“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Trans-Xəzər fiber-optik kabel xətti müxtəlif ölkələrin ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı yaradacaq
Hər ötən il rəqəmsallaşmanın sürətlənməsi, texnologiyaların inkişafı internet üzərindən milyonlara insanın ünsiyyət qurmasına, dövlət və özəl sektorun öz xidmətlərini onlayn platformalardan təqdim etməsinə, daha iri həcmli məlumatların ötürülməsinə, ticarətin elektronlaşmasına səbəb olur. İnternet infrastrukturu əsasən yerüstü, sualtı və peyk infrastrukturuna əsaslanmaqla mürəkkəb bir quruluşa sahibdir. Yerüstü infrastruktura Amerika və Avropada, eləcə də digər qitələrdə yerləşən İnternet Mübadilə Mərkəzləri (Frankfurt, Stohkolm, Amsterdam, London, İstanbul, Nyu York, və s. şəhərlərdə yerləşən mərkəzlər), informasiyanın toplandığı Data Mərkəzlər, İnternet Servis Provayderlərinin binaları, baza stansiyalar, eləcə də onları birləşdirən yerüstü magistral fiber-optik kabel xətləri daxildir. Sualtı infrastruktura qitələri birləşdirən okean və dənizaltı magistral fiber-optik kabel xətləri daxildir. Peyk infrastrukturuna isə yerətrafı orbitdə yerləşən telekommunikasiya peykləri daxildir ki, onlar internet bağlantısı üçün siqnalı yerüstü mərkəzdən alaraq digər yerüstü mərkəzə ötürür və internet bağlantısının yaranmasını təmin edirlər. Hazırda dünya üzrə internet rabitəsinin 99 faizi məhz yerüstü və sualtı kabellər vasitəsilə verilir. İnternetin peyk üzərindən verilməsi xidmətindən isə az istifadə olunur. Çünki peykdən məlumat ötürülməsi gecikmə ilə müşayiət olunur və irihəcmli məlumatların verilməsində çətinlik yaranır. Peyk üzərindən bağlantı internet rabitəsinin qurulmasının coğrafi cəhətdən çətin olduğu və mümkün olmadığı ərazilər üçün əvəzedilməz xidmətdir.
XX əsrin sonlarında isə internet bağlantısının mümkün edilməsi üçün artıq okeanların dibi ilə magistral fiber-optik kabel xətlərinin çəkilişinə başlanılıb. Hazırda dünyada ən müxtəlif dövlətlər və şirkətlər tərəfindən çəkilən sualtı kabel xətlərinin sayı artır, internetə olan tələbat iri internet operatorları və kontent provayderlərini qitələr arasında uzunluğu minlərlə kilometr olan infrastruktur şəbəkəsi yaratmağa sövq edir. Məsələn, “Google” şirkətinin sahibi olduğu “Curie” kabel xəttinin uzunluğu 10.476 km dir. Kabel xətti ABŞ-ın Los Anceles şəhərindən Panamanın Bilbao şəhəri və Çilinin Valparaiso şəhərləri arasında çəkilib. Məlumat ötürmə gücü 72 terabit/s.dır. “Facebook”, “Microsoft” və “Telxius” şirkətlərinin birgə sahib olduqları və 2018-ci ildə istismara verilmiş 6605 km uzunluğunda olan “MAREA” kabeli isə ABŞ-ın Virciniya sahilindən İspaniyanın Bilbao şəhərinə qədər uzanır. Məlumat ötürmə gücü 160 terabit/s təşkil edir. “Amazon”, “Facebook”, “NTT Communications”, “PLDT”, “PCCW Global” və “SoftBank” şirkətlərinin birgə sahibi olduqları “JUPITER” magistral kabelinin uzunluğu 14.557 km, məlumat ötürmə gücü isə 60 terabit/s təşkil edir. Həmçinin, ölkələri birləşdirən qısa kabel xətləri də var. Məsələn, 2012-ci ildə istismara verilmiş, 131 km uzunluğunda olan “Celtix-Connect-1” dənizaltı kabel xətti Böyük Britaniya ilə İrlandiyanı birləşdirir.
Onu da qeyd edək ki, hazırda Xəzər dənizinin dibi ilə də magistral fiber-optik kabel xətlərinin çəkilməsi gündəmdədir. Trans-Xəzər fiber-optik kabel xətti adlanan layihə 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkəti tərəfindən irəli sürülüb. Transxəzər fiber-optik kabel xətti Asiya-Azərbaycan-Avropa arasında rəqəmsal bağlantını təmin edəcək. Bu ilin mart ayında Qazaxıstanın Baş naziri Oljas Bektenovun Azərbaycana səfəri çərçivəsində imzalanan mühüm sazişlərdən biri iki ölkə arasında rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan Trans-Xəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilədir. Müqaviləyə əsasən, Sumqayıt və Aktau şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda sualtı mobil kommunikasiya xətti inşa olunacaq. Bu rabitə platforması çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Rəqəmsal kabelin kommunikasiya təminatçıları iki ölkənin aparıcı telekommunikasiya şirkətləri olan “AzerTelecom” və “Kazakhtelecom”dur. Birgə operatorlar tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.
“Rəqəmsal İpək Yolu”
“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər fiber-optik kabel xətti təkcə iki ölkənin kommunikasiya layihəsi deyil, eyni zamanda, müxtəlif ölkələrin, o cümlədən Gürcüstan, Türkiyə, və Türkmənistan ərazilərindən keçməklə Asiya-Azərbaycan-Avropa regionları arasında yeni bağlantı hesab edilir. Bu layihə Xəzər-Asiya regionlarında ən optimal və qısa marşrut olmaqla ölkələr arasında kommunikasiya-rəqəmsal bağlantını təmin etməklə yanaşı, bölgədə çalışan biznes icmasının fəaliyyətində də yeni imkanlar açacaq. Belə ki, müasir kommunikativ arxitektura sayəsində biznes mühitinin yaxşılaşdırılması sayəsində bu coğrafiyadakı sahibkarların müxtəlif iqtisadi mal və xidmətlər üzrə mübadiələri asanlaşacaq, ticarətin səmərəliliyi yüksələcək. Eyni zamanda, Asiyadan Avropaya yayılacaq rəqəmsal xidmətlərin və məhsulların artımı sürətlənməklə bölgəyə yeni tərəfdaşların cəlb olunmasına şərait yaradacaq. Bu çoxtərəfli platforma isə Azərbaycan və Qazaxıstanın inkişafında, eləcə də digər region ölkələrinin dünya miqyasında mövqelərinin yüksəldilməsində mühüm rol oynayacaq.
“Rəqəmsal İpək Yolu” həm də türk dövlətlərinin ortaq maraqlarına xidmət edəcək
Belə ki, 2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün yekununda imzalanan Qarabağ Bəyannaməsinin mühüm prioritetlərindən biri qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Tərəflər 2023-cü ilin noyabr ayında Özbəkistanda keçirilmiş IX Zirvə görüşünün yekununda imzalanmış Səmərqənd Bəyannaməsində “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını və özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişi 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafiya onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır.
Beləliklə, Fiber-Optik Kabel Xətti müasir rəqəmsal hub olmaqla Türk dövlətləri arasında qabaqcıl kommunikasiyaların mübadiləsi, vahid rəqəmsal platformada koordinasiyanın qurulmasını da öz töfhəsini verəcək. Nəticədə bu, qardaş ölkələr arasında regional ticarət həcmlərinin artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin, ələxsus da rəqəmsal ticarətin genişlənməsini təşviq edəcək. Türk ölkələri öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.
Sevinc Azadi, “İki sahil”
Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən mühüm marşrut - Orta Dəhliz
Enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr təqdim edilib
Azərbaycan Bəhreyn və Küveyt ilə qarşılıqlı investisiya imkanlarını müzakirə edib