar tərəfindən böyük maraqla izlənildi. Bir sözlə,  yüksək səviyyədə təşkil olunan tədbir hər kəsin yaddaşında dərin iz qoydu.

Ruhun şad, yatdığın yer cənnət olsun, şəhid Nurlan Rəhimov! Torpaq uğrunda ölən varsa, Vətəndir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü