02 dekabr 2025 14:47
103

Qafqazda Yeni Geopolitik Reallıq: Rusiya “köhnə qüvvələrdən” istifadə edə bilərmi?

Ukrayna müharibəsi Avrasiyada güc balansını dəyişdiyi kimi, Qafqaz reqionunda da yeni suallar yaradıb. Müharibə dərinləşdikcə Rusiyanın öz təsir dairəsini bərpa etməyə çalışması ehtimalı daha çox müzakirə olunur. Kremlin postsovet məkanında “təzyiq alətləri” kimi tanıdığı üsullar isə məlumdur: zəif siyasi qruplar, parçalanmış müxalif strukturlar, daxili narazılıq ocaqları və informasiya müharibəsi.

Bu konteksdə Azərbaycan cəmiyyəti üçün ən vacib suallardan biri belədir: Rusiya yenidən Qafqaza qayıtmaq istəsə, hansı qüvvələrə arxalana bilər?

Tarix göstərir ki, Rusiya reqionda təsirini artırmaq istəyəndə yerli ictimai dəstəyi olmayan, amma özünü “alternativ” kimi təqdim edən qruplarla işləməyə meyllidir. Bu, müxtəlif ölkələrdə özünü sübut etmiş modeldir. Məsələn, Gürcüstanda – marjinal radikal birliklər, Moldovada – sistemdən kənar populist partiyalar, Ermənistanda – “köhnə elita”nın revanş cəhdləri.

Azərbaycan kontekstində isə bu cür  “zəif dayaqlı birliklər” vaxtilə Milyarderlər İttifaqı, Milli Şura, Ziyalılar Forumu kimi platformalarda özünü göstərmişdi. Onların heç biri real siyasi gücə çevrilmədi, lakin xarici mərkəzlər üçün hər zaman “potensial alət” kimi nəzərdə tutulurdu.

Bu gün baş verən proseslər – müxtəlif siyasi fiqurların ifşası, araşdırmalar, cinayət işləri – göstərdi ki, həmin strukturların içində zaman-zaman xarici təsirlərə açıq olan şəxslər mövcud olub.

Ramiz Mehdiyevin adının ötən ay geniş ittiham paketi ilə gündəmə gəlməsi təsadüfi deyil. Onun uzun illər ərzində rus siyasi dairələri ilə yaxın əlaqələri, postsovet şəbəkələrindəki təsiri və müəyyən qruplarla gizli münasibətləri bu gün yeni işıq altında dəyərləndirilir. Moskva üçün belə fiqurlar bir neçə səbəbə görə əhəmiyyətlidir. Belə ki, onların  sistemin içindən gəlməsi, keçmiş elitalar üzərində təsir imkanları, köhnə klan strukturlarını hərəkətə gətirmək bacarığı, informasiya manipulyasiyasında rolu.

Lakin son hadisələr göstərdi ki,  bu “dayaq xətti” artıq tamamilə dağıdılıb. Radikal çağırışlar edən siyasi qrupların xarici layihələr üçün maraqlı olması yeni məsələ deyil. Bu siyasi qrupların əsas xüsusiyyətləri ali məqsəd kimi siyasi sabitliyi sarsıtmaq iddiaları, informasiya müharibəsində alət kimi istifadə oluna bilmələridir. Amma bu strukturun ən böyük çatışmazlığı — cəmiyyət tərəfindən qəbul edilməməsidir. Buna görə də onların potensial xarici dayağa çevrilməsi real siyasi nəticə yarada bilmir.

Milli Şura platformasında birlik nümayiş etdirən Əli Kərimli və Cəmil Həsənlinin eyni siyasi xətt və paralel ritorika sərgiləməsi uzun illər ictimai müzakirələrin mövzusu olub. Onların və ətraflarının  sinxron çağırışları, eyni vaxtda aktivləşən informasiya kampaniyaları və xaricdən bəslənən ritorika fonunda müəyyən ekspertlər bu xəttin “kənar təsirlərə daha açıq ola biləcəyini” ehtimal kimi irəli sürüblər. Amma bu qruplaşmanın ən əsas çatışmazlığı dəyişmir;  onların geniş sosial bazası yoxdur, cəmiyyət onları real alternativ kimi qəbul etmir, təsir potensialları çox məhduddur. Bu səbəbdən radikal müxalifətin xarici güclərin dayağına çevrilməsi bütün cəhdlərinə baxmayaraq, nə praktik, nə də siyasi baxımdan  mümkün olmayıb.

Azərbaycan siyasi mühitində zaman-zaman belə iddialar dolaşıb ki, radikal müxalifətin bəzi fraqmentləri ilə köhnə elita qruplarının müəyyən informasiya epizodlarında üst-üstə düşən davranışları olub. Bu, əsasən eyni mövzuların paralel şəkildə qabardılması, sosial şəbəkələrdə sinxron kampaniyalar, dövlətə inamsızlıq yaratmağa yönələn mesajların bənzərliyi kimi faktlara əsaslanır.
Nəticə isə dəyişmir: bu kəsişmələr Azərbaycanın sabitliyini pozmağa qadir olmayan zəif zəncirdir.

Bu gün təkzibedilməz  bir reallıq var!  Azərbaycanda siyasi sabitlik güclüdür, iqtisadi müstəqillik möhkəmdir, 44 günlük müharibə ilə reqional nizam dəyişib, cəmiyyət xaos və radikalizmdən uzaqdır, köhnə elita tamamilə neytrallaşdırılıb.

Bu səbəbdən istər daxildəki,  istərsə də xaricdəki  destruktiv qüvvələrin  “köhnə qruplar vasitəsilə təsir yaratmaq” ssenarisi baş tuta bilməz. Bu gün reqionda baş verən geosiyasi proseslər göstərir ki, nə köhnə elita, nə radikal müxalifət, nə də emosional çıxışlarla gündəmə gələn fərdi fiqurlar Azərbaycan üçün təhlükə yaradan real siyasi gücə malik deyil. Azərbaycanın sabitliyi, iqtisadi gücü, cəmiyyətin həmrəyliyi və çevik dövlət institusiyaları ölkəmizə  hər hansı  təsir cəhdlərini minimuma endirir.

Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini