Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) öz üzvlərinin əmək hüquqlarının müdafiəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, yaradıcı insanların sosial vəziyyətinə diqqətin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirir.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Həmkarlarla 120 il” adlı yubiley tədbirində söyləyib. O bildirib ki, yollayışların verilməsi prosesi AHİK-in elektron rezervasiya platforması vasitəsilə tam rəqəmsallaşdırılıb. Artıq həmkarlarımız müalicə və istirahət mərkəzlərinə yollayışları sürətli, şəffaf və insan təması olmadan əldə edə bilirlər.
"2025-ci ilin ilk 9 ayı ərzində bu sahədə çalışan həmkarlarımız 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çox yollayışla təmin olunublar. Üzv təşkilatlarımız da bu prosesdən kənarda qalmayıb, öz fəaliyyətlərini yeniləyərək çevik və funksional idarəetmə modelinə keçiblər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı da bu istiqamətdə qabaqcıl təşkilatlardan biridir", - deyə Konfederasiyasının sədri vurğulayıb.