04 dekabr 2025 02:31
83

Aİ-nin ali komissarı Zəngəzur dəhlizi barədə nə deyib?

Bu il avqustun 8-dən sonra Zəngəzur yolunun açılmasına böyük maraq göstərən ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında Vaşinqton razılaşmaları çərçivəsində Zəngəzur nəqliyyat kommunikasiyasını yüksək qiymətləndirərək hətta onu öz şərəfinə “Tramp yolu” (TRIPP) adlandırdı. Bununla da başda İran olmaqla bir neçə dövlət sərt mövqelərindən geri çəkilməli oldular. Çünki onların Azərbaycana qərəzi, yalnız korporativ maraqlarını üstün tutmaları göz qabağında idi. Digər tərəfdən də onlar Azərbaycanla Ermənistan arasında normal münasibətlərin qurulmasına əngəl törətmək niyyəti güdürdülər. Məsələn, qızışdırıcı İran rəsmiləri həmişə bəyan edirdilər ki, Zəngəzur dəhlizi onların “qırmızı xəttidir”. Molla rejimi regiona digər dövlətlərin gəlməsinə qətiyyən razı deyildi. Buna görə rəsmi Tehran Azərbaycanı şantaj və müharibə ilə təhdid edirdi. Lakin əbəs yerə. Azərbaycan heç kimdən qorxmur, öz müstəqil siyasətini inamla yeridirdi. Aparılan bu düşünülmüş siyasətin sonu Vaşınqtonda uğurla nəticələndi. İran və digər narazı ölkələr “səslərinin tonunu” aşağı salmalı oldular. “Tramp marşrutu” həm Ermənistanın, həm də Azərbaycanın mənafelərinə tam uyğundur. Bu, iqtisadi layihədir və bütün aidiyyəti dövlətlərə sərf edir. Ona görə də Çin, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələr Zəngəzur yolu layihəsini dəstəkləmişlər.

Bu günlərdə “Tramp marşrutu” layihəsinin reallaşdırılmasına Avropa İttifaqından (Aİ) da reaksiya bildirilib.

“Tramp marşrutu” layihəsinin icrası ABŞ və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsaslanır və Avropa İttifaqı bu məsələyə daha geniş regional əlaqəlilik çərçivəsində baxaraq ABŞ-la danışıqlar aparır.”

 Xəbər verilir ki, bunu Aİ-nin genişlənmə üzrə ali komissarı Marta Kos “Tramp marşrutu” (TRIPP) layihəsində Avropa İttifaqının mümkün iştirakı barədə danışarkən bildirib. O, bu yolun gələcək perspektivlərindən də bəhs açıb. “Burada Mərkəzi Asiyadan Avropaya gedən bir yoldan söhbət gedir. Söhbət cəmi 42 kilometrlik yol sahəsindən gedir. Bizim üçün vacibdir ki, gördüyümüz iş yalnız bu 42 kilometrlik hissə ilə məhdudlaşmasın, həm şərqə, həm də qərbə doğru uzanan bütün istiqamətləri əhatə etsin və bütün bu proseslər paralel şəkildə həyata keçirilsin”, – Marta Kos deyib.

O, həmçinin qeyd edib ki, Ermənistanın əhatəli əlaqəlilik baxımından ən prioritet hesab etdiyi məsələlərin siyahısını təqdim etməsi üçün həmin ölkənin ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyana müraciət edib. Xudatyan yaxın zamanda həmin siyahını təqdim edəcək. Təbii ki, bəri başdan məlumdur ki, görüləcək işlərin coğrafiyası daha genişdir. Buna işarə edən ali komissar Marta Koş daha sonra vurğulayıb: “Bizim də öz ideyalarımız var. Bu məsələləri Türkiyə və Azərbaycanla müzakirə edirik. Buna görə də işi hissələrə bölməyin mənası yoxdur. Lakin bu kontekstdə Amerika Birləşmiş Ştatlarının əməkdaşlığı və ya iştirakı sadəcə 42 kilometrlik dəmir yolunun tikintisindən qat-qat daha önəmlidir”.

Ali komissarın sözlərindən anlaşılır ki, ABŞ Cənubi Qafqaz regionunda Türkiyənin mövqeyini dəstəkləyir, başqa ölkələrin belə məsələlərə müdaxilə etməsinə yol vermək istəmir. Okeanın o tayında yaxşı bilirlər ki, Türkiyə bu regionda aktor rolunu oynayır.

Avropa liderləri bilirlər ki, Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında yerinə yetirir, yəni həmişə təhlükəsiz müttəfiq, etibarlı tərəfdaşdır. Azərbaycan Prezidenti İlham Əliyev indiyədək verdiyi bütün vədlərə detallarına qədər əməl edib. Ona görə də bir çox ölkələr Azərbaycanla iqtisadi əlaqələrin yaranmasına, genişlənməsinə və möhkəmləndirilməsinə maraq göstərir.

“Tramp marşrutu” hazırda dünyanın ən böyük iqtisadi layihələrindən biridir. Bu dəhliz az qala Avrasiya qitələrinin böyük hissəsini birləşdirəcəkdir. Bu isə sadəcə birləşdirmə deyil, ölkələrin mal-əmtəə mübadiləsini həm sürətləndirəcək, həm də tranzit xərcləri xeyli ucuz başa gələcəkdir. Bundan da əlavə, yolun keçdiyi ölkələr də hər il heç bir sərmayə yatırmadan külli miqdarda tranzit haqqı alacaqlar. Üstəgəl, həmin ölkələrin xalqlarının rifahı daha da yaxşılaşacaq, digər xalqlarla dostluq əlaqələri artacaq və güclənəcəkdir. Bir sözlə, “Tramp yolu” nəhəng humanist missiyaya çevriləcək, yüz milyonlarla insana firavanlıq və xoşbəxtlik gətirəcək.

Vəli İlyasov, “İki sahil”