02 dekabr 2025 09:50
221

"KİA" "KamAZ"la toqquşub, ölən var

Bakıda avtomobillə yük avtomobili toqquşub.

“İki sahil” xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KİA" markalı minik avtomobilinin "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1991-ci il təvəllüdlü Bağırzadə Məhərrəm Dilafət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 1963-cü il təvəllüdlü Məmmədova Gəvahir İsmayıl qızı ölüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.