Noyabrın 8-də paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in açılış mərasiminin baş tutması bir daha təsdiq etdir ki, Azərbaycan bu gün təkcə mədəni irsin qorunmasında deyil, eyni zamanda, İslam dünyasının yaradıcılıq və mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır.
Uzun əsrlərdən bəri Şərq ilə Qərb arasında körpü rolu oynayan, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müsəlman intibahının bərəqrar olmasına töhfələr verib. İslam dünyası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet respublikaları arasında ilk olaraq İslam ailəsinə üzv olmaq barədə müraciət etmiş, nəticədə 8 dekabr 1991-ci il dekabrın 8-də Seneqalın paytaxtı Dakar şəhərində keçirilən VI İslam Konfransında Azərbaycan İslam Konfransı Təşkilatına (İƏT) tamhüquqlu üzv kimi qəbul olunmuşdur. Həmçinin 1991-ci ildə Azərbaycan Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESCO) üzvü seçilmişdir.
Azərbaycan daim İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə böyük töhfələr verir. İstər 2017-ci ilin mayında “Bakı-2017” IV İslam Oyunlarının ölkəmizdə keçirilməsi, istərsə də Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli”, bundan əvvəl isə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi barədə sərəncamlar imzalaması bütün İslam dünyasında dərin ehtiram və təşəkkürlə qarşılanmışdı. Bu kimi mühüm hadisələr bir daha nümayiş etdirir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Bütövlükdə dünya müsəlmanlarının 60 faizini təşkil edən və böyük iqtisadi potensiala malik “İslam Səkkizliyi” adlanan D-8-ə üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.
2025-ci il noyabrın 11-də Bakı şəhərində keçirilən D-8 Media Forumu təşkilata üzv ölkələr arasında media əməkdaşlığının institusional əsaslar üzərində qurulması baxımından mühüm tarixi addım oldu. Forumun yekunu olaraq qəbul edilən “Bakı Bəyannaməsi” D-8 məkanında media sahəsində daha sıx inteqrasiyanın, informasiya mübadiləsinin və birgə fəaliyyətin yeni formatını müəyyənləşdirdi. Bəyannamə üzv dövlətlərin media sferasında əməkdaşlığı dərinləşdirmək, regional dialoq və həmrəyliyi gücləndirmək niyyətini təsdiqləməklə yanaşı, müasir informasiya çağırışları fonunda birlikdə hərəkət etməyin strateji əhəmiyyətini vurğuladı.
Bəyannamədə Azərbaycan tərəfinin, xüsusilə Prezident İlham Əliyevin media əməkdaşlığının gücləndirilməsi istiqamətində göstərdiyi dəstək xüsusi qeyd edilir. Bu, ölkəmizin təkcə regional deyil, həm də qlobal informasiya proseslərində artan rolunun beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Azərbaycan bu gün təkcə mədəni irsin qorunmasında deyil, eyni zamanda, İslam dünyasının yaradıcılıq və mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır. Noyabrın 8-də paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in açılış mərasiminin baş tutması bunun əyani təsdiqidir. Mədəniyyət insanların bir-birini anlamasına, qarşılıqlı hörmətin formalaşmasına və sülhün davamlı olmasına xidmət edən ən güclü vasitələrdən biridir. Bu baxımdan, Bakı bu gün yalnız festival məkanı deyil, həm də mədəniyyətlər arasında körpü rolunu oynayan beynəlxalq mərkəz kimi çıxış edir.
İƏT-in Baş katibinin müavini və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit bildirib ki, bu möhtəşəm tədbirə Azərbaycanın ev sahibliyi etməsi yüksək dəyərləndirilir. Çünki bu gün Bakı təkcə siyasi və mədəni mərkəz deyil, həm də İslam dünyasının yaradıcı ruhunu birləşdirən paytaxtlardan biri kimi çıxış edir. O, Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi yolunda göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib: “Məhz bu möhkəm iradə və strateji yanaşma İslam dünyasında əməkdaşlığımızın yeni mərhələyə keçməsinə ciddi töhfə verir. Bu festival bizi mühüm platformada bir araya gətirərək birliyin, dialoqun və mədəni yaxınlaşmanın real təcəssümünə çevrilir. İƏT-in katibliyi və bütün iştirakçı heyətin mədəni əlaqələrimizin dərinləşməsinə verdiyi dəstək, qarşılıqlı dialoqun daha da güclənməsinə mühüm təsir göstərir. Bu kimi tədbirlər təkcə yaradıcılıq və mədəniyyət nümayişi deyil, həm də təşkilatımızı strateji baxımdan gücləndirən, ortaq dəyərlərimizi möhkəmləndirən vahid mədəni platforma yaradır. Belə bir platformanın formalaşması, təbii ki, gələcək fəaliyyətimizin daha sıx koordinasiyasına, qarşılıqlı anlayış və əməkdaşlığa xidmət edir. Çünki yaradıcılıq yalnız sənətə deyil, insan inkişafına yönələn fundamental xüsusiyyətdir. Yaradıcılığı dəstəkləyən cəmiyyətlər, ilk növbədə, gənclərinin potensialına yatırım etmiş olurlar. Müsbət dəyərləri mənimsəyən, mədəni və mənəvi irsə sahib çıxan gənclər isə gələcəyin birliyini formalaşdırır, cəmiyyətlər arasında körpülər yaradan mədəniyyət səfirlərinə çevrilirlər. Bu baxımdan, Bakıdakı bu festival təkcə bu günün tədbiri deyil, sabahın birgə mədəniyyət, yaradıcılıq və inkişaf vizyonunun bünövrəsidir”.
Azərbaycanın mədəni diplomatiya sahəsində nümayiş etdirdiyi liderliyin regional həmrəyliyin formalaşmasına verdiyi töhfələr bütün İslam dünyası tərəfindən yüksək dəyərləndirilir. Bütün bunların fonunda əminliklə demək olar ki, Azərbaycan həm ümumbəşəri, həm də milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi rol oynamış İslam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını göstərir.
Zahid Rza, “İki sahil”
“Moody’s”: Azərbaycanda uzunmüddətli iqtisadi artımın drayveri nəqliyyat-logistika xidmətləri olacaq
Azərbaycanın 2025-ci il strateji mövqeyi və uğurlu idarəçiliklə qlobal səhnədə rolu