Bu gün dünyada müəyyən qüvvələr medianın və sosial şəbəkələrin imkanlarından istifadə edərək qərəzli məlumatlar və dezinformasiyalar yayırlar. Belə hallara qarşı effektiv mübarizə üsullarından biri tərəfdaş dövlətlərlə əməkdaşlığın gücləndirilməsidir. Bu baxımdan noyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumunun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Türk Dövlətləri Təşkilatının Media Forumu dost və qardaş ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar açan yeni əməkdaşlıq platformasıdır. Tədbir türkdilli ölkələrin media nümayəndələrini bir araya gətirərək informasiya mübadiləsinin gücləndirilməsi, ortaq media gündəminin formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi baxımından önəmli platforma rolunu oynayır. Forum çərçivəsində iştirakçılar regional media siyasəti, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və medianın inkişaf perspektivləri barədə geniş müzakirələr aparıblar. Bakının bu mühüm toplantıya ev sahibliyi etməsi isə Azərbaycanın regional media mərkəzi kimi mövqeyini bir daha gücləndirib.
Sözügedən Media Forumu çərçivəsində “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusunda panel sessiya baş tutub. Türkdilli ölkələrin media və kommunikasiya sahəsində əməkdaşlığını gücləndirməyə xidmət edən bu panelə “AnewZ” beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib.
Paneldə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, media yaranan gündən etibarən təhdid və təzyiqlərlə üz-üzə qalaraq formalaşıb. Medianın peşəkarlığı da məhz bu çətinliklər fonunda inkişaf etmək və mövcudluğunu qorumaq bacarığında özünü göstərir. Natiq Məmmədli, həmçinin süni intellekt əsasında yaradılan feyk xəbərlərin sürətlə çoxalmasının medianın fəaliyyətində ciddi təhdidlərdən birinə çevrildiyini qeyd edib.
Qazaxıstan Respublikasının “Xabar” agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov isə bildirib ki, dezinformasiyanın əsas məqsədi cəmiyyətdə formalaşan fikir və rəylərə təsir göstərmək, ictimai qavrayışı manipulyasiya etməkdir. O vurğulayıb ki, dezinformasiya olduqca təhlükəli bir fenomendir və dövlətlərin informasiya təhlükəsizliyinə, ictimai sabitliyinə və qərarvermə proseslərinə ciddi təsir göstərir.
Tədbir çərçivəsində aparılan müzakirələr iştirakçılara media sahəsində qarşıya çıxan çağırışları qiymətləndirmək, süni intellekt və digər texnoloji yeniliklərin informasiya təhlükəsizliyinə təsirini dəyərləndirmək və türkdilli dövlətlər arasında əməkdaşlığı daha da möhkəmləndirmək imkanı verib.
Forumda çıxış edən Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratovanın fikrincə, media savadlılığı yalnız düzgün məlumatı yanlış məlumatdan ayırmaqla məhdudlaşmır. Ona görə də media savadlılığına, həmçinin biz nəyi yayımladığımızı, tənqid əsasında düşünə bilib-bilmədiyimizi, məlumatı olduğu kimi qəbul edib-etmədiyimizi və ya ona fərqli yanaşma tətbiq edib-etmədiyimizi müəyyən etmək də daxildir. Kalmuratova vurğulayıb ki, informasiyanı həzm etməyi bacarmaq vacibdir. O qeyd edib ki, bu gün rəqəmsal media savadlılığı, süni intellektin təsiri və informasiya təhlükəsizliyi xüsusi önəm daşıyır. Məhz buna görə də TDT-nin işçi qrupu media savadlılığının artırılmasını fəaliyyət planına daxil edib. Bu addım təsadüfi deyil və müasir informasiya mühitinin çağırışlarına cavab verir. Qırğızıstanda feyk məlumatlardan qorunmaq haqqında qanun mövcuddur və bu sənəd artıq üç ildir qüvvədədir. Əgər informasiya agentliyi hansısa şəxsin şərəf və ləyaqətini pozursa, müvafiq quruma müraciət etmək mümkündür. Biz həmin məlumatı iki ay müddətinə bloklamaq səlahiyyətinə malikik, əgər agentlik dövlətdə qeydiyyatdan keçibsə. Lakin Feysbuk və İnstaqram kimi sosial şəbəkələrdə belə bir mexanizmimiz yoxdur.
Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir bildirib ki, bəzən saxta xəbərlər və manipulyativ məlumatlar yalnız gündəlik informasiya axınında deyil, hətta müxtəlif “komplo nəzəriyyələrinin” yaranmasında da istifadə olunur. O qeyd edib ki, informasiya dövrü artıq elə bir mərhələyə gəlib çatıb ki, peyk və kosmik texnologiyalar media ekosisteminin ayrılmaz hissəsinə çevrilib:“Siz yüksək peşəkar jurnalistlər yetişdirə və güclü media ekosistemi qura bilərsiniz, lakin əgər kosmosda, yəni peyk texnologiyaları sahəsində mövcud deyilsinizsə, Yer üzərində də tam güclü informasiya mövqeyinə sahib ola bilməzsiniz. Hazırkı şəraitdə peyk texnologiyalarının media sahəsinə təsiri son dərəcə böyükdür. Bu gün süni intellekt texnologiyaları ilə peyk infrastrukturunun inkişafı eyni səviyyədə irəliləyir. Əgər kosmos müstəvisində rəqabət qabiliyyətimiz yoxdursa, yayımladığımız xəbərlər və qurduğumuz əlaqələr də öz əhəmiyyətini itirə bilər. Bu böyük dəyişikliyə uyğunlaşmaq üçün isə, ilk növbədə, yerli potensialın gücləndirilməsi əsas şərtdir.”
Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı fikirlərini belə ifadə edib: “Bizim dövlətimiz 40 ildir mövcuddur və müxtəlif təşkilatlarda təmsil olunmuşuq. Tarixə nəzər salsaq, yanlış informasiyanın hər birimizin üzləşdiyi bir problemə çevrildiyini görə bilərik. Təşkilata üzv olduqdan sonra isə özümüzü daha güclü hiss etdik. Bu təşkilat vasitəsilə daha güclü ola bilərik və Türk dünyası üçün çox işlər görə bilərik. Ancaq hələ istədiyimiz səviyyəyə çatmamışıq”.
Müzakirələr zamanı iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması və dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini vurğulayıblar. Qeyd olunub ki, müasir informasiya mühitində məlumatın etibarlılığını qiymətləndirmək, tənqidi düşünmə və analitik bacarıqları artırmaq, rəqəmsal media tendensiyalarını operativ şəkildə mənimsəmək, həmçinin türk dövlətləri üzrə davamlı və təhlükəsiz media ekosistemini formalaşdırmaq xüsusi əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, ortaq tarixi və mədəni bağlara malik türk dövlətləri arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq yalnız məlumat mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda vahid media standartlarının formalaşdırılmasını, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsini və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini də əhatə edir. Belə addımlar müasir informasiya çağırışlarına adekvat reaksiya verilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizənin effektivləşdirilməsi, həmçinin türk dövlətləri üzrə davamlı və təhlükəsiz media ekosisteminin formalaşdırılması baxımından vacibdir.
Müzakirələr göstərir ki, türk dövlətləri üçün güclü və etibarlı media mühiti qurmaq həm informasiya təhlükəsizliyi, həm də mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət daşıyır. Əməkdaşlığın dərinləşdirilməsi, peşəkar standartların yüksəldilməsi və texnoloji imkanlardan səmərəli istifadə, dövlətlərin yalnız daxili informasiya məkanında deyil, beynəlxalq arenada da mövqeyini gücləndirməyə xidmət edir. Bu istiqamətdə atılacaq hər bir addım, türk dövlətləri arasında birliyi və vahid media strategiyasını möhkəmləndirərək gələcəyə daha dayanıqlı media ekosistemi yaradılmasına zəmin hazırlayır. Forumda səslənən ideyalar, irəli sürülən təkliflər və birgə təşəbbüslər gələcəkdə türk dövlətlərinin informasiya siyasətində əhəmiyyətli rol oynayacaq.
Şəmsiyyə Əliqızı, “İki sahil”