2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər bütün ermənilərin katolikosu, subaylıq andını pozmuş II Qareginin istefası məsələsi ilə bağlı fikirlər Ermənistan mətbuatında yer almaqda davam edir. Bu günlərdə baş nazir Nikol Paşinyan yenidən II Qaregini tənqid atəşinə tutub: “O, katolikos deyil. Sadəcə bu titulu qanunsuz şəkildə mənimsəmiş bir şəxsdir!” Ermənistan parlamentinin spikeri Alen Simonyan isə jurnalistlərə açıqlamasında bildirib ki, 2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir. Yəni, Simonyan da bütün ermənilərin katolikosu II Qaregini istefa verməyə çağırıb. Bu, da o deməkdir ki, Paşinyan hökuməti hazırkı kilsə rəhbərini dəyişdirməkdə israrlıdır.
Hökumət iddia edir ki, II Qaregin ayrı-ayrı keşişlər vasitəsilə etirazlara və seçki proseslərinə təsir göstərir ki, bu da siyasətə müdaxilə kimi qəbul edilir. Elə bu kimi səbəblərə görə bir sıra kilsə xadimləri ilə yanaşı, II Qareginin qardaşı Gevorq Nersisyan, onun oğlu Ambarsum Nersisyan da həbs olunublar. Ermənistan mətbuatının məlumatına görə, ötən ayın sonunda onların həbs müddətlər uzadılıb (ata və oğul noyabrın 3-də saxlanılıb). Hətta II Qareginin iradəsindən kənar olaraq ruhanilər müxtəlif yerlərdə vəzifələrə təyin olunublar. Bu günlərdə Ermənistan parlamenti kilsənin təsis etdiyi "Şoqakat" telekanalının fəaliyyətinin dayandırılması barədə qərar da qəbul edib
Baş nazir Nikol Paşinyan noyabrın 27-də Erməni Apostol Kilsəsinin bir qrup yepiskopu ilə görüşüb. Görüşün yekunları ilə bağlı “Facebook” səhifəsində video paylaşan Paşinyan bunu “vacib görüş” adlandırıb. Bəzi məlumatlara görə, Paşinyan bütün ermənilərin katolikosu postuna iki namizəd də müəyyənləşdirib. Noyabrın 29-da isə bir qrup yepiskop və arxiyepiskop katolikosu vəzifəsindən könüllü olaraq istefa verməyə çağıran ictimai müraciətlə çıxış ediblər: “Biz kilsəmiz və xalqımız naminə katolikos II Qareginin mövcud vəziyyəti ayıq qiymətləndirəcəyini, könüllü olaraq istefa verəcəyini və yeni seçkilərin keçirilməsinə şərait yaranacağını gözləyirik”. Bir məsələni də vurğulayaq ki, hazırda sadə ermənilər həbslərə, onların fikirdaşlarının təşkil etdikləri tədbirlərə, həmçinin bu məsələ ilə bağlı atılan addımlara olduqca loyal yanaşırlar.
Baş verən olaylarda iqtidarın qətiyyətli mövqeyi aydın görünür. Bütün bunlar isə II Qareginin səlahiyyət dairəsinin daralmasından xəbər verir. Hətta hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lilit Stepanyan deyib ki, Ktriç Nersisyanın (bütün ermənilərin katolikosu II Qareginin) istefasına doğru gerisayım başlayıb. Deputatın fikrincə, müxalifət II Qareginin maraqlarını müdafiə edir, çünki onların hamısı eyni mənbədən (Rusiyadan) qidalanırlar. Amma bütün ermənilərin katolikosu II Qaregin təslim olmaq fikrində deyil. O, hətta mövqeyindən geri çəkilməyəcəyini də açıq şəkildə bildirib. II Qaregin dekabrın 10-12-də yepiskopların iclasını da çağırıb. İclasda Erməni Apostol Kilsəsi ətrafında baş verən son hadisələrin, kilsədaxili məsələlərin, həmçinin Nikol Paşinyan hökumətinin kilsəyə müdaxilə və təzyiqlərinin müzakirə olunacağı bildirilir. Politoloq Suren Surenyants bildirib ki, guya bu görüşün yekun nəticəsi təkcə kilsənin daxili həyatına deyil, həm də Ermənistanda gözlənilən siyasi və sosial hadisələrin məntiqinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə kilsənin Rusiya və Şimali Qafqazı, həmçinin Rostov-Don şəhəri və Krasnodar diyarını əhatə edən qondarma “Novo Naxçıvan” yeparxiyası da katolikosa dəstək nümayiş etdirib.
Şübhəsiz, II Qareginin bu kimi addımlar atmaqda əsas məqsədi Nikol Paşinyanın 2026-cı ildə keçiriləcək seçkilərdə məğlubiyyətinə nail olmaqdır. Hazırda kilsə bu istiqamətdə hərəkət edir. Lakin iqtidarın həyata keçiriyi tədbirlər deməyə əsas verir ki, kilsə və revanşist qüvvələr öz məqsədlərinə nail ola bilməyəcəklər.
Xatırladaq ki, bir müddət öncə Paşinyan subaylıq andını pozduğu üçün bütün ermənilərin katalikosu II Qareginin ümumerməni katolikosu vəzifəsində qalmasının yolverilməz olduğunu bildirməklə yanaşı, bu vəzifəyə növbədənkənar seçkinin keçirilməsinin zəruriliyini də vurğulamışdı. Baş nazir bildirmişdi ki, kilsə onun özü və ailəsi üçün müqəddəsdir, ona görə də heç bir hərəkəti kilsəyə qarşı yönəlməyib. Hədəf revanşist dairələrin maraqlarını müdafiə edən, erməni xalqının milli maraqlarına zidd addımlar atan, öz andını pozan II Qaregindir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Qafqazda Yeni Geopolitik Reallıq: Rusiya “köhnə qüvvələrdən” istifadə edə bilərmi?
Ramiz Mehdiyev oğlunu Patruşevlə niyə tez-tez görüşdürürmüş? - ŞOK FOTO YAYILDI