24 noyabr 2025 18:43
74

Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Şimali Kipr Türk Cümhuriyyəti Milli Olimpiya Komitəsinin nümayəndə heyəti ilə rəsmi görüş keçirilib.

“İki sahil” xəbər verir ki,  MOK-un mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında idman əlaqələrinin genişləndirilməsi, beynəlxalq təlim-məşq toplanışlarının təşkili və beynəlxalq yarışlarda əməkdaşlıq imkanları müzakirə olunub.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının VI İslam Həmrəyliyi Oyunlarında iştirakı və əldə olunan nəticələrlə bağlı məlumat verib. O, Bakı-2017-dən sonra Azərbaycan idmançılarının ən uğurlu nəticəsini Türkiyənin Konya şəhərində keçirilən İslamiadada olduğunu bildirib. Vitse-prezident, həmçinin Şimali Kiprdə yüksəksəviyyəli təlim-məşq bazalarının olduğunu vurğulayıb.

Şimali Kipr Türk Cümhuriyyəti Milli Olimpiya Komitəsinin prezidenti Orçun Kamalı isə rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O, İslam ölkələri arasında keçiriləcək beynəlxalq yarışlarda təmsil olunmaq istədiklərini və bu istiqamətdə Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyinə ümid etdiklərini qeyd edib.

Çingiz Hüseynzadə görüş zamanı qarşılıqlı idman əlaqələrinin daha da gücləndirilməsi, həmçinin İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti kimi beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə MOK-un dəstək göstərməyə hazır olduğunu bildirib.