2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda sülh sazişinin mətninin paraflanması prosesin strateji mərhələyə keçidini təmin etdi. Məhz Vaşinqton görüşü sayəsində sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu. Bununla da Azərbaycanın sülh prosesindəki fundamental iki şərtdən biri yerinə yetirildi. Bu mənada Ermənistan-Azərbaycan sülh prosesi hazırda tarixi bir mərhələni yaşayır. Elə Azərbaycan QHT nümayəndələrinin İrəvana və Ermənistanın ictimaiyyət təmsilçilərinin Bakıya səfərləri də regionda yaranmaqda olan yeni siyasi mənzərədən xəbər verir.
Xatırladaq ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.
Bütün bunların fonunda Azərbaycan siyasi və diplomatik imkanlardan maksimum istifadə edərək bölgədə sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atmaqda davam edir. Hətta Azərbaycan Ermənistan üçün maneəsiz yükdaşıma imkanları da yaradıb. Vətən müharibəsindən sonra sülh sazişinin imzalanmasının təşəbbüskarı da qalib Azərbaycan olub.
Hazırda Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün bir şərti qalır. Belə ki, Ermənistan konstitusiyasına düzəliş edərək Azərbaycana olan ərazi iddialarını aradan qaldırmalıdır. Çünki bu, hər şeydən əvvəl, Azərbaycanın ərazi bütövlüyünün tam hüquqi tanınması ilə yanaşı, həm də davamlı sülhün təminatı üçün zəruri şərtdir. Amma hələ də Azərbaycanın şanlı Zəfərini, həm də 23 saatlıq antiterror tədbirlərinin nəticələrini həzm edə bilməyən revanşistlər konstitusiyanın dəyişdirilməsi məsələsində aqressivlik nümayiş etdirirlər. Onların məqsədlərinin regionda sabitliyin bərqərar olmasını əngəlləmək və köhnə qarşıdurma mühitinə qayıtmaq olduğu açıq-aşkardır. Revanşistlər, o cümlədən Sarkisyan-Koçaryan cütlüyü, kilsə və onlara dəstək verən siyasi qüvvələr cəmiyyətdə çaşqınlıq yaratmağa, sülhün əleyhinə təbliğat aparmağa cəhdlər göstərirlər. Ancaq erməni xalqının böyük hissəsi bu çağırışlara laqeyd yanaşır, onlara etibar nümayiş etdirmir. Bütün çətinliklərə, yəni müxalifətin keçirdiyi aksiyalara, kütləvi itaətsizlik çağırışlarına baxmayaraq, bu yaxınlarda baş nazir Nikol Paşinyan Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində dövlət qulluqçularının iştirakı ilə keçirilmiş toplantıdakı çıxışında ölkənin yeni konstitusiyasının qəbulunun vacibliyindən, onun qəbulu ilə bağlı referendumun 2026-cı il iyulun 7-də, yəni parlament seçkilərindən sonra keçirilməsindən danışıb: “Bu, ona görə lazımdır ki, siyasi qüvvələr məsələ ilə bağlı öz mövqelərini ictimaiyyətə çatdıra bilsinlər”. O, həmçinin vurğulayıb ki, mən daxili legitimliyimizi gücləndirməyi fundamental məsələ hesab edirəm, bu da yeni konstitusiyanın qəbulunda öz əksini tapmalıdır. Amma o, bir məsələyə aydınlıq gətirməyib: referendum yolu ilə qəbulu planlaşdırılan əsas qanunda Azərbaycanın narahatlıqları nəzərə alınacaq, yoxsa yox? Yeri gəlmişkən, Paşinyan hakimiyyətə gəldiyi dönəmdən, yəni 2018-ci ildən konstitusiyanın demokratik legitimlik baxımından problemli olduğunu bildirib.
Bir məsələni də vurğulayaq ki, noyabrın 27-də İrəvanda Konstitusiya İslahatları Şurasının içlası keçirilib. Bu tədbirdə ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, konstitusiyanın yeni mətninin mart ayına qədər hazır olması nəzərdə tutulur. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində demişdi: “Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal olaraq sülh sazişi də imzalanacaq”. Bu isə o deməkdir ki, sülh sazişinin imzalanması üçün Ermənistanın bu ev tapşırığını yerinə yetirməsi günün tələbədir.
Qvami Məhəbbətoğlu, “İki sahil”