Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkənin dövlətçilik tarixində əhəmiyyətli mərhələlərdən biri kimi qiymətləndirilməlidir. Konstitusiya - hər bir dövlətin hüquqi və siyasi əsaslarını müəyyən edən, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də dövlətin funksiyalarını və quruluşunu tənzimləyən əsas normativ sənəddir. Azərbaycan Respublikasının dövlətçilik tarixində Konstitusiya milli hüquq sisteminin təməl sütunu, Ümummilli Lider Heydər Əliyev isə bu sütunun möhkəmlənməsinin memarı kimi mühüm yer tutur.
Müstəqilliyini bərpa etmiş Azərbaycan 1990-cı illərin əvvəllərində həm siyasi, həm iqtisadi, həm də hüquqi xaosla üz-üzə qaldı. Ölkədə mövcud olan hüquqi sənədlər yeni dövlət quruluşunun tələblərinə cavab vermirdi. Bu dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dövlət idarəçiliyində hüquqi bazanın möhkəmləndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Onun siyasi iradəsi və prinsipial mövqeyi nəticəsində 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Heydər Əliyev Konstitusiyanı sadəcə hüquqi sənəd kimi deyil, milli dövlətçiliyin ideoloji bəyannaməsi kimi qiymətləndirirdi. Onun təşəbbüsü ilə hazırlanan əsas qanun demokratik, hüquqi və dünyəvi dövlətin qurulmasına xidmət edən prinsipləri özündə birləşdirdi. Konstitusiyada dövlət hakimiyyətinin bölünməsi, qanunun aliliyi, vətəndaş hüquq və azadlıqlarının təminatı kimi fundamental prinsiplər təsbit olundu. Bu, ölkədə hüquqi sabitliyin təmin olunmasında və idarəetmənin səmərəliliyinin artırılmasında həlledici rol oynadı. Bu baxımdan, 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu ildönümünün qeyd olunması həm dövlətçiliyin təntənəsi, həm də milli dəyərlərə sədaqətin ifadəsidir. Eyni zamanda, “suverenlik” anlayışı yalnız siyasi və hüquqi müstəqilliklə məhdudlaşmır. Suverenlik - dövlətin daxili və xarici siyasətində müstəqil qərarvermə imkanına malik olması, milli resursların sərbəst idarə olunması, iqtisadi və mədəni inkişafın milli prioritetlərə uyğun şəkildə həyata keçirilməsidir. Bu mənada 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması Azərbaycanın həm keçmişinə hörmətini, həm də gələcəyinə inamını nümayiş etdirən strateji addım olmaqla yanaşı Azərbaycan dövlətinin cəmiyyətə hüquqi maarifləndirmə, vətəndaşların konstitusiya hüquqlarının daha dolğun həyata keçirilməsi sahəsində yeni impuls verməsini hədəfləyir. Bu ildə keçirilən tədbirlər, layihələr və islahatlar həm də ölkənin suverenlik anlayışını yalnız hüquqi müstəvidə deyil, həmçinin siyasi, iqtisadi və sosial baxımdan da daha dərindən dərk etmək üçün əlverişli imkan yaradır. Eyni zamanda, regional və qlobal miqyasda baş verən geosiyasi dəyişikliklər fonunda “Konstitusiya və Suverenlik İli” ölkənin milli təhlükəsizlik strategiyasına, iqtisadi müstəqilliyinə və beynəlxalq münasibətlər sistemində tutduğu yerə də bir çağırış və mövqedir. Bu, Azərbaycanın daxili sabitlik və suveren qərarvermə bacarığını daha da gücləndirmə niyyətini nümayiş etdirir.
Suverenlik anlayışı ənənəvi olaraq daha çox dövlətin siyasi müstəqilliyi və beynəlxalq hüquq subyekti kimi sərbəst fəaliyyət göstərmək hüququ ilə assosiasiya olunur. Lakin müasir dövrün kompleks çağırışları kontekstində suverenliyin yalnız siyasi deyil, iqtisadi və sosial aspektlərinin də bir o qədər vacib olduğunu ortaya qoyur. Bu aspektlərdən biri zəif olduqda, digər sahələrdəki suverenlik də real təsir gücünü itirə bilər. İqtisadi suverenlik - dövlətin öz iqtisadi siyasətini milli maraqlara uyğun və xarici asılılıqdan azad şəkildə formalaşdırmaq və həyata keçirmək bacarığıdır. Əgər bir ölkənin iqtisadiyyatı xarici təsirlər qarşısında həssasdırsa, onun siyasi qərarvermə azadlığı da məhdudlaşa bilər. Beləliklə, iqtisadi müstəqillik, siyasi suverenliyin təminatçılarından biri kimi çıxış edir. Sosial suverenlik isə dövlətin öz vətəndaşlarının rifahını təmin etmək, onların sosial hüquqlarını qorumaq və bərabər imkanlar yaratmaq imkanını ifadə edir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkədə hüquqi, siyasi və iqtisadi sahələrdə bir sıra vacib məsələlərin yenidən aktuallaşmasına səbəb olmuşdur. Bu ilin mahiyyəti yalnız dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də ölkənin iqtisadi suverenliyinin qorunması və gücləndirilməsi məsələlərinə diqqət yönəldir. Qiymət sabitliyi və inflyasiya məsələləri kontekstində “Konstitusiya və Suverenlik İli”nin aktuallığını və əhəmiyyətini nəzərə alsaq, qiymətlərin stabilliyi milli iqtisadiyyatın dayanıqlılığı, vətəndaşların alıcılıq qabiliyyəti və sosial rifahının təmin olunması üçün fundamental şərtdir. İnflyasiya isə iqtisadi sabitliyi pozan və sosial ədalətin təminatına mənfi təsir göstərən əsas amillərdən biridir. Buna görə də, dövlət səviyyəsində inflyasiya ilə səmərəli mübarizə aparılması və qiymətlərin sabitliyinin təmin olunması, suveren dövlət quruculuğunun vacib tərkib hissəsi sayılır.
İqtisadi müstəqillik yalnız resursların idarə olunması ilə məhdudlaşmır, eyni zamanda qiymətlərin stabilliyi və inflyasiyanın nəzarətdə saxlanması ilə birbaşa bağlıdır. İnflyasiya və iqtisadi müstəqillik arasında çox mürəkkəb və qarşılıqlı təsirli əlaqə mövcuddur. Azərbaycanın iqtisadi inkişaf strategiyaları, xüsusilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu qarşılıqlı əlaqəni nəzərə alaraq, inflyasiya ilə mübarizə və qiymət sabitliyinin təmin olunmasını iqtisadi suverenliyin əsas elementləri kimi qəbul edir.
Dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biri olan milli maraqların qorunması ölkənin iqtisadi müstəqilliyini və ümumi dayanıqlı inkişafını təmin etməklə yanaşı vətəndaşların rifahını artırmaq və sosial ədaləti təmin etmək məqsədi daşıyır. Milli maraqların qorunması iqtisadi siyasətin bütün səviyyələrində makroiqtisadi sabitlikdən tutmuş sektorların inkişafına, ticarət siyasətindən sosial proqramlara qədər müxtəlif sahələrdə öz əksini tapır. Milli maraqların qorunması dövlətin iqtisadi suverenliyinin əsasında dayanır. Bu suverenlik dövlətə öz iqtisadi siyasətini xarici təsirlərdən və asılılıqlardan azad şəkildə formalaşdırmaq imkanı verir. Belə siyasət milli resursların səmərəli idarə olunmasını, strateji sahələrdə özünütəminetməni və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulmasını təmin edir. Müasir qloballaşma şəraitində milli maraqların qorunması daha mürəkkəb və çətin prosesə çevrilir. Xarici iqtisadi təsirlər, beynəlxalq maliyyə bazarlarının dəyişkənliyi və geosiyasi risklər dövlətin milli iqtisadi siyasətində çevik və strateji yanaşma tələb edir. Buna görə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın iqtisadi siyasəti milli maraqların prioritetliyi və suveren qərarvermənin təminatı üzərində qurulur.
2020-ci ildə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə ərazi bütövlüyünün bərpası ilə yalnız siyasi deyil, həm də iqtisadi suverenliyimiz bərpa olundu. Qarabağda quruculuq işlərinin aparılması, nəqliyyat və logistika imkanlarının genişlənməsi Azərbaycanın iqtisadi xəritəsində yeni bir mərhələnin əsasını qoydu. Bu mərhələ “post-münaqişə iqtisadiyyatı” deyil, “bütöv və suveren iqtisadiyyat” mərhələsidir. Bu gün biz hüquqi dövlət və iqtisadi inkişaf arasında birbaşa əlaqə qururuq. Əgər hüquqi əsas, yəni Konstitusiya olmasa, iqtisadi fəaliyyət xaos şəklində olar. Əgər suverenlik olmasa, iqtisadi qərarların milli maraqlara uyğun verilməsi mümkün olmaz. Ona görə də, iqtisadi inkişaf üçün hüquqi və siyasi müstəqillik eyni dərəcədə vacibdir. İqtisadi suverenlik və qiymət sabitliyi, Azərbaycanın dayanıqlı, azad və öz resurslarına əsaslanan inkişaf modelinin əsas sütunları kimi çıxış edir. Bu istiqamətdə atılan addımlar həm milli təhlükəsizliyin gücləndirilməsinə, həm də sosial rifahın davamlı olaraq yüksəlməsinə xidmət edir.
Azərbaycanın 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi qeyd etməsi yalnız tarixə deyil, eyni zamanda, gələcəyə baxışın bir təzahürüdür. Bu il çərçivəsində iqtisadi suverenlik və qiymət sabitliyi məsələlərinin ön plana çəkilməsi, ölkənin davamlı inkişaf modelinin və milli təhlükəsizlik strategiyasının mərkəzində yer alır. Güclü konstitusiya bazası üzərində qurulan iqtisadi model, Azərbaycanı qlobal rəqabət mühitində daha möhkəm və dayanıqlı bir mövqeyə çıxarmaqdadır.
Toğrul Hüseynov,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Qiymət statistikası şöbəsinin aparıcı məsləhətçisi
Konstitusiya və Suverenlik medianın gözü ilə: Dövlətçilik ideyasının yeni mərhələsi