27 noyabr 2025 11:19
108

YAP Sumqayıt şəhər təşkilatında “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatında partiyanın 33 illik fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi təşkil edilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik irsinin daha dərindən öyrənilməsi və gənclər arasında geniş təbliği məqsədi daşıyır.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məşğələdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.

Çıxış edən Ramiz Hüseynov qeyd edib ki, “Heydər Əliyev Məktəbi” Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını sistemli şəkildə öyrənmək baxımından əhəmiyyətli platformadır. O bildirib ki, bu ideoloji məktəbin əsas hədəflərindən biri gənclərin milli dövlətçilik proseslərinə fəal şəkildə cəlb olunmasıdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Heydər Əliyev – milli dövlətçiliyimizin memarıdır” mövzusunda məruzə ilə çıxış edib. Şəhər rəhbəri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası Azərbaycanın müasir dövlət idarəçiliyinin təməlini təşkil edir. Onun strateji siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin hərtərəfli tərəqqisinə xidmət edir.

Zakir Fərəcov bildirib ki, Heydər Əliyevin yaratdığı dövlətçilik modeli milli maraqların qorunmasını, xalq-dövlət birliyinin möhkəmləndirilməsini və ölkənin dayanıqlı inkişafını təmin edən mühüm ideoloji sistemdir. O əlavə edib ki, gənclərin vətənpərvər ruhda formalaşması, dövlətçilik ideyalarına bağlılığı və ictimai-siyasi proseslərdə fəal iştirakı Sumqayıt şəhərində həyata keçirilən fəaliyyətin əsas prioritetlərindəndir.

Tədbir çərçivəsində gənclərin iştirakı ilə interaktiv müzakirələr aparılıb, dövlət quruculuğu prosesləri və Ulu Öndərin siyasi irsinin müasir dövrdə tətbiqi ilə bağlı suallar cavablandırılıb.

Məşğələ Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.