"Global Terrorism Index 2026" (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanmasını təqdim edib. Hesabata əsasən, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk yerləri Pakistan (8.574), Burkina Faso (8.324), Niger (7.816) tutur. Ötən il isə Burkina Faso (8.581), Pakistan (8.374) və Suriya (8.00) ilk yerlərdi idi. Qeyd olunan sıralamada Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb. Ötən ilin hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada "0.233" indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç reytinq də yüksələrək "0.123" indekslə 93-cü yerdə qərarlaşıb. Bunula da 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə yiyələnib. Bu da həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində mühüm strateji mövqeyə malik Azərbaycanın dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənməsindən xəbər verir. Şübhəsiz, bütün bunlar ölkəmizdə ciddi hüquq-mühafizə sisteminin mövcud olmasının, dövlətin hüquq-mühafizə orqanlarının vətəndaş cəmiyyəti ilə birlikdə ictimai təhlükəsizliyi təmin etmək məqsədilə davamlı iş aparmasının nəticəsidir. Bu mənada bu göstəricini Azərbaycanın terrorçuluğa qarşı mübarizə sahəsində gördüyü effektiv işlərin bəhrəsi kimi dəyərləndirmək olar.

Bəli, Azərbaycanda dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin edilməsinə, ölkəmizə qarşı yönələn terror-təxribat, kəşfiyyat-pozuculuq əməlləri ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi yüksək diqqət və qayğı ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinə xidmət edir. Bu kimi addımlar həm də Azərbaycanın dünya ölkələri arasında reytinqini artırır.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin mart ayında keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bəyan edib ki, Azərbaycan həmişə təhlükəsizlik məsələlərinə böyük əhəmiyyət verir: “Regional təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub.” Prezident, həmçinin bildirib ki, indi həmişəkindən daha çox aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır: “Bu olmadan qalan hər şey mənasını itirir. Uzun illər və onilliklər ərzində öz inkişafına investisiya yatırmış ölkələr bu gün risklərlə üzləşir. Buna görə də təhlükəsizlik və sabitlik ətrafında səylərimizi birləşdirməli olduğumuz əsas amil olmalıdır”.
Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq təşkilatlar və ölkələrlə sıx əməkdaşlıq edir. Hətta Azərbaycan dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını bir araya gətirməklə bu məsələyə öz töhfəsini verir. Buna misal olaraq konstruktiv dialoq, qarşılıqlı anlayış və faydalı əməkdaşlıq prinsiplərinə söykənən Bakı Təhlükəsizlik Forumunu misal göstərmək olar. Yeri gəlmişkən, ötən ilin sentyabrında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə III Bakı Təhlükəsizlik Forumu keçirilib.
Qvami Məhəbbətoğlu, “İki sahil”