Kiyevə sursat tədarükündə gecikmələr bir aydan on səkkiz aya qədərdir.
“İki sahil” xəbər verir ki, bu barədə Pentaqonun "Ukraine Security Assistance Initiative" (USAI) proqramının icrasına dair aparılan yoxlamanın hesabatında deyilir.
"Sursat tədarükünə dair beş müqavilə üzrə podratçılar məhsulu bir aydan on səkkiz aya qədər gecikmə ilə çatdırıblar və tədarük həcmi üzrə öhdəlikləri yerinə yetirməyiblər", – sənəddə qeyd olunub.
Hesabatdakı məlumata görə, ötən ilin 30 noyabrına qədər 336 mindən çox mərmi çatdırılmamış qalıb. Bu göstərici sifariş olunan həcmin 55 faizindən çoxunu təşkil edir. Yoxlama ümumi dəyəri 1,9 milyard dollar olan yeddi müqaviləni əhatə edib, onların 1,6 milyardı sursatlara ayrılıb.
İnspektorlar qeyd ediblər ki, hərbi rəsmilər podratçıların çətinliklərindən xəbərdar olduqları halda sifarişləri təsdiqləyiblər. Onların etirafına görə, müəyyən edilmiş müddətlər "əvvəldən qeyri-real ola bilərdi". 2025-ci ilin iyununa qədər podratçılar əlavə olaraq təxminən 328 min vahid çatdırıblar ki, bu da ilkin çatışmazlığın, demək olar, tam aradan qaldırılmasına səbəb olub – ümumi göstərici planın 98 faizinə çatıb.
Bununla belə, qalan tədarüklərin başa çatma tarixləri açıqlanmır. İnspektorlar dəqiqləşdiriblər ki, müqavilə öhdəliklərinin yerinə yetirilməsi Ukraynada müharibənin başlamasından sonra sursata artan tələbat səbəbindən çətinləşib.