08 dekabr 2025 17:37
155

“Moody’s”: Azərbaycanda uzunmüddətli iqtisadi artımın drayveri nəqliyyat-logistika xidmətləri olacaq

Xidmət sahələrinin sürətli tərəqqisi, inkişaf etmiş ölkələrin ÜDM göstəricilərində  xidmətlərin xüsusi çəkisinin artması qlobal məkanda öz təsdiqini tapmış reallıqdır. Azərbaycanda da xidmət sahələrinin inkişafının intensivləşməsi dövrün əsas çağırışlarından birinə çevrilib. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı uzun illər ərzində neft və qaz sektoruna əsaslanıb, qlobal enerji bazarındakı dəyişikliklər və İKT-nin sürətli inkişafı iqtisadiyyatın şaxələndirilməsini zəruri edir. Bu baxımdan qeyri-neft sektorunun, o cümlədən nəqliyyat və logistika sahəsinin rolunun artırılması xüsusi əhəmiyyətlidir. Beynəlxalq ticarət dövriyyəsinin sürətlə böyüməsi, eləcə də iqtisadi əlaqələrin yenidən formalaşması fonunda Azərbaycanın aparıcı nəqliyyat-logistika mərkəzinə çevrilməsi uzunmüddətli perspektivlərə malikdir. “Moody’s” kimi nüfuzlu beynəlxalq reytinq agentliyinin bu günlərdə açıqlanan qiymətləndirməsi də bu perspektivi təsdiqləyir.

“Moody’s” analizi göstərir ki, Azərbaycanın uzunmüddətli iqtisadi artımı neft-qaz sektorundan asılılığın azaldılması və nəqliyyat-logistika potensialından səmərəli istifadə edilməsindən keçəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov "İki sahil"ə bildirib ki, Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanı birləşdirən strateji marşrutların, o cümlədən Orta dəhlizin üzərində yerləşir. Bu marşrut Asiya ölkələrindən yüklərin dəniz yolu ilə Xəzər dənizi üzərindən Azərbaycana, oradan isə quru yolu və dəmir yolu vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur. Beləliklə, ölkə mühüm tranzit qovşağı olmaqla yanaşı, həm də şaxələndirilmiş logistika mərkəzinə çevrilmək üçün əlverişli coğrafi mövqeyə malikdir.

Ötən illər ərzində bu imkanlardan yararlanmaq məqsədilə geniş əhatəli proqram və layihələr hazırlanıb və uğurla reallaşdırılıb, nəqliyyat və logistika infrastrukturunun inkişafına, avtomobil yolu, dəmir yolu, liman, logistika mərkəzləri kimi obyektlərin bərpası və yenidən qurulmasına  xüsusi diqqət yetirilib.

Belə infrastruktur yatırımları yalnız daşımaların artımını deyil, həm də tikinti sektorunun canlanması, məşğulluq imkanlarının artması, sənaye və emal sektorlarının inkişafı, ixrac potensialının yüksəlməsi və s. kimi geniş multimodal effekt yaradır.

Aqil Əsədovun sözlərinə görə, nəqliyyat və logistika sahəsinin inkişafı Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığını azaltmaqla yanaşı, qeyri-neft sektorunda logistika, daşımalar, xidmət, ticarət, emal və ixrac yönümlü sənaye sahələrinin inkişafına geniş imkanlar yaradır. Bu isə iqtisadiyyatın daha davamlı və sabit böyüməsinə gətirib çıxara bilər.

Nəqliyyat-logistika yalnız tranzit funksiyası deyil, həm də ölkə daxilində və regional səviyyədə iqtisadiyyatın strukturunun diversifikasiyası, sabit artım üçün baza rolunu oynaya bilər. “Moody’s” reytinq agentliyinin qiymətləndirməsində nəqliyyat-logistika xidmətlərinin Azərbaycanın iqtisadi perspektivinin prioriteti kimi vurğulanması da, məhz qeyd edilənlərlə əlaqədardır.

2025-ci ilin dekabrında aparılan qiymətləndirmədə “Moody’s” vurğulayır ki, uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi artımı böyük dərəcədə nəqliyyat-logistika xidmətlərindən asılı olacaq. Belə ki, ölkənin Orta dəhlizin mühüm hissəsinə çevrilməsi, nəqliyyat-logistika imkanlarının genişlənməsi, həmçinin Vətən müharibəsindən sonrakı yenidənqurma və bərpa işləri, yaranmış yeni imkanlar iqtisadi tərəqqinin əsas lokomotivləri kimi göstərilir. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin reallaşdırılması nəqliyyat-logistika xidmətlərinin inkişafına daha bir təkan olaraq, regional inkişafı da stimullaşdıracaq.  

Beynəlxalq reytinq agentliyinin qiymətləndirməsində də qeyd edilir ki, nəqliyyat-logistika potensialının reallaşması ölkə iqtisadiyyatını şaxələndirəcək, xarici sərmayələri cəlb edəcək və neft-qaz sektorundan asılılığı azaldaraq daha dayanıqlı inkişafı təmin edəcək.

Beləliklə, “Moody’s” yalnız cari ilin göstəricisinə deyil, orta və uzunmüddətli perspektivlərə baxır və nəqliyyat-logistika sektorunu Azərbaycanın iqtisadi gələcəyində strateji sütun kimi görür. Bu baxımdan, nəqliyyat-logistika sahəsi  həm tranzit imkanları, həm regional infrastruktur, həm investisiya cəlbi, həm də qeyri-neft sektorunun inkişafı baxımından ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Beynəlxalq reytinq agentliyinin son qiymətləndirmələri bu yanaşmanı bir daha təsdiq edir.