Yeganə Tağıyeva: Bizim əsas qayəmiz müştərilərin məmnun qalmasıdır
6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Rabitə sahəsi üçün böyük önəm kəsb edən 6 dekabr tarixi 19 ildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu münasibətlə poçt sahəsində uzun illər qüsursuz fəaliyyət göstərən Yeganə Tağıyeva ilə həmsöhbət olduq.

-Sizi yaxından tanıyaq…
-Mən Tağıyeva Yeganə İlyas qızı 36 ildir poçt sahəsində çalışıram. Hazırda 2 saylı poçt filialının AZ1073 indeksli poçt şöbəsində müdir vəzifəsini icra edirəm. Poçt müdiri kimi əsas vəzifəm şöbədə bütün poçt qaydalarının düzgün təşkilinə və tətbiqinə nəzarət etməkdir. Bununla yanaşı, kollektivimlə birlikdə gündəlik əməliyyatları koordinasiya edir, hər bir müştərinin rahatlığı və məmnunluğu üçün var gücümüzlə çalışırıq.
-Bu peşəyə marağınız necə yarandı?
-Poçtla yolum ilk dəfə 1989-cu ildə Tacikistanın Düşənbə şəhərində kəsişdi. O vaxt ailə vəziyyətimə görə uzaq ölkədə yaşayırdıq və mən valideynlərim üçün çox darıxırdım. Onlardan tez-tez məktublar aldığım üçün poçta daha çox gedirdim. Bir müddət sonra oradakı əməkdaşlarla doğmalaşdım və bu peşəyə qarşı içimdə xüsusi bir sevgi yarandı.
Elə həmin günlərin birində poçtun rəhbərliyindən bir nümayəndə evimizə gəlib həyat yoldaşımdan mənim poçtda işləməyim üçün icazə aldı. Bu xəbərdən o qədər sevindim ki, sanki elə mənim ürəyimdən keçəni eşitmişdilər (gülür). Cəmi iki həftəyə işi tam mənimsədim və peşəyə bağlandım. Hər şey sehrli bir təsadüf kimi başladı.
-Bəs ölkəmizdə nə zaman bu sahədə işə başladınız və ilk günü necə xatırlayırsınız?
-Vətənə döndükdən sonra 1993-cü ildən etibarən fəaliyyətimi davam etdirdim. İlk iş günüm həyəcan, qürur və böyük məsuliyyət hissi ilə yadda qalıb. Artıq öz ölkəmin insanlarına xidmət etmək, onlarla birbaşa ünsiyyət qurmaq mənə tamam başqa bir enerji verirdi. Ünsiyyətə olan sevgimin, insanlara yardım etməyimin mənə verdiyi daxili rahatlıq məhz bu sahəyə bağlılığımın əsas səbəblərindəndir.

-Peşə fəaliyyətinizdə sizi ən çox təsirləndirən hadisə hansıdır?
-Həm ölkəxarici, həm də Azərbaycanda işlədiyim illər ərzində çox maraqlı və təsirli anlarla qarşılaşmışam.
Düşənbədə işlədiyim dövrdə poçt şöbəmiz 4 hərbi hissənin yaxınlığında yerləşirdi. Bir gün bir neçə əsgər poçta daxil oldu və onlara olan rus dilində necə kömək edə biləcəyimi soruşdum. Birdən onların Azərbaycan dilində ucadan “Sizi təbrikə gəlmişik. Eşitdik ki, burada həmvətənimiz müdir işləyir” demələri məni həm çox qürurlandırdı, həm də duyğulandırdı.
Azərbaycana qayıtdıqdan sonra isə təsadüf elə gətirdi ki, ilk iş yerim Tacikistan səfirliyinin yerləşdiyi əraziyə düşdü. Səfirliyin əməkdaşları poçt xidmətimizdən istifadə edəndə onlara tacik dilində müraciət etdim. Əvvəlcə məni tacik xanım zənn etdilər. Daha sonra illər əvvəl Düşənbədə çalışdığımı biləndə çox təəccübləndilər. Bu tanışlıq aramızda səmimi münasibətlərin yaranmasına səbəb oldu və bu günə qədər bayramlarda bir-birimizi təbrik edirik.
-Bu sahənin nə kimi çətinlikləri var və işiniz hansı xüsusiyyətləri tələb edir?
-Kənardan sadə görünsə də, poçt işi yüksək dəqiqlik və məsuliyyət tələb edir. Təkcə bir məktubun ünvanında edilən kiçik bir səhv belə göndərişin yanlış yerə getməsinə səbəb ola bilər. Buna görə hər gün böyük məsuliyyətlə vətəndaşlara etibarlı, operativ və dəqiq xidmət göstərməyə çalışırıq.
Şöbəmiz bayram və istirahət günlərində də fəaliyyət göstərir ki, bu da vətəndaşların işlərini xeyli asanlaşdırır. “Azərpoçt”un ənənəvi xidmətləri bu gün də aktualdır – ölkənin istənilən nöqtəsindən və dünyanın müxtəlif ölkələrindən məktub, bağlama və karqo göndərişlərinin qəbulu və çatdırılması operativ şəkildə həyata keçirilir.
Onlayn sifarişlərin artması ilə əlaqədar iş saatlarından sonra da karqo təhvil-təslim xidmətini davam etdirdiyimiz günlər olur. Bu da müştərilərin rahatlığına göstərdiyimiz əlavə qayğının bir nümunəsidir.

-Poçt sahəsində çalışmaq istəyən gənclərə nə tövsiyə edərdiniz?
-Gənclərə tövsiyəm budur ki, bu sahəyə həvəs və məsuliyyətlə yanaşsınlar. Bizim işimiz səbir, dəqiqlik və müştərilərə yüksək diqqət tələb edir. Bu peşəyə sevgi ilə yanaşmadıqda uğur qazanmaq çətindir.
Uzun illər ərzində fəaliyyətim “Rabitə ustası” adı, müxtəlif Fəxri fərmanlar və mükafatlarla qiymətləndirilib. Lakin mənim üçün ən dəyərlisi tabeliyimdə çalışan əməkdaşların zəhmətinin qiymətləndirilməsi və onların peşəkar inkişafına dəstək verməkdir.
-Peşə fəaliyyətinizdə daha çox fəxr etdiyiniz layihə və nailiyyət hansıdır?
-Çalışdığım illər ərzində həm yerli, həm də beynəlxalq səviyyədə bir çox layihələrdə iştirak etmişəm. “Space TV”də yayımlanan “Poçtalyon” verilişində mütəmadi çıxış edərək əhalinin suallarını canlı efirdə cavablandırmaq bu fəaliyyətimin ən parlaq səhifələrindəndir. Eyni zamanda, əsgərlər üçün məktub və bağlama kampaniyalarının təşkili, gənc poçt işçilərinin yetişdirilməsi, təlim və seminarların keçirilməsi mənim üçün böyük qürur mənbəyidir.
Şöbəmiz şəhərin mərkəzində yerləşdiyinə görə bizə çoxlu sayda yerli və xarici vətəndaş müraciət edir. Xüsusi təlimlər keçmiş, azı iki dildə danışan gənc əməkdaşlarımızın xidmət göstərməsi müştəri məmnuniyyətini xeyli artırır. Bu da kollektiv olaraq bir-birimizə güvənməyimizin və işimizə sevgi ilə yanaşmağımızın nəticəsidir.

-Uzun illər bu sahədə çalışmağınıza səbəb olan əsas motivasiya nədir?
- Məni ən çox motivasiya edən vətəndaşlara göstərilən xidmətin yaratdığı məmnuniyyət hissidir. Müştərinin xoş sözləri, minnətdarlıq ifadələri, gülərüzü bütün yorğunluğu unutdurur. Poçt işi sadəcə əməliyyat deyil, etimad, ünsiyyət və insanlara yardım etmə missiyasıdır.
Hər uğurlu göndəriş, hər məmnun müştəri mənim bu peşəyə olan sevgimi daha da artırır. Uzun illərdir bu sahədə uğur qazanmağımın səbəbi işimə məsuliyyətli, diqqətli və operativ yanaşmağımdır. Bizim üçün əsas qayə – hər bir müştərinin məmnun ayrılmasıdır.
-Poçt sahəsinin gələcəyi barədə nə düşünürsünüz?
-Ömrünün 36 ilini bu sahəyə həsr etmiş biri olaraq deyə bilərəm ki, Azərbaycan poçtunun gələcəyi çox ümidvericidir. Texnologiyanın inkişafı, elektron xidmətlərin genişləndirilməsi və müştəriyönümlü yanaşmanın güclənməsi poçt xidmətlərini daha müasir, əlçatan və operativ edəcək. Mən bu sahənin gələcəyinə böyük inamla baxıram və qürurla deyirəm ki, poçt işi mənim həyatımın ayrılmaz bir parçasıdır.
Bu gün hər bir rabitəçi ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına verdiyi töhfə ilə seçilir. Yeganə xanımın timsalında bütün poçt və rabitə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara sağlamlıq və yeni-yeni nailiyyətlər arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”