Audiovizual Şurada peyk yayımı həyata keçirməyən platforma yayımçılarının və sifarişli yayım xidməti provayderlərinin nümayəndələri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, Audiovizual Şuradan verilən məlumata görə, görüş platforma yayımı və sifarişli yayım xidməti sahəsində "Media haqqında" Qanunun tələblərinə əməl edilməsi vəziyyətinə həsr edilib.
Şuranın aparat rəhbəri Fazil Novruzov platforma yayımçıları və sifarişli yayım xidməti provayderləri, onların fəaliyyəti, bu fəaliyyətin hüquqi və tənzimləyici çərçivələri, lisenziyaların verilməsi və ləğv edilməsi qaydaları ilə bağlı ətraflı məlumat verib. Daha sonra Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi Kamran Əliyev "Media mühitində hüquqi tənzimləmələr, tələblər və gözləntilər" mövzusunda təqdimat edib. O, təqdimat zamanı platforma yayımçılarının "Media haqqında" Qanundan irəli gələn öhdəlikləri, yayım saatları ilə bağlı minimal tələblər, monitorinq və nəzarət prosesindən bəhs edib.
Görüşdə 2025-ci il ərzində aparılan monitorinqlər və nəzarət tədbirləri nəticəsində aşkarlanmış qüsurlar, çatışmazlıqlar və bunlardan doğan məsuliyyət məsələləri müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.