25 noyabr 2025 17:00
78

YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında partiyanın 33 illik fəaliyyətinə həsr olunan “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib. Bu mötəbər görüş Azərbaycanın milli dövlətçilik fəlsəfəsinin banisi, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin gənclər arasında daha dərindən təbliğinə, onun yaratdığı ideoloji məktəbin mahiyyətinin yeni nəsillərə çatdırılmasına yönəlib.

“İki sahil” xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.

Məşğələdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, həmçinin YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova iştirak ediblər.

Ramiz Hüseynov çıxışında bildirib ki, Heydər Əliyev Məktəbi təkcə bir tarixi mərhələ deyil, müasir dövlətçilik təfəkkürünün, milli özünüdərk modelinin və azərbaycançılıq ideyasının strateji daşıyıcısıdır. Bu məktəbin ən mühüm hədəflərindən biri isə gənclərin dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməsidir.

Deputat Elnarə Akimova “Vətən və dövlətçilik məfkurəsinin intibahında Heydər Əliyevin rolu” mövzusunda geniş çıxış edərək bildirib ki, Ulu Öndərin yaratdığı siyasi irs Azərbaycanın dövlətçilik konsepsiyasının ana xəttini təşkil edir. Bu məfkurə milli kimliyin qorunmasını, dövlət maraqlarının üstünlüyünü, xalq-dövlət birliyini və Azərbaycançılıq ideyasının daimi yaşarlığını ön plana çəkir.

O qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi ideoloji istiqamət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələyə qədəm qoyub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qələbə ilə başa çatan Vətən müharibəsi Heydər Əliyev məktəbinin həyatilik gücünü və ideoloji davamlılığını bir daha sübuta yetirib.

Deputat xüsusi vurğulayıb ki, gənclər bu ideoloji sistemin əsas hədəf qrupu olmaqla yanaşı, həm də onun gələcək daşıyıcılarıdır. Gənclərin dövlət idarəçiliyinə, ictimai-siyasi proseslərə daha fəal cəlb olunması bu siyasətin uğurla davam etməsinin vacib şərtidir.

Məşğələ daha sonra interaktiv müzakirələrlə davam edib. Gənclər dövlət quruculuğunun müxtəlif aspektləri, Heydər Əliyevin ideyalarının ictimai-siyasi həyatda tətbiqi və müasir geosiyasi reallıqlar fonunda Azərbaycanın mövqeyi ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Hər iki çıxışçı sualları ətraflı şəkildə cavablandıraraq gənclərə həm ideoloji, həm də analitik istiqamətdə dəyərli tövsiyələr

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.