Bu günlərdə Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu keçirilib. Forumun ikinci sessiyası “Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsi: TDT çərçivəsində inteqrasiya perspektivləri” mövzusuna həsr olunub. Orada bir neçə vacib məsələyə toxunulub.
Göstərilib ki, Azərbaycan-Türkiyə beyin mərkəzlərini birləşdirən vahid platforma müasir dövrün qlobal çağırışlarına cavabdır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan strategiyalar irəli sürən və onu xalqlarımızın idealına çevirən güclü rəhbərlərdir. Təkcə Qarabağın xilası Azərbaycan Prezidentinin ideoloq və strateq kimi siyasi bacarığını ortaya qoydu. Danılmaz faktdır ki, Cənubi Qafqaz öz tarixində heç vaxt indiki qədər Bakıdan asılı olmayıb. Çünki, Azərbaycanın iştirakı olmadan regionda iri iqtisadi layihələrin həyata keçirilməsi mümkün deyil.
İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm Qələbə Türk dünyasının geosiyasi çəkisini artırdı. Bunun nəticəsidir ki, rəsmi İrəvan təhlükəsizliyini artıq uzaq paytaxtlarda deyil, məhz Bakıda və Ankarada axtarır. Çünki kənar dövlətlər Türkiyə və Azərbaycan hərbi blokuna qarşı çıxmağa cəsarət etmir. Ona görə də hazırda sakitlikdir. Başqa cür də mümkün deyil. Müharibədən əvvəlki və sonrakı ilk illərdə “Hər zaman Ermənistanın yanındayıq” açıq deyən Fransanın yerində oturdulması haylara yaxşı dərs oldu. Haylar məhz o zaman başa düşdülər ki, ən yaxşı qarantiya elə buradadır. Qeyd edək ki, Azərbaycan-Türkiyə birliyi Ermənistanın və onun havadarlarının qolunu-qanadını sındırıb yanına saldı, onları ölkələrimizlə məsuliyyətli davranmağa məcbur etdi.
Şuşa Forumunda nümayiş etdirilən “Türk Dünyasına Baxış–2040” sənədi Türk sivilizasiyasının yüksəlişindən bəhs edir. Açıq görünür ki, Türkiyə ilə orduda, iqtisadiyyatda, siyasətdə birləşdiyimiz kimi, vahid dövlətə çevrilmək beyinlərin də birliyindən keçir. Forumda qeyd edilib ki, hazırkı dövrdə dövlətlər hərbi güc amili ilə hesablaşırlar. Ona görə də güclərin birləşdirməsi və koordinasiya edilməsi vacibdir.
Bu və digər mənada Azərbaycanla Türkiyənin Türk dünyasındakı aparıcı rolu, həmçinin hərbi sahədə çəkindirici gücü son dərəcə əhəmiyyətlidir. Pakistan kimi güclü ordusu və müasir hərbi texnikası olan ölkənin Türkiyə və Azərbaycanla sıx birliyi bu çəkindirici qüvvənin gücünü daha da artırır. Azərbaycan və Türkiyə olmadan türk dünyasına Mərkəzi Asiya dövlətlərinin inteqrasiyası mümkün deyil. Hazırda imperiya buxovundan azad olmuş Türk dövlətlərinin özünə güvəni əhəmiyyətli dərəcədə artıb. Belə ki, Mərkəzi Asiya dövlətləri artıq müstəqil siyasət yürütmək və iqtisadi manevrlər etmək imkanı qazanıblar. Onların da iştirakı ilə Mərkəzi Asiya+Azərbaycan birliyi getdikcə güclənəcək və bu format gələcəkdə daha da genişlənəcək. Mərkəzi Asiya+Azərbaycan formatının hətta Cənubi Asiyanı da əhatə edə biləcək yeni bir formata yol açdığını aydın görürük. Zəngəzur dəhlizinin açılması formatın birliyini sürətləndirəcəkdir. Bu isə olduqca əhəmiyyətli bir inkişafdır. Regionda yeni strukturlaşma prosesi və proqnozlaşdırıla bilən siyasi mühit Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesi üçün böyük əhəmiyyət daşıyır. Ortaq Türk dilinin yaradılması birlik ideyasına xidmət edəcəkdir.
Azərbaycan koordinasiyanı bu ideyalara uyğun qurmağa cəhd edir. Tələb olunur ki, inkişafımızı gözü götürməyənlərin məqsəd və hərəkətləri diqqətdə saxlanılsın. Çünki 2020-ci ilin böyük Qarabağ Zəfəri ölkəmizə qarşı müəyyən təhdidlər yaradıb. 200 il Azərbaycanın məğlubiyyətlərinə, ərazi itkilərinə, soyqırım aktlarına göz yumanlar Qarabağ Zəfərini sinirə bilmirlər. Bu günlərdə ABŞ-da 27 senatorun Qarabağ canilərini “hərbi əsir” adlandıraraq dərhal və qedsiz-şərtsiz azadlığa buraxılmasını tələb etməsi buna sübutdur. Onlar ABŞ hökumətindən Azərbaycana qarşı sərt sanksiyalar qoyulmasını tələb etmişlər. Halbuki 28 il müddətində erməni quldurları Azərbaycan torpaqlarını odlara qalayanda, uşaqları, qadınları, ixtiyar qocaları işgəncələrlə qətlə yetirəndə kar və kor olmuşdular. Hətta işğalçı Ermənistana külli miqdarda yardımlar göndərəndə bunları utanmadan edirdilər. Məğzi aydın idi, iyrənc dini təəssübkeşlik edirdilər. Saçları ağappaq ağarmış, əməlləri qapqara olan bəzi senatorlar və konqresmenlər Azərbaycana qarşı açıq düşmənçilik yolundan çəkilmirlər. İnsanlıq simasını itirmiş belələrinin bəd əməllərindən təhlükəsiz sovunmaq məsələsi daim diqqətdə saxlanmalı, qabaqlayıcı tədbirlər görülməlidir.
Gələn il Ermənistanda keçiriləcək parlament seçkilərin nəticələri diqqət mərkəzində olacaq. Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi bu seçkilərin nəticələrindən asılı olacaq. Bizim istədiyimiz nəticəni əlimizdən almağa çalışanlar başqa tərəflərlərlə əməkdaşlıq edirlər. Daha bir üstünlüyümüz ondadır ki, Vaşinqtonda sülh sazişinin paraflanması ilə Ermənistanın üzərinə məsuliyyət qoyuldu. Bizim istədiyimiz şərtlərlə Zəngəzur dəhlizinin açılması ikinci dəfə təsdiqləndi. Beləliklə, Türkiyə və Azərbaycanın şərtləri yerinə yetirildi. Ancaq bununla hər şey bitmir. Nəzərə alaq ki, Ermənistanda kilsə, revanşistlər, daşnak tör-töküntüləri baş nazir Nikol Paşinyan hakimiyyətini məhz parlament seçkiləri vasitəsi ilə yıxmağı planlaşdırıblar. Əgər bu baş tutarsa Ermənistan Azərbaycan və Türkiyə qarşısında götürdüyü bütün öhdəliklərdən, razılaşmalardan geri çəkiləcək, Türkiyə və Azərbaycanla keçmiş düşmənçiliyi yenidən qızışdıracaqlar. Onu da deyək ki, erməni müxalifətinin arxasında xarici dövlətlərin xüsusi xidmət orqanları durur. Hazırda seçki məntəqələrində hər bir səs uğrunda mübarizə gedir. Lakin iqtidar partiyası hələlik opponentlərindən geri qalmır, Hətta bəzi vilayətlərdə Nikol Paşinyanın tərəfdarları səs qazanmaqda rəqiblərindən xeyli üstün vəziyyətdədir. Şübhəsiz ki, seçkilərin nəticəsi gələn ilin yarısında məlum olacaq. Çox güman var ki, növbəti seçkilərdə də Nikol Paşinyanın partiyası qalib gələcək və özü yenidən baş nazir kürsüsündə əyləşəcək. Çünki hazırda real hakimiyyət onun əlindədir. Bu isə böyük əhəmiyyət kəsb edir. Belə olan surətdə Ermənistan-Türkiyə-Azərbaycan münasibətləri normal qaydada inkişaf edəcəkdir. Bununla da Cənubi Qafqazda müharibə ritorikasına son qoyulacaq, iki ölkə arasında sülh möhkəm və dayanıqlı olacaq.
Vəli İlyasov, “İki sahil”