44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib 30 il yağıya əsir düşən Qarabağımızın azadlığı uğrunda canından keçən qəhrəmanlardan biri də Emil Şahin oğlu Şıxəlizadədir. Lənkəran rayonunun Gərmətük qəsəbəsində dünyaya göz açan, doğma Azərbaycana ürəkdən bağlanan Emil Şıxəlizadə göstərdiyi şücaəti ilə 22 yaşında adını tarixə yazıb. Keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi fədakarlıqla, mərdliklə, eləcə qürur doğuran məqamlarla dolu olan qəhrəmanımız həm də ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayıl və Qubadlının azadlığına görə medallarına layiq görülüb.
Zəfər şəhidinin doğum günü münasibətilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin kollektivi onun ailəsini ziyarət edib. Görüş zamanı ziyarətçilər şəhidin ailə üzvlərinin qayğılarını öyrəniblər. Söhbət zamanı isə Emilin anası Azadə Şıxəliyeva və qonaqlar Vətən sevdalısının şərəfli həyat yolu, ölüm-dirim savaşda göstərdiyi qəhrəmanlıq nümunələri barədə danışıb, xatirəsi dərin ehtiramla yad olunub.
Sonda şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə idarə rəhbərliyinə təşəkkürlərini bildirib.
Bəli, Vətəninə, millətinə başucalığı gətirən, şəhidlik zirvəsindən gələcəyə boylanan, ürəklərdə yurd-yuva quran Emil Şıxəlizadə qərinələr boyunca hər cür sevgiyə layiq olmaqla böyük ehtiramla xatırlanacaq, gələn nəsillərə örnək olacaqdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü