02 dekabr 2025 02:31
59

Köstəbək

və ya yüksək vəzifəli manqurt

Ömrünün çox hissəsini yerin altında keçirən köstəbək nadir hallarda üzə çıxır. İnsanların gözünə gğrünmür. O, qaranlıqda hər tərəfə iki yüz metr lağım atmaqla fermer təsərrüfatlarına, əkinlərə, qazon sahələrinə ziyan vurur. Bəzi insanlar da belədir. Ancaq belə insanlar gizli həyatı yerin üzərində keçirir, gün işığında, çil-çıraqlı saraylarda özlərini məharətlə gizlətməyi bacarır, cəmiyyətə daha ciddi ziyanlar vururlar.

İkinci aydır ki, dövlətə xəyanət ittihamı ilə barəsində ev dustaqlığı seçilmiş Ramiz Mehdiyev də köstəbək həyatına oxşar bir ömür yaşayıb. Lakin məntiqi sonluğa çatıb. Sirlər açıldıqca hansı şəxsi keyfiyyətlərə malik  olduğu aşkara çıxır. Törətdiyi xəyanət və nalayiq işlər barədə söz-söhbətlər, ittihamlar günbəgün artır, saxta simasını əsl simasından ayırıır. Yayılan məlumatlardan biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vaxtilə Yaxın Şərqdə tanınmış türkoloq alim Tofiq Hacıyevə yaratdığı əngəllərlə bağlıdır.

Bu haqda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev bəhs edib. O, Ramiz Mehdiyevin Tofiq Hacıyevin Milli Elmlər Akademiyasının alimləri sırasına düşməsinə mane olduğunu, ona daim təzyiq göstərdiyini qeyd edib. Çünki aparat rəhbərinin xalqına, torpağına bağlı milli kadrlardan xoşu gəlmirdi. Onun “qara syahı” sında görkəmli dilçi alim Tofiq Hacıyev öndə idi.

Baş redaktor yazır ki, 2001-ci ildə Azərbaycan Milli Ellmlər Akademiyasına seçkilər keçirilirdi: “Seçkinin nəticəsi ilə maraqlanan Ulu Öndər Heydər Əliyevə məruzə edilərkən Ümummilli Lider: - Bəs Tofiq Hacıyev nə oldu?- deyə soruşub.

Milli xarakterli adamlara "xüsusi" münasibəti olan Ramiz Mehdiyevın "əqidə" ortağı Fatma Abdullazadə (Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri -red.) saxtakarlıqla bildirib ki, səsvermənin yekunlarına görə Tofiq Haçıyev seçilə bilmir.

 Heydər Əliyev qətiyyətlə tapşırıb ki, diliçilik üzrə əlavə bir yer ayırın, Tofiq Hacıyev mütləq Elmlər Akademiyasında təmsil olunmalıdır. Beləliklə, Heydər Əliyevin təkidi və dəstəyi ilə Tofiq müəllim həmin il Akademiyanın müxbir üzvü seçildı", - Alqış Musayev bildirib.

Professor Tofiq Hacıyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 

Ancaq məsələ bununla bitməyib, 2001-ci il olayını unutmayıb. Türkologiyaya həsr olunan yığıncaqlardan birində “türk” sözünün işlənməsinə qarşı çıxan Ramiz Mehdiyev “mən türk deyiləm” deyib. Akademik Tofiq Hacıyev ayağa qalxaraq onun düz gözlərinin içinə baxaraq  kəskin cavab verib: “Ramiz müəllim, siz özünüzü türk saymırsınızsa bu, sizin öz işinizdir. Amma mən türkəm və bununla fəxr edirəm”. O vaxt PA rəhbərinin üzünə qarşı belə kəskin və öldürücü fikir söyləmək hər kişinin işi deyildi. Həm də yüğüncaqda. Görkəmli türkoloqun nüfuzundan çəkinən Mehdiyev cavab qaytarmamışdı.

Xalqını sevən və onun məhəbbətini qazanan akademik Tofiq Hacıyev AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru,1984-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb.  Onu da deməliyik ki, hörmətli akademiki türk ölkələrinin bütün dilçi alimləri tanıyır və yüksək qiymətləndirirdilər.

Qeyd etmək lazımdır ki, Ramiz Mehdiyev tutduğu yüksək mənsəbdən istifadə edərək türkçülüyə qarşı çıxır, bu əqidədə olanları bütün gücü ilə sıxışdırırdı. O, özünü Ənvəroviç kimi aparır, ətrafındakılara da başa salırdı ki, ona bu soyadda müraciət etsinlər. Yəni, layiqli adamların ayaqlarının altını qazan yüksək vəzifəli manqurd idi, türk dilinə sayğısızlığını, başqa dilə sevgisini heç gizlətmirdi də. Yüksək vəzifələrdə işlədiyi uzun illərdə bir dəfə olsa qardaş Türkiyəyə səfər etməməsinin də səbəbi bu idi.

Ümummilli Liderimiz Heydər Əliyevin kadrlarından biri olan Zöhrab Məmmədov Qubadlı və Abşeron rayonlarında raykomun birinci katibi vəzifələrində işləyib. Azərbaycan Ali Sovetinin deputatı seçilib, dörd ordenlə, medallarla təltif edilib. Rəhbər işlədiyi on il müddətində həmin rayonların iqtisadiyyatını qaldırıb, böyük əmək nailiyyətləri qazanıb, sadə zəhmət adamlarına qayğı göstərib. Lakin təlxəklik edərək xalqını ələ salan Əbdürrəhman Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyəndə Zöhrab Məmmədovu Ulu Öndərin tərəfdarlarından biri kimi vəzifəsindən azad edib. Ancaq o, Vəzirovun ədalətsizliyini və haqsızlığını sübut edərək vəzifəsinə bərpa olunsa da Kommunist Partiyası artıq ləğv edilmişdi. Bu səbəbdən Zöhrab Məmmədov o vaxtkı mürəkkəb siyasi prosesdən uzaqlaşaraq Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdı.

İyirmi beş il sonra bir gün dostlarından biri ondan soruşmuşdu ki, vəzifəyə getməyə, Milli Məclisə deputat seçilməyə niyə təşəbbüs göstərmir. Axı, yüksək dairələrdə onu tanıyırlar, hörmətini saxlayırlar. Zöhrab Məmmədov bildirmişdi ki, bir dəfə Heydər Əliyevin, Ramiz Mehdiyevin və üçüncü bir şəxsin iştirakı olan söhbətdə söz ondan düşəndə Ramiz Mehdiyev dərhal demişdi ki,-Əşi, Zöhrab da getdi qoşuldi Faiq Bağırzadəyə. Yəni, yaxşı olmayan mənada. Heydər Əliyev bu sözdən sonra heç bir münasibət bildirməmişdi. Bu söhbətdən sonra Zöhrab Məmmədov başa düşmüşdü ki, Ramiz Mehdiyev ona qətiyyən irəliləməyə  imkan verməz. Çünki Mərkəzi Komitədə işlədiyi müddətdə onun necə qərəzli və namərd tip olduğunu yaxşı bilirdi. Odur ki, gələcək qalmaqallardan uzaq olmaq üçün perspektivdən əl çəkərək sahibkarlıq fəaliyyətini seçmişdi.

Xəmiri ədalətsizlikdən, pislikdən və xəyanətdən yoğrulmuş Ramiz Mehdiyev onlarla layiqli kadrı ya ləkələyib sıradan çıxarmış, ya da inkişaf etməsinə yol verməmişdi. Elə bil mərdimazarlıq, küstahlıq bu adamın lap boyuna biçilib. Ləyaqətli, savadlı, idarəetməni yaxşı bilən, bacarıqlı insanlara düşmən kəsilməyi özünə vəzifə etmişdi, sanki onu bura hansısa yad bir ölkədən xalqa pislik etmək üçün göndərmişdilər. Gizlində saxladığı bir çox mərdüməzar işlərin olduğu açıq görünür və ifşa olunur. İndi bir-bir aşkara çıxır ki, xalqına, soy-kökünə qırılmaz tellərlə bağlanan qeyrətli  soydaşlarımızı gözü götürmürmüş. Ona görə də onların vəzifəyə gedən yollarının üzərində qaratikan kolutək bitibmiş. Haqqında danışılan saysız-hesabsız məlumatlar açıq göstərir ki, ömrü boyu yalquzaq kimi tək yaşamış, qohum-əqrəbasını, kəndçilərini, əsgərlik yoldaşlarını belə həndəvərinə yaxın buraxmamışdır. Suçu olmayan insanlardan qaçmaz. Bunlara da aid çox məlumatlar var.

Daha dəhşətlisi budur ki, 87 yaşına gəlib çatmış bu adam ” yağ yeyib yaxada gəzdiyi” ölkəsində dövlətə xəyanətdə ittiham olunur. Yəqin Allah ona ixtiyar yaşında da istədiyi həyatı qismət edib. Yəni, həyat yoldaşı nəzərə alınmasa tək yaşayır, evdən bayıra çıxmır və ya çıxa bilmir. Bilir ki, camaat içərisinə çıxsa onu tüpürcək selinə qərq edərlər. İndiyədək özünü və murdar əməllərini nə qədər gizlətsə də iyli-qoxlu işlərindən bütün xalq danışır və lənətləyir. Görünür, o, düşünürmüş ki, gizli saxladığı xəyanətləri və bəd əməlləri heç vaxt açılmayacaq. Əksinə, özünü hamıdan ağıllı sayan “boz kardinal” tamamilə yanılırmış.

Deyilənlərə görə, o, ölkənin iki-üç mötəbər kürsünün birində oturub xarici ölkəyə rezidentlik edirmiş. Yəqin bilmirmiş ki, bu dünyada açılmayan sirr qalmır. Görəsən dövlətə xəyanətə görə ev dustağı olan Ramiz Ənvəroviç övladlarının, nəvələrinin üzünə necə baxacaq? Onu belə işə vadar edən nədir? Varidatını saymaqla qurtarmayan Ənvəroviçin daha nəyi çatmırdı ki, dövləti cinayətə də gedirdi? Bəyəm insanın nəyisə çatmayanda xəyanət etməlidir? Ənvəroviçin isə dəyəri yüz milyonlarla ölçülən səvvəti var.

Yuxarıda söylədiyimiz bu kimi əhvalatların sayı-hesabı yoxdur. Bunlar xalq arasında yayılan söhbətlərdir və dəryadan bir neçə damcıdır. Yeri gəldikcə mövzuya qayıdacağıq. Qayıdacağıq ona görə ki, ibrəti-aləm olsun, daş altıda gizlənənlər özləri üçün nəticə çıxarsınlar.

İstintaq ortalığa yeni faktlar çıxarmaqdadır. Ancaq hiss olunur ki, daha çox acınacaqlı faktlar faş olacaq. Bizə gözləmək qalır.

Vəli İlyasov, “İki sahil”