08 dekabr 2025 23:16
105

Cəmil Həsənlinin Gültəkin Hacıbəyli dərdi...

Yaxud qoca “professor”un sosial şəbəkə paylaşımı növbəti ifşa mənbəyinə çevrildi

AXCP və “Milli Şura” rəhbərliyi Ramiz Mehdiyevlə birgə dövlət çevirilişi planlarında iştirakını “inkar” etmək və diqqəti yayındırmaq üçün cəhdlərini davam etdirir. Lakin onların sosial şəbəkələrdə yazdıqları AXCP və “Milli Şura”nın Rusiyanın xidmətçiləri olmaları haqqında düşüncəni nəinki dəyişdirmir, hətta yeni-yeni məqamların ortaya çıxmasına şərait yaradır. Məsələn, “Milli Şura”nın sədri Cəmil Həsənli bu qurumun Koordinasiya Mərkəzinin üzvü olan Gültəkin Hacıbəyli haqqında yazıb, ona bəraət qazandırmağa çalışıb. Amma dediyimiz kimi, qarşısına qoyduğu məqsədə nail ola biləməyib, əksinə şüur altında formalaşmış fikirlərin ictimailəşməsinə səbəb olub...

Cəmil Həsənli Gültəkin Hacıbəylinin deputatlıq fəaliyyətinə toxunur və qeyd edir ki, onun kimi bir çoxları Ramiz Mehdiyevin 70, 80 illik yubileylərində söz deyib, yazılar yazıblar. Bəli, Cəmil Həsənli, bu, doğrudur. Ancaq bu məsələdə əsas veriləcək sual ondan ibarətdir ki, Ramiz Mehdiyev haqqında palaz-palaz yazılar yazanlardan neçə nəfəri məhz dövlət çevrilişi planında yer alıb? Ramiz Mehdiyevin Rusiya ilə razılaşdırmağa çalışdığı idarəçilik modelində onlardan neçə nəfərinə yer verilib? Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqələrinə “Gültəkin xanım 2000-2010-cu illərdə YAP-ın üzvü olmasa da hökumət komandasının üzvü olub. Bunu heç gizlətmir də” fikri ilə bəraət qazandırmağa çalışan Cəmil Həsənli anlayırmı ki, belə yanaşma ilə Gültəkin Hacıbəylini sahibinə sadiq yaltaq kimi təsvir edir və onun xəyanət planlarında rolunun olması haqqında düşüncəni daha da möhkəmləndirir?

Gültəkin Hacıbəylinin deputatlığından söz düşmüşkən, Cəmil Həsənli Qərb Universitetində dərs deyən bir müəllimin siyasi karyerasında yüksək sıçrayışı hansı məntiqlə izah edə bilər? Yəni, Ramiz Mehdiyevin Gültəkin Hacıbəyli ilə şəxsi əlaqələri olmasaydı, dövlət resurslarından onun xeyrinə istifadə edilməsəydi, o, deputat seçilə bilərdimi? Bəs, Cəmil Həsənli necə? Axı, hər kəs bilir ki, deputat seçildiyi dairənin hüdudlarını belə tanımayan, bir dəfə də olsun məhəllələri gəzib seçicilərinin vəziyyəti ilə maraqlanmayan Cəmil Həsənli də Gültəkin Hacıbəyli yolunu keçib. İndi necə inkar etmək olar ki, Ramiz Mehdiyevin hər iki şəxsin siyasi karyerasında rolu olmayıb? Bir halda ki Ramiz Mehdiyev Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin eyni ildə parlamentə gedən yollarını açıb, onların fəaliyyətinə siyasi kapital qoyub, demək, 2013-cü ildən başlayaraq hər üç şəxsi eyni məqsəd və plan ətrafında birləşdirmək də onun işidir...

Cəmil Həsənli Gültəkin Hacıbəyli haqqında “rahat həyatından imtina edib narahat həyata keçib, iqtidar komandasından müxalifət tərəfinə keçib” fikirlərini yazanda da həm özünü, həm də müdafiə obyektini ifşa edir. Burada strateji təhlil metodlarına ehtiyac olmadan, adi məntiqlə adları çəkilənlərin Ramiz Mehdiyevlə bağlılıqlarını izah etmək mümkündür. Yəni, insan ağlına gələn ilk sual belə olur ki, 10 ildən artıq müddətdə iqtidarı müdafiə edən, müstəqil deputat ola-ola Prezident seçkilərində YAP-ın namizədinin xeyrinə odlu-alovlu çıxışlar edən Gültəkin Hacıbəyli hansı səbəbdən müxalifət düşərgəsinə keçsin ki? Cəmil Həsənli bir araşdırma aparsın və bu sualara cavab tapmağa çalışsın:  Gültəkin Hacıbəylini prezident seçkilərində YAP-ın təşviqat tədbirlərinə kim cəlb edib? Onunla bağlı bu tapşırığı kim verib?

Cəmil Həsənlinin fikirləri ilə razılaşsaq, o zaman təsəvvür edin, 10 il ərzində onlarla mənzil, torpaq sahələri, obyektlər, daş karxanaları, maşınlar əldə etmiş biri sadəcə ağlını itirib və müxalifət düşərgəsinə keçib. Yaxud da ki, Cəmil Həsənlinin yazılarına inansaq, o zaman özü, Əli Kərimli, bütövlükdə radikal düşərgə təmsilçiləri zır dəli olublar və iqtidar təmsilçisini sıralarına qəbul ediblər. Həm də çox asanlıqla.

Axı, hər kəs bilir ki, AXCP 1-2 dəfə Əli Kərimlinin statusunu bəyənməyəndə, rəy yazmayanda həmin şəxsi linç edib, partiya sıralarından qovan radikal ünsürlərin toplandığı yerdir. Necə oldu ki, xüsusilə də şiddətlə iqtidarı müdafiə edən birini heç bir sual etmədən sıralarına qəbul etdilər? Demək ki, siyasi karyerasına, var-dövlət yığmasına səbəb olmuş Ramiz Mehdiyev onun Əli Kərimlinin yanına, “Milli Şura”ya yerləşdirilməsinə də tapşırıq verib. Əli Kərimli və Cəmil Həsənli də qidalandıqları mənbənin tapşırıqlarını sorğusuz-sualsız yerinə yetiriblər...

2013-cü ildən başlayaraq “Milli Şura”ya “Milyarderlər ittifaqı”ndan o qədər vəsait daxil olub ki, istər Əli Kərimli, istər Cəmil Həsənli, istərsə də Gültəkin Hacıbəyli hakimiyyət dəyişikliklərinə dərindən inanıblar. Onlar daxilən əmin olublar ki, uzun illərdir Rusiyaya xidmət edən Ramiz Mehdiyev hakimiyyət çevrilişinə nail olacaq və onlara da pay çatacaq. Ona görə də Ramiz Mehdiyevin məktubları evlərindən çıxır, qondarma dövlət şurası siyahısında adları peyda olur...

Ramiz Mehdiyevin planlarında yer almaq həm Əli Kərimliyə, həm Cəmil Həsənliyə, həm də Gültəkin Hacıbəyliyə var-dövlət qazandırıb. Çox maraqlıdır ki, AXCP-nin bütün üzvləri ya işsiz adamlardır, ya da 20 manata belə ehtiyacı olub mitinqə, aksiyaya həmin pula görə gələnlərdir. Amma qərargahı belə olmayan bir partiyanın sədrinin uşaqları ABŞ-da, Böyük Britaniyada yaşayır.

Qeydiyyatsız qurum kimi fəaliyyət göstərən “Milli Şura”nın sədri Cəmil Həsənli təqaüdçü olmasına baxmayaraq, özü ailə üzvləri bir gün Londonda, bir gün Vaşinqtonda, bir gün də Brüsseldə nahar və alış-veriş edir. Elə Əli Kərimlinin həbs olunan günün səhəri ölkədən qaçmağa çalışan Cəmil Həsənli Dubaya gedirmiş, həm də ailə tədbirinə. Bu qədər imkana, vara-dövlətə sahib olan Cəmil Həsənli görəsən hansı səbəbdən bu gün müxalifətdə ola-ola əmlaklarının sayının siyahısının bir A4 vərəqinə sığışmayan Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevdən mənzillər almasını inkar etməyə çalışır? Azərbaycanda milyonluq sərvəti olan Gültəkin Hacıbəylinin Türkiyədə mənzil sahibi olması haqqında fikirlər niyə Cəmil Həsənlini narahat edir?

Bu gün artıq cəmiyyətin AXCP və “Milli Şura”nın dövlət çevrilişinə cəhddə iştirakına dair hər hansı şübhəsi yoxdur. İctimaiyyətdə radikal düşüncəni və terminatorluğu təbliğ edən AXCP kimi partiyaların qapadılması da müzakirə olunmaqdadır. AXCP sədrinin müavini Seymur Həzinin giley-güzarına cavab olaraq insanlar düşünür ki, əgər Allahverdi Bağırov, Əlyar Əliyev, Ramiz Qəmbər bilsəydi Əli Kərimli kimilər AXC-ni 10 yerə parçalayıb, xəyanət yuvasına çevirəcək, Əbülfəz Elçibəy haqqında impiçment qərarı hazırlayıb, onun zəhərlənməsində iştirak edəcək və AXCP sədri olaraq Rusiyanın dövlət çevrilişi planlarında yer alacaq hələ o zaman onun dərsini verərdilər. Bu səbəbdən də şübhə yoxdur ki, vaxtilə AXC üzvü olub, Vətən uğrunda canını fəda etmiş şəhidlərin qanı üzərində xəyanət imperiyası quran Əli Kərimli kimilər layiq olduğu cəzanı alacaq...

Rəsul Səlimzadə,
YAP-ın əməkdaşı