Qurumun diplomatik strukturlarında rüşvət iddialarına görə aparılan axtarışlar və həbslər Brüssel üçün son 20 ilin ən böyük qalmaqalına çevrilir
Son illərdə Avropa institutlarında baş verən qalmaqallar artıq epizodik deyil, struktur böhranının açıq göstəricisidir. Xarici dövlətlərdən rüşvət alınması, qərarların lobbi sifarişi ilə qəbul edilməsi, siyasi mandatların kommersiyalaşdırılması Avropa siyasətinin real üzünü üzə çıxarır. Bu günlərdə Avropa İttifaqı (Aİ) növbəti dəfə korrupsiya qalmaqalı ilə üz-üzə qalıb. Belə ki, qurumun diplomatik strukturlarında genişmiqyaslı korrupsiya araşdırmasına başlanılıb. Bu araşdırmalar fonunda Avropa Xarici Fəaliyyət Xidməti (ЕEAS), həm də Brügge şəhərindəki Avropa Kolleci istintaq tədbirlərinin hədəfinə çevrilib. Avropa Prokurorluğunun (EPPO) bildirdiyinə görə, əməliyyatlar həm EEAS-ın Brüssel qərargahında, həm də Avropa Kollecinin Brügge kampusunda, eyni zamanda, şübhəlilərin yaşayış ünvanlarında keçirilib. Ehtimallara görə, ЕEAS əməkdaşları 2021-ci ildə gənc diplomatlar üçün 10 aylıq təlim proqramı üzrə tenderin seçim meyarlarını qanunsuz olaraq Avropa Kollecinə ötürüb. Hansı ki, həmin tender nəticəsində Kollec 654 min avro məbləğində vəsait əldə edib.
Aparılan istintaq nəticəsində Avropa diplomatiyasının sabiq rəhbəri, Avropa Kollecinin rektoru Federika Moqerini və ЕEAS-ın keçmiş baş katibi Stefano Sannino və daha üç əməkdaş dələduzluqda şübhəli bilinərək, saxlanılıblar. İddialara görə, F.Moqerininin rəhbərliyi dövründə qəbul edilən bir sıra strateji qərarlar Avropa xalqlarının maraqlarına yox, qapalı siyasi və maliyyə mərkəzlərinin tapşırıqlarına uyğun formalaşdırılıb. F.Moqerini 2014-2019-cu illərdə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi olub, daha sonra “College of Europe”nın rektoru təyin edilib. 2025-ci ildə o, ikinci beşillik müddətə yenidən rektor seçilmişdi. Onun saxlanılması Avropa diplomatiyasında ciddi rezonans doğurub. Sabiq ali nümayəndənin adı tender saxtakarlığı və korrupsiya istintaqında keçdiyi üçün bu hadisə həm siyasi, həm institusional baxımdan geniş müzakirələrə səbəb olub. Hələlik adı çəkiləni qurumlar istintaqa dair geniş açıqlama verməyib. Aİ rəsmiləri prosesin davam etdiyini, bütün detalların hüquqi prosedurlara uyğun şəkildə araşdırıldığını bildirirlər. Hadisə Avropa İttifaqında büdcə şəffaflığı, tender mexanizmləri və yüksək vəzifəli şəxslərin məsuliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib.
Ekspertlər hesab edirlər ki, əgər iddialar təsdiqlənsə, bu, Aİ institutlarının içində son illərin ən ciddi korrupsiya qalmaqallarından biri olacaq. Hətta mətbuatın iddiasına görə, Aİ-nin keçmiş xarici siyasət rəhbəri Josep Borrellin adı da bu qalmaqalda hallanır. Avropa diplomatiyasında baş verən böyük geosiyasi manipulyasiyalar, sanksiya siyasətinin selektiv tətbiqi, siyasi qərarların arxasında müxtəlif iqtisadi mərkəzlərin dayanması Borrelin fəaliyyəti dövründə xüsusilə intensivləşib. Avropa İttifaqının xarici siyasəti tədricən milli maraqlardan qoparılaraq qlobal maliyyə strukturlarının alətinə çevrilib. Moqerini ilə birlikdə formalaşdırılan bu siyasi xətt Avropanın müstəqil siyasi mərkəz olmadığını, kənardan idarə olunan mexanizmə çevrildiyini nümayiş etdirir. Bu səbəbdən də Moqerini ətrafında ortaya çıxan bütün korrupsiya faktlarında Borrelin də məsuliyyət daşıması artıq Avropa ictimaiyyətində açıq müzakirə mövzusudur.
Ümumiyyətlə, Avropa İttifaqı qurumlarının çətirinin altında olan beynəlxalq təşkilatlar üçün xarakterik korrupsiya formaları kimi lobbiçilik və onun korrupsiyaya keçidini qeyd etmək lazımdır. Brüssel dünyada ən aktiv lobbiçilik şəhərlərindən biridir. Xüsusilə etnik lobbi qruplar, onlara məxsus kommersiya şirkətlərin və ya qrupların Aİ-nin qərar qəbuluna təsiri üçün axıtdıqları maliyyə diqqət çəkir. Digər tərəfdən çox böyük büdcələri olan təşkilatlar, fondlar, kənd təsərrüfatı subsidiyaları, satınalmalar və s. kimi əməliyyatlar zamanı korrupsiya halları da mövcuddur. Aİ-nin idarəetməsində çətin və çoxqatlı bürokratik aparatın olması səbəbi ilə cavabdehliyin izlənməməsi və ya çətin izlənməsi halı da var. Bu səbəbdən istər Avropa parlamentində, istər müxtəlif Avropa komissiyaslarında, Avropa Şurasında bu halların olması ilə bağlı məlumatı tez-tez eşidirik.
Maraqlısı odur ki, müxtəlif lobbi qruplarının maraqlarına xidmət edən Avropa İttifaqı və Avropa Parlamenti utanmadan indiyədək dəfələrlə Azərbaycana qarşı qərəzli və birtərəfli mövqe nümayiş etdirib. 44 günlük müharibə zamanı da anti-Azərbaycan mövqeyində qətnamələr qəbul ediblər. İndiyə qədər çox qurumlar, şəxslər ölkəmizə qarşı çıxıb, nələrisə diktə etməyə çalışıblar. Lakin Azərbaycan heç zaman bu təzyiqlər qarşısında dövlət maraqlarından çəkinməyib. Ermənistandan və erməni lobbisindən maliyyələşən həmin şəxslər qərəzli və məqsədli şəkildə Azərbaycana qarşı ittihamlar səsləndiribər. Hətta ölkəmiz əleyhinə müxtəlif qətnamələrin qəbul olunmasına çalışıb və buna nail olublar. Ancaq indi hər şey göz qabağındadır. Aparılan istintaq açıq-aydın göstərir ki, Aİ-nin rəhbərliyində təmsil olunmuş şəxslər reallıqda hansı işlərlə məşğul olublar. Fırıldaqçılıq da, korrupsiya da məhz Aİ-nin gərçək siması imiş. Ona görə də belə qurumların şəffaflıqdan, ədalətdən, haqq-hüquqdan danışmağa haqları çatmır.
Sevinc Azadi, “İki sahil”