Azərbaycanın müstəqilliyi hər bir azərbaycanlı, hər bir vətəndaşımız üçün müqəddəs milli dəyərdir. Dövlətimizin suverenliyi, ərazi bütövlüüyü əleyhinə çıxanlar hər zaman qarşılarında xalq-hakimiyyət vəhdətini görüblər. Antikonstitusion hərəkətlər, dövlət çevrilişlərinə və hakimiyyətin zorla dəyişdirilməsinə cəhdlər dərhal ifşa olunub və cinayətkar əməllərə yol verənlər qanun qarşısında layiqli cəzalarını alıblar. Bu gün Azərbaycan regionda aparıcı mövqeyi ilə tanınan, qlobal səviyyədə ehtiramla qəbul edilən dövlətdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi 22 ildə respublikamızın sürətli inkişafını, xalqımızın sosial rifahının yüksəldilməsini və torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. Ərazi bütövlüyümüz bərpa edilib, torpaqlarımız üzərində milli suverenliyimiz təmin olunub. Qədəm qoyduğumuz mərhələdə respublikamız sürətlə inkişaf edir, regionda və dünyada mövqelərimiz daha da möhkəmlənir, dostlarımız və müttəfiqlərimizin sayı artır.
Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirdi.
Onun sözlərinə görə Azərbaycanın dövlətinin əsas uğurlarından biri bütün sahələrdə müstəqil siyasət yürütməsidir. Azərbaycan hansısa xarici mərkəzin orbitində fırlanan dövlət deyil. Ölkəmizin xarisi siyasət xətti respublikadan kənarda formalaşmır. Lakin əvvəlki dövrlərdə olduğu kimi respublikamızın əldə etdiyi uğurlar öz fəaliyyətini xarici ölkələrdən aldıqları təlimatlar əsasında quran antimilli qrupları narahat etməkdədir. Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyası adı altında fəaliyyət göstərən qrupun əməlləri təsdiq edir. Ümumiyyətlə, bu qrupun rəhbəri Əli Kərimlinin fəaliyyəti hər zaman antimilli müstəvidə olub. Bu tipli adamlar öz əməlləri ilə dövlətə və xalqa müxalif olublar. Onlar respublikamıza düşmən mövqedə olan xarici siyasi mərkəzlərlə əməkdaşlıq ediblər, onların tapşrıqlarını yerinə yetiriblər. Müxtəlif hadisələr zamanı, o cümlədən Azərbaycan beynəlxalq uğurlara imza atanda, respublikamızda seçkilər və ya mühüm beynəlxalq tədbir keçiriləndə bu qaragüruh qrup xaricdən aldığı təlimatlar əsasında respublikamıza qarşı qarayaxma kampaniyası həyata keçirməyə cəhd göstərib. Amma hər dəfə iflasa uğrayıb, ifşa olunub.
Mübariz Qurbanlı qeyd etdi ki, çox uzağa getmədən bu barədə çoxsaylı faktlar göstərmək olar. Məsələn, Vətən müharibəsi dövründə ölkədə olan bütün siyasi qüvvələr milli maraqlar ətrafında birləşdiyi halda Azərbaycan Xalq Cəbhəsi Partiyası adlanan qurum və Müsavat partiyası siyasi və milli birlikdən imtina etdilər. Çünki onların bağlı olduqları xarici mərkəzlərin hamısı Ermənistanın təəssübkeşləridir. Ona görə Vətən müharibəsi dövründə dövlətə və xalqa müxalif oldular, qələbəmizə kölgə salmağa çalışdılar. Əli Kərimlinin Rusiya sülhməramlılarının Azərbaycandan çıxmayacağı barədə cəfəng iddiaları isə riyakarlığın zirvəsi idi. Bu baxımdan Vətən müharibəsindəki qələbəmiz, torpaqlarımızda ermən separatizminə son qoyulması həm də Əli Kərimlinin və onun qaragüruh qrupunun növbəti məğlubiyyəti oldu. Xalq onların saxta simasını bir daha gördü. Müxalifətçilik vətənə, xalqa və milli maraqlara qarşı olmur. Əli Kərimlinin və onun qrupunun bu tipli fəaliyyəti təmsil etdiyi xalqa və vətəndaşı olduğu dövlətə xəyanətdən başqa bir şey deyil. Bu cür əməllər isə bağışlanmazdır. Bu günlərdə “Ramiz Mehdiyevin işi” ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Əli Kərimlinin və onun ətrafındakı şəxslərin əməllərinin yeni detallarının üzə çıxarılması bir daha göstərir ki, bunların bütün fəaliyyəti antikonstitusion hərəkətlərdən ibarətdir və dövlətə qarşı yönəlib.
Milli Məclisin deputatı bildirdi ki, hələ 2013-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində yaradılmış «Milli Şura» adlanan qurumun məhz Rusiyadan idarə olunduğunu görmək mümkün idi. Çünki Onlar Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu prezidentliyə namizəd göstərmişdilər və bunu məhz Rusiyanın tapşırığı ilə etmişdilər. O zaman seçki kampaniyasının gedişində «Milli Şura» adlı qurumun fitnəkarlığı, antiazərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirdiyi aydın görünməkdə idi. Bu qurumda birləşən Əli Kərimli, Cəmil Həsənli və digərləri seçki prosesinə və ölkəmizin maraqlarına zərbə vurmağa çalışmaqla məşğul idilər. Lakin xalq-hakimiyyət vəhdəti bu mənfur planı puça çıxardı. Son günlərdə yayılan məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən AXCP sədri Əli Kərimlinin evində axtarış tədbirləri həyata keçirilib. Aşkar olunan materiallar arasında “Milyarderlər İttifaqı” ilə əlaqələrə dair faktlar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun KİV-də olmayan ilkin variantı və digər sənədlər tapılıb. Məlumatlara əsasən axtarış tədbirləri Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparılıb. Bu proses çərçivəsində Cəmil Həsənli və digərləri də dindiriliblər. Əli Kərimli və AXCP üzvü Məmməd İbrahim barədə həbs qətimkan tədbiri seçilib.
Aparılan istintaq tədbirləri nəticəsində ağır dövləti cinayətlərdə ittiham olunan bu adamların əməllərinə hüquqi qiymət veriləcək və onlar layiqli cəzalarını alacaqlar.