03 dekabr 2025 02:30
65

İnsanlarda streslə mübarizə qabiliyyəti niyə zəifləyir?..

Son illər insanların streslə mübarizə qabiliyyətinin ciddi şəkildə zəifləməsi həm psixoloqların, həm də sosial araşdırmaçıların diqqət mərkəzinə gəlib. Sürətlənən həyat ritmi, informasiya yükünün artması, iqtisadi qeyri-müəyyənlik və sosial gözləntilər insanların emosional davamlılığını zəiflədir, nəticədə stresə qarşı dözümlülük getdikcə aşağı düşür.

Mütəxəssislərin fikrincə, gündəlik həyatda yaşanan xırda, lakin ardıcıl gərginliklər artıq insanlar üçün ciddi psixoloji yük yaradır. Hər kəsin üzərinə qoyulan yüksək tələblər- daha çox işləmək, daha məhsuldar olmaq, daha sürətli qərar vermək emosional resursları tükəndirir. Xüsusilə sosial şəbəkələrdəki “qüsursuz həyat” təzyiqi, başqalarının ideallaşdırılmış həyatını izləmək insanların özünü adekvat şəkildə qiymətləndirməsini çətinləşdirir.

Streslə mübarizə mexanizmlərinin zəifləməsi bir çox sahələrdə özünü göstərir. İnsanlar adi problemlərə qarşı daha həssas olur, emosional reaksiyalar kəskinləşir, diqqət dağılır, yuxu pozuntuları artır. Bəzi hallarda isə insanlar özlərini tamamilə geri çəkirlər, sosial nühitdən uzaqlaşırlar və motivasiya itkisi yaşayırlar. Bu vəziyyət uzun müddət davam etdikdə psixoloji gərginlik tükənmişlik sindromu, depressiya və ya davranış pozuntuları kimi daha ciddi nəticələrə səbəb ola bilər.

Araşdırmalar göstərir ki, pandemiyadan sonrakı dövrdə insanların stresə adaptasiya qabiliyyəti daha da zəifləyib. Mütəmadi dəyişən iş rejimi, iqtisadi çətinliklər və gündəlik narahatlıqlar insanları davamlı gərginlik fonunda yaşamağa məcbur edir. Gənclər arasında xüsusilə yüksək səviyyədə stress müşahidə olunur. Bunun əsas səbəbləri işsizlik qorxusu, gələcək planlarının qeyri-sabitliyi və sosial müqayisə mədəniyyətinin güclənməsidir. Streslə mübarizə bacarığının zəifləməsi təkcə fərdi məsələ deyil, sosial mühitlə birbaşa əlaqəlidir. İctimai dəstək mexanizmlərinin zəifləməsi, ailədaxili ünsiyyətin azalması, insanların hisslərini paylaşmaqdan çəkinməsi problemə əlavə çətinliklər yaradır. Çünki insanın psixoloji davamlılığı təkcə şəxsi iradə ilə deyil, həm də onun ətraf mühitdən aldığı dəstək və anlayışla formalaşır.

Hazırda bir çox ölkələrdə iş yerləri və təhsil müəssisələri stress idarəetməsi ilə bağlı proqramlar tətbiq etməyə başlayır. Bununla belə, psixoloqlar bildirirlər ki, insanın emosional davamlılığını artırmaq üçün mühitin özündə də dəyişikliklər edilməlidir. Daha sağlam ünsiyyət, sosial dəstəyin gücləndirilməsi və informasiya yükünün idarə olunması streslə mübarizədə əsas faktorlardan biridir. Mövcud dinamika onu göstərir ki, insanların stresə qarşı müqavimətinin azalması yaxın illərdə də aktual sosial problem olaraq qalacaq.

Rəqabətli iş mühitində "tükənmişlik sindromu"   

Müasir əmək bazarında sərt rəqabət, yüksək gözləntilər və sürətlə dəyişən iş şərtləri tükənmişlik sindromunu cəmiyyətin əsas sosial problemlərindən birinə çevirib. Son illər iş həyatında psixoloji yüklənmənin artması həm ofis işçiləri, həm də fiziki əməklə məşğul olanlar arasında emosional və fiziki tükənməni daha görünən edir.

Mütəxəssislər qeyd edirlər ki, tükənmişlik sindromu təkcə yorğunluq deyil, uzunmüddətli psixoloji prosesdir. Davamlı stress fonunda insanın işə münasibəti dəyişir, diqqəti zəifləyir, məhsuldarlıq aşağı düşür və sosial münasibətlərdə gərginlik yaranır. Bir çox işçilər zamanla işdən uzaqlaşma, laqeydlik və özünə inamın azalması kimi əlamətlərlə üzləşir. Bu isə nəticədə həm işçinin sağlamlığına, həm də iş yerinin ümumi performansına ciddi təsir edir.

Rəqabətli iş mühitində tükənmişliyin artması iş yerlərində psixoloji rifahın təmin olunması məsələsini aktuallaşdırıb. Bir çox şirkətlər artıq iş yükünün balanslaşdırılması, qrafiklərin daha çevik tənzimlənməsi və əməkdaşlara psixoloji dəstək xidmətlərinin göstərilməsi kimi addımlara üstünlük verir. Bununla belə, bir çox sektorda problem hələ də kəskin olaraq qalır.

Dünyanın psixi sağlamlığının günümüzdəki mənzərsi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı yeni məlumatlara görə, dünya üzrə 1 milyarddan çox insan psixi sağlamlıq pozuntuları ilə yaşayır. Həyəcan pozunuları (anksiyete) və depressiya kimi narahatlıqlar insanlara psixolji, həm də iqtisadi zərərlər vurur. Bir çox ölkələr psixi sağlamlıq sahəsində siyasət və proqramlarını gücləndirsə də, insanların psixi sağlamlığını qorumaq və təşviq etmək üçün qlobal miqyasda daha böyük investisiya və addımlara ehtiyac var.

Anksiyete və depressiya kimi psixi sağlamlıq problemləri bütün ölkələrdə və cəmiyyətlərdə çox geniş yayılıb və bütün yaş qruplarından, gəlir səviyyələrindən olan insanları təsir edir. Bu xəstəliklər uzunmüddətli əlilliyin ikinci əsas səbəbi hesab olunur və sağlam ömür müddətinin azalmasına gətirib çıxarır. Psixi pozuntular həm xəstələr, həm də onların ailələri üçün tibbi xərcləri artırmaqla yanaşı, qlobal miqyasda ciddi iqtisadi itkilərə səbəb olur.

Təkcə 2021-ci ildə təqribən 727 000 insanın ölümünə səbəb olan intihar dağıdıcı bir nəticə olaraq qalır. Bu, bütün ölkələrdə və sosial-iqtisadi kontekstlərdə gənclər arasında əsas ölüm səbəbidir.

İnsanlar tükənmişlik sindromunun əlamətlərini çox vaxt adi yorğunluq kimi qəbul etdiyi üçün vəziyyət gec müəyyən olunur. Uzunmüddətli yorğunluq, işə marağın itməsi, qəzəb və ya aqressiyanın artması, yuxu pozuntuları və işdən qaçma davranışı bu sindromun əsas göstəricilərindəndir.

Şahnigar Əhmədova, "İki sahil"