Akademik Yusif Məmmədəliyev-120
2025-ci ilin dekabr ayının 31-də xalqımızın tarixinə dünya şöhrətli alim ictimai xadim, maarifçi, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur. Azərbaycan elminin inkişafına verdiyi misilsiz töhfələrini nəzərə alaraq, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev 5 iyul 2025-ci il tarixində Sərəncam imzalamışdır. Bu Sərəncama görə, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 iliyinə həsr olunmuş Tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər. Hər şeydən öncə akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyəti ilə bağlı qısa məlumatı oxucuların diqqətinə çadırmaq istərdik.
Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində anadan olmuşdur. O, təhsilini evdə və yeni tipli Ordubad məktəbində almışdır. 1918-ci ildə erməni daşnaklarının vəhşiliyindən yaxa qurtarmaq üçün onun ailəsi Təbriz şəhərinə köçmüş və orada yeddiillik Ruşdiyə məktəbində təhsilini davam etdirmişdir. 1920-ci ildə Ordubada qayıtmış və 1923-cü ilə qədər burada məllimlik edərək savadsızlığın ləğvində fəal iştirak etmiş və ilk qızlar məktəbini açmışdır. 1923-cü ildə Azərbaycan Pedoqoji Universitetinin hazırlıq fakultəsində oxumuş və sonra 1924-1926-cı ilərdə orada təbiət elimləri fakultəsində ali təhsil almışdır. 1924-cü ildə Azərbaycan ziyalılırının I qurultayında məruzə etmişdir.1926-cı ildə təyinat ilə Gəncə şəhərinə göndərilmiş və orada iki il müəllim işləmişdir. 1928-ci ildə İrəvan Pedaqoji Texnikomunun müəllimi olmuş və azsaylı xalqların təşkilat komutəsinə üzv seçilərək, oğlan və qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuatda dəfələrlə çıxış etmişdir. 1929-cu ildə kimyadan biliklərini dərinləşdirmək məqsədi ilə Moskıva Dövlət Universitetinin (MDU) Kimya fakültəsinə qəbul olunmuş və 1931-ci ldə oranı bitirmişdir. Diplom işini keçmiş SSRİ Elmlər Akademiyasının (EA) akademiki N.Zelinskinin rəhbərliyi ilə yerinə yetirmişdir. 1932-ci il sentyabr ayında Azərbaycan Kommunist Partiyası MK-nın məktubuna əsasən Gəncə Kənd Təsərrüfatı Akademiyasının Üzvi kimya kafedrasına müdir təyin edimişdir. Elmi-tədqiqat işilərinə böyük maraq gələcək böyük alimi Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna gətirmişdir. Həmin institutda laborantlıqdan akademikliyə qədər şərəfli yol keçmişdir.1933-45-ci ilərdə kiçik və böyük elmi işçi vəzifələrini tutmuş, 1945-ci ildə isə laboratoriya müdiri vəzifəsinə seçilmişdir.
Yusif Məmmədəliyev hələ Moskva zavodlarının birində işləyərkən neft qazlarından qiymətli kimya məhsularının alınması sahəsində tədqiqatlar aparmışdır. Bu ideya onun gələcək elmi -tədqiqat işlərinin istiqamətini müəyyən etmişdir. O, dünyda ilk dəfə olaraq neft qazlarından sintetik kauçukun alınması ideyasını irəliyə sürmüş və 1933-cü ildə “Etil spirtinin neft qazlarından alınması üsulu” adlı ilk elmi əsərini çap etdirmişdir. 1934-cü ildə kauçuk ilə əlaqədar olaraq “Azərbaycanda süni kauçukun problemləri” ikinci məqaləsini nəşr etdirmiş və bununla da respublikda sintetik kauçukun yaradılmasının mümkünlüyünü əsaslandırmışdır. Bu ideya 1953-cü ildə keçmiş SSRİ-də Sumqayıtda sənaye miqyasında etil spirtindən butadien və onun əsasında butadien- stirol kauçukun alınması ilə həyata keçirilmişdir. Yeri gəlmişkən onu qeyd etmək lazımdır ki, Y.H.Məmmədəliyev ömrünün son ilərində Sumqayıt Kimya Kombinatının layihəsini tərtib edən komissiyanın sədri olmuşdur.
Yusif Məmmədəliyevin elmi fəaliyyətində neft qazlarının emalı, onlardan xusisi tullantısız texnologiya əsasında səmərəli xammal kimi istifadə edilməsi xusisi yer tutur. O, bu cahədə aparılan tədqiqat işlərini ümumiləşdirərək 1936-cı ildə “Azərbaycanın təbii və suni qazları və onların kimyəvi emalı” monoqrafiyasını şap etdirmişdir. Sonralar neft qazlarının çevrilmələrinə dair 10-a qədər məqalə çap etdirmişdir. Qeyd edilən məqalələr içərisində 1930-cu ildə neşr edilən “Azərbaycanda hidrogen problemi” öz əhəmiyyətini bu gün də itirməmişdir. Çünki bütün dünya alimlərinin qarşısında ekoloji cəhətdən daha təmiz yanacaq olan hidrogenin iqtisadi cəhətdən səmərəli üsulla alınması bu gün də problem kimi qarşıda durur. Hadisələri xeyli qabaqlayan gənc tədqiqatçını bu problem düşündürmüş və onun həyata keçməsi yollarını aramışdır.
Yusif Məmmədəliyev tərəfindən təbii qazların halogenləşməsi reaksiyaları daha sistemli şəkildə aparılmışdır. O, 1939-cu ildə ilk dəfə dünya təcrübəsində yarımsənaye qurğusunda metandan stasionar katalizator təbəqəsində, sonralar “qaynar katalizator lay” reaktorunda dördxlorlu metan ( karbon dörd xlorid) istehsal etmişdir. 1938-ci ildə T.V.Lomonosov adına MDU-nun Elmi Şurası Y.H.Məmmədəliyevin təbii və süni neft qqzlarının kimyəvi emalı sahəsində apardığı sistemli tədqiqatları nəzərə alaraq ona müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi vermişdir.
Onun rəhbərliyi ilə karbohidrogenlərin xlorlu törəmələrini almaq üçün pentan, heksan, butilenlər, divinil və digər karbohidrogenlərin xlorlaşma reaksiyası tədqiq edilmişdir. Sonralar onun tərəfindən halogenləşmə reaksiyaları sahəsində tədqiqatlar daha da genişləndirilmiş və karbohidrogenlər bromlaşdırılmışdır. Metilen bromidin alınması texnologiyası işlənib hazırlanmış və sənaye qurğusunda istehsal edilmişdir. Beləliklə, onun tərəfindən neft qazlarının halogenləşmə reaksiyası nəticəsində çox qiymətli kimya məhsulları sintez edilmiş və xalq təsərrüfatının tələbatı ödənilmişdir.
Yusif Məmmədəliyev tərəfindən neft qazlarının və onların ayrı-ayrı komponentlərinin halogenləşməsi və onların əsasında qiymətli maddələrin alınması sahəsində dərin və orijinal tədqiqatlar neft kimyasını yeni tövsiyələr ilə zənginləşdirmişdir.O, halogenləşmə sahəsində dünyanın ən nüfuzlu alimi idi. Heç də təsadüfi deyildir ki, 1960-cı ildə Parisdə keçirilən Beynəlxalq simpoziumda halogenləşmə seksiyasına sədrlik ona həvalə edilmişdir.
Yusif Məmmədəliyevin rəhbərliyi ilə aromatik, parafin və tsikloparafin karbohidrogenlərin alkilləşməsi sahəsində sistemli fundamental elmi-tədqiqtalar aparılmamışdır. Onun katalizatiorlarının iştirakı ilə alkil və dialkilaromatik karbohidrogenlərin dealkilləşməsi reaksiyası olduqca maraq doğuran problemlərdən biridir. O, apardığı tədqiqatları ümumiləşdirərək 1942-ci ildə “Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkiləşdirilməsi ilə toluolun sintezi” mövzusunda doktorluq dissertaiyasını müdafiə etmişdir. 1943-cü ildə “Neft-kimyası” ixtisası üzrə professor adına layiq görülmşdür. Onun doktorluq dissertasiyası trotil partlayıcı maddəsinin alınması üçün ilkin xammal olan toluolun sənaye miqyasında istehsal prosesinə həsr edilmişdir. Toluol müharibəyə qədər xaricdən alınırdı. Lakin müharibə illərində bu maddənin satışı dayandırıldığı üçün ölkə kimyaçılarının qarşısında toluolun alınması problemi kəskin şəkildə qoyulmuşdur. Respublikamızda bu məsuliyyətli işin həlli Y.H.Məmmədəliyevə tapşırılmışdı. Yusif Məmmədəliyev Bu şərəfli işin öhdəsindən ləyaqətlə gələrək, benzolun metilxlorid və ya alüminiumun xlorid katalizatoru iştirakı ilə alkilləşdirilərək yüksək çıxım ilə toluolu sənaye miqyasında istehsal edilmişdi.
Yusif Məmmədəliyev ilk dəfə olaraq aromatik karbohidrogenlərin doymamış karbohidrogenlər ilə alkilləşməsi üçün sulfat turşusundan katalizator kimi istifadə etmişdir. Bu proses əsasında sənaye miqyasında zavod inşa olunaraq, yüksək oktan ədədli izopropilbenzol istehsal edilmiş və SSRİ Müdafiə Nazirliyini yüksək keyfiyyətli aviasiya benzini ilə təmin edən komponent əldə edilmişdi. Onun bu sahədə apardığı tədqiqatlar dövlət tərəfindən yüksək qiymələndirilmiş, 1944-cü ildə Lenin ordeni ilə, 1946-cı ldə isə Stalin mükafatı ilə mükafatlandırılmışdır.
Yusif Məmmədəliyev alkinlləşmə reaksiyalarında şəraitin, katalizatorun təbiətinin, aromatik karbohidrogenlərin və doymamış birləşmələrin quruluşunu və reaksiyaya girmə qabiliyyətini müasir üzvi kimya nəzəriyyəci ilə izah etmiş, reaksiyaların kinetikasını tədqiq etmiş və onların ion mexanizminə dair dərin mülahizələr söyləmişdir. O, sübut etmişdir ki, alkinlləşmə reaksiyaları ion mexanizmi ilə gedir. O, həttda benzolun propilen ilə sulfat turşusu iştirakı ilə alkilləşmə reaksiyasının kvant kimyası mülahizələrinə əsaslanaraq mexanizmini vermişdir. Mübaliğəsiz olaraq onu qeyd etmək yerinə düşərdi ki, dünya ədəbiyyatında alkilləşmə reaksiyalarını Yusif Memmedəliyev məktəbi kimi hərtərəfli tədqiq edən ikinci məktəbə çətin rast gəlmək olar.
Yusif Məmmədəliyev 1945-ci ildə yeni yaradılmış Azərbaycan EA-nın ilk kimyaçı akademiki seçilmiş və həmin ildə də Azərbaycan EA nəznində Neft İnstitutunu yaratmış və onun ilk direktoru işləmişdir.1947-ci ildə isə Azərbaycan EA prezidenti seçilmişdir. Həmin ildə, həmçinin SSRİ Neft Sənayesinin Texniki Şurasının sədr müavini vəzifəsində çalışmışdır. O, keçmiş SSRİ miqyasında ən nüfuzlu kimyaçıllardan biri olmuşdur, SSRİ “Bilik” Cəmiyyətinin xahişi ilə 1959-65 ci illərdə “SSRİ Kimya Sənayesi” kitabını yazmaq ona həvalə dilmişdir. 1950-ci ildə şəxsiyyətə pərəstişin etdiyi bir vaxtda , onu bəzi subyektiv səbəblərə görə prezident vəzifəsindən çıxarmışlar.O, 1951-1954-cü illərdə Azərbaycan EA Fizika, Kimya elmləri və Neft üzrə akademik katib vəzifəsində işləmişdir.
Yusif Məmmədəliyev 1934-cü ildən başlayaraq elmi-tədqiqat işləri ilə paralel olaraq Bakı Dövlət Universitetində (BDU) assistent, dosent və professor vəzifəsində çalışmışdır. 1945-ci ildə BDU-da Neft-kimyası kafedrasını yartamış və ömrünün axırına kimi ona rəhbərlik etmişdir. 1954-58-ci illdərdə BDU-nun rektoru olmuşdur. Onun rektor işlədiyi dövürlərdə fakultələrdə elmi-tədqiqat işlərinin , eləcə də tədrisin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Universitetin qabaqcıl ali məktəblər ilə, xususilə MDU ilə əlaqəsi xeyli genişlənmişdir. Yusif Heydər oğlu Məmmədəliyevin rektorluq dövründə BDU kimyaçı kadrlarının əksəriyyəti elmi-tədqiqat yolunu seçmiş, namizədlik və doktorluq dissertasiyası müdafiə etmişlər.
Akadmik Yusif Heydər oğlu Məmmədəliyevin yüksək elmi təşkilatçılığını nəzərə alaraq, 1958-ci ildə o, ikinci dəfə Azərbaycan EA-nın prezidenti seçilmişdir. O, qeyri-adi elmi təşkilatçılıq qabilyyətinə malik idi. Hələ 1947-ci ildə Azərbaycan EA-nın prezidenti işlədiyi vaxt akademiyada çalışanların sayını 1000 nəfərdən 5000 nəfərə çatdırmışdı. Onun təşəbbüsü ilə akademiyada Şamaxı Rəsədaxanası, Əlyazmalar Fondu yaradıldı. Onun rəhbərliyi ilə neft-kimya sahəsindəki tədqiqatları daha da dərinləşdirmək üçün V,V.Kuybşev adına Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitytu Azərbaycan EA Neft İnstitutu birləşdirildi və hazırda onun adını şərəflə daşıyan Neft –Kimya Prosesləri İnstitutu yaradıldı.
Akademik Yusif Məmmədəliyevin elmi fəaliyyəti heç də müxtəlif korbohidrogenlərin alkilləşməsi və halogenləşməsi reaksiyası ilə məhdudlaşmamaışdır. Onun tərəfindən, həmçinin Bakı neftlərinin benzin fraksiyaları katalitik aromatikləşdirilib, yüngül neft yağları katalitik yolla keyfiyyətini yaxşılaşdırıb və piroliz məhsullarını polimerləşdirməklə plastik kütlələrin alınması cahəsində fundamental tədqiatlar xusisi əhəmiyyət kəsb edir. Respublikamızda neft kimyasının, neft emalının və üzvi sintezsin banisirdir, həmçinin polimerlər kimyasının yaradıcısıdır. Böyük ensiklopedik bilik dairəsinə malik olan akademik Yusif Məmmədəliyevin elmi yaradıcılığı təkcə kimya elminin müxtəlif sahələrini əhatə edən çərçivədə qapanıb qalmamışdır. O, Naftalan nefitinin müalicəvi əhəmiyyətinə dair tədqiqatlar da aparmış, ilk dəfə olaraq müəyyən etmişdir ki, Naftalan nefitinin müalicəvi xassədi onun tərkibində olan 250-3280C intervalında qaynayan çoxhəlqəli birləşmələrlə əlaqədardır. Onun tərəfindən Binəqədi bitumları da tədqiq edilmiş və müəyyən edilmişdir ki, onların tərkibində azot olan bitki və heyvan mənşəli piqmentlər-porfirinlər mövcuddur. Bu isə neftin üzvi maddələrindən əmələ gəlməsi nəzəriyyəsini bir daha təsdiq edir.
Yusif Məmmədəliyevin daha bir maraq dairəsi elmin tarixin olmuşdur. Onun 1960-cı ildə qələmə aldığı “Azərbaycanda elmin inkişafı” kitabı bu sahədə yazılan əsərlərin təməl daşı olub, ilk dəfə 22 elmin inkişaf tarixi haqqında icmalıdır. O, Rusiyada, respublikamızda kimya eliminin tarixinə dair bir sıra məqalələr, məruzələr və s. yazmışdır. Onun 1951-ci ildə öz müəllimi, akademik N.D.Zelinskinin həyat və fəaliyyətindən bəhs edən əsəri diqqətəlayiqdir. Rusiya neft-kimya elminin inkişafına dair məruzəsində Rusiya neft-kimya eliminin keçdiyi inkişaf mərhələlərinin və ayrı-ayrı görkəmli kimyaçı alimlərin neft-kimya eliminə verdiyi töhfələrin xronikasını ətraflı şərh etmişdir. Təssüflər olsun ki, onun “Polşada neft-kimya elmi” və “Neft əmələ gəlməsi və istifadə tarixi” məqalələri yarımçıq qalmışdır.
Akademik Yusif Məmmədəliyevin 30 illik elmi və pedaqoji fəaliyyəti 200-dən artıq çox sanbalı elmi əsərdə o cümlədən 6 monoqrafiyada əks edilmişdir. Onun əsərləri nəinki keçmiş SSRİ-də, hətta onun xaricində də yüksək qiymətləndirilmişdir. O, 36 elmlər doktoru və namizədi hazırlamışdır. Onun yetişdirdiyi aspirantlardan 3-ü Azərbaycan EA-nın həqiqi, 5-i isə müxbir üzvi seçilmişdir. O, ABŞ, Fransa, İngiltərə, Polşa, Monqolustan və digər ölkələrdə çağrılan Beynəlxalq elmi konqres və simpoziumlarda respublika kimya elmini ləyaqətlə təmsil etmişdir.
Akademik Yusif Məmmədəliyev görkəmli kimyaçı olmaqla bərabər, çoxçəhətli ictimai fəaliyyətdə olan dövlət xadimi olmuşdur. O, dəfələrlə seçkili orqanlarda seçilmiş və SSRİ Ali Attestasiya Komissiyasının üzvü olmuşdur.
1961-ci il dekabr ayının15-də mürəkkəb olmayan cərrahiyyə əməliyyatından sonra böyük amallarla yaşayan Yusif Məmmədəliyev 55 yaşında həyata vaxtsız vidalaş misdir.Lakin ölümündən keçən bu illər ərzində o, heç vaxt unudulmamış, çoxsaylı tədbirlərdə yad edilmişdir. Onun barəsində istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda görkəmli şəxsiyyətlər tərəfindən ən xoş fikirlər söylənilmişdir. Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev demişdir. “Yusif Məmmədəliyev millətini, xalqını həddən artıq sevən adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi. Təkcə biliyinə görə yox, davranışına görə də, zahiri görünüşünə görə də, insanlarla danışıq tərzinə görə də münasibətlərinə görə də, ziyalı idi. Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər.” Həyat Ulu Öndərin bu fikirlərini sübut elədi.
Yusif Məmmədəliyevin həyat fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, AMEA-nın sabiq prezidenti akademik Akif Əlizadə, akademik Azad Mirzəcanzadə, Xalq yazıçısı, akademik Mirzə İbrahimov, Xalq şairi Səməd Vurğun, Xalq şairi, akademik Bəxtiyar Vahabzadə, akademiklər Məmməd Cəfər, Fuad Qasımzadə, Murtuz Nağıyev, İsmayıl İbrahimov, Toğrul Şahtaxtinski, Əli Quliyev, Musa Rüstəmov, Rəfiqə Əliyeva, Nadir Seyidov, Mustafa Topçubaşov, Çingiz Cuvarlı, İmam Mustafayev, AMEA-nın müxbir üzvü Mustafa Salahov və s. bu kimi görkəmli şəxsiyyətlərin də dəyərli fikirləri vardır.
Qeyd edildiyi kimi, Yusif Məmmədəliyevlə bağlı respublikamızdan kənarda yaşayan bir çox görkəmli şəxsiyyətlərin və dəyərli fikirləri vardır. Məsələn, Yusif Məmmədəliyevin müəllimi, akademik Nikolay Zelinskinin, SSRİ EA-nın 1936-1945- ci illərdə prezidenti olmuş akademik Vladimir Komarovun, Fransız Kimya Cəmiyyətinin prezidenti Arman Latın, Misir Neft Tədqiqatları İntitutunun direktoru, professor Əhməd Məhəmməd Əl-Sabahın və s. Akademik Yusif Məmmədəliyevin xatirəsini əbədləşdirmək məqsədi ilə hökümətimiz Azərbaycan MEA Neft-Kimya Prosesləri İnstituna, Şamaxı Rəsənxanasının yerləşdiyi elmi qəsəbəyə, Ordubad İpək Kombinatına və Bakı küçələrindən birinə onun adını vermişdir. Naxçıvan Dövlət Universitetində və Ordubad şəhərində muzeyi açılmış, büstü qoyulmuşdur. Bakıda İstiqlal küçəsində, Azərbaycan MEA Rəyasət Heyəti binasının yanında heykəli qoyuluşdur. Qədirbilən xalqımız akademik Yusif Məmmədəliyevin xatirəsinə həmişə uca tutmuş və bundan sonra da belə olacaqdır. Onun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2025-ci il tarixli Sərəncamı bunu bir daha sübut edir.

Tofiq Əliyev,
AMEA-nın müxbir üzvü, professor NDU, Təbii Ehtiyatlar İnstitutunun baş direktoru