10 dekabr 2025 10:45
85

Azərbaycan–Slovakiya strateji tərəfdaşlığında yeni geosiyasi mərhələ

Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya rəsmi səfəri və Bratislavada mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mahiyyətini, qarşılıqlı etimadın səviyyəsini və əməkdaşlıq gündəminin strateji dərinliyini nümayiş etdirdi. Bu bəyanat, əslində, Azərbaycan–Slovakiya əlaqələrinin yalnız ikitərəfli çərçivədə deyil, həm də Avropanın enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat-kommunikasiya xətləri və yüksək texnologiyalar sahəsində formalaşan yeni geosiyasi mənzərədə xüsusi məna daşıdığını göstərir.

Prezident İlham Əliyevin çıxışı bu tərəfdaşlığın təməllərini təşviq edən strateji vizionu, qarşılıqlı maraqların kəsişmə nöqtələrini və iki dövlət arasındakı əlaqələrin yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini analitik şəkildə ortaya qoydu.

Dövlət başçısının sözlərinə görə, Slovakiya və Azərbaycan artıq “sadəcə dost ölkələr deyil, strateji tərəfdaşlardır”. Bu vurğunun arxasında qarşılıqlı siyasi etimad, beynəlxalq müstəvidə bir-birinin suverenliyinə və seçimlərinə hörmət, eyni zamanda ortaq maraqlara əsaslanan rasional əməkdaşlıq dayanır.

2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri ən yüksək rəsmiləşdirmə səviyyəsinə qaldırmışdır. Bu sənəd yalnız siyasi deklarasiya deyil, əhatəli fəaliyyət xəritəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  bütün istiqamətlər üzrə fəal əməkdaşlıq mexanizmləri yaradılıb və birgə iqtisadi işçi qrup genişləndirilib, eyni zamanda energetika, nəqliyyat və müdafiə sənayesi sahələrində konkret layihələr icra olunmağa başlayıb. Bu, Azərbaycan–Slovakiya münasibətlərinin dayanıqlı institusional baza üzərində qurulduğunu göstərir.

Prezident İlham Əliyevin bəyanatında ən geniş yer tutan məsələlərdən biri energetika əməkdaşlığı oldu. Bu təsadüfi deyil. Çünki Slovakiya kimi Mərkəzi Avropa ölkələri üçün alternativ enerji mənbələri məsələsi strateji əhəmiyyət daşıyır.

Dövlət başçısı bildirdi ki, 2024-cü ildə ilk dəfə Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Bu, enerji xəritəsində mühüm dönüş nöqtəsidir. Bu gün Azərbaycan qazı alan ölkələrin sayı 14-ə yüksəlib. Ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edir, bunun yarısı Avropaya nəql edilir. Avropa İttifaqının 8 üzvü Azərbaycan qazı ilə öz enerji təhlükəsizliyinin bir hissəsini təmin edir.

Azərbaycan artıq Avropaya boru kəmərləri vasitəsilə qaz ixracında birinci yerdə olan təchizatçı ölkədir. Slovakiya ilə əməkdaşlıq perspektivləri isə daha genişdir. Yeni qaz yataqlarının işlənməsi və hasilatın artması fonunda həm Slovakiyaya, həm də onun regiondakı tərəfdaşlarına Azərbaycan qazının əlavə həcmdə çatdırılması tam realdır. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək.

Prezident İlham Əliyev Slovakiya ilə müdafiə sənayesi əməkdaşlığını “müharibə məqsədi deyil, texnoloji və sənaye inkişafı” kimi xarakterizə etdi. Azərbaycanın Qarabağ müharibəsindən sonra regionda uzunmüddətli sülh strategiyası qurduğu bir dövrdə bu qeydlər xüsusilə əhəmiyyətlidir. Dövlət başçısı vurğuladı ki, Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanları birləşdirilərək rəqabət qabiliyyətli yeni müdafiə sənayesi məhsulları istehsal oluna bilər. Bu məhsullar həm regional bazarlara, həm də qlobal bazara yönələ bilər. Bu istiqamətdə artıq konkret layihələr hazırlanır.

Azərbaycanın müharibədən sonra qazandığı nüfuzun bir göstəricisi olaraq Slovakiyanın baş nazir müavininin və müdafiə nazirinin 8 noyabr 2025-ci ildə – Qələbənin beşinci ildönümü tədbirlərində iştirakı xüsusi simvolik məna daşıyır. Bu, iki ölkə arasında siyasi etimadın dərinliyini təsdiqləyir.

Azərbaycan diplomatiyasının Avropaya baxışını analiz edərkən görürük ki, Prezident İlham Əliyevin Slovakiyanın “müstəqil xarici siyasət aparması” barədə dedikləri həm də Avropa İttifaqı daxilində gedən proseslərə incə işarədir. O, bildirdi ki, bu siyasət bəzən Slovakiyanı çətinliklərlə üz-üzə qoyur, amma Slovakiya öz prinsipial xəttindən dönmür, bu, bölgəmizdə sözün əsl mənasında hörmət yaradır. Bu sözlər Azərbaycanın suverenlik və müstəqil qərarvermə prinsipinə dəyər verən dövlətlərlə dərin əməkdaşlığa üstünlük verdiyini göstərir.

Azərbaycanın nəqliyyat və geologistika gücü Şərq-Qərb arasında körpü rolunun güclənməsinə təkan verəcək. Prezident İlham Əliyev Azərbaycanın artıq təkcə enerji deyil, həm də nəqliyyat-kommunikasiya dəhlizlərinin əsas oyunçusu kimi çıxış etdiyini xatırlatdı.

Bu gün Azərbaycan Orta Dəhlizdə aparıcı ölkələrdən biridir. Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və etibarlı marşrut onun ərazisindən keçir. Bu üstünlük sayəsində nəqliyyat infrastrukturu sahəsinə yatırımlar gələcək illərdə də artırılacaq. Prezident İlham Əliyevin Bratislava bəyanatı bir daha sübut etdi ki, Azərbaycan–Slovakiya əlaqələri artıq sadə diplomatik münasibətləri aşaraq dərin strateji tərəfdaşlıq modelinə çevrilmişdir. Bu tərəfdaşlığın konturları bir neçə əsas istiqamət üzrə özünü açıq göstərir.

 Siyasi etimad və strateji yanaşma baxımından hər iki ölkə suverenliyə, müstəqil qərarverməyə və qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq xətti yürüdür. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri ən yüksək səviyyəyə qaldıraraq uzunmüddətli əməkdaşlığın institusional təməllərini möhkəmləndirib.

Energetika sahəsində real nəticələr göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində həlledici rolu daha da güclənir. Slovakiyaya qaz ixracının başlaması və gələcəkdə həcmlərin artırılması həm ikitərəfli əməkdaşlıqda, həm də Avropanın enerji xəritəsində yeni məna daşıyır.

Müdafiə sənayesində sinerji modeli sayəsində Slovakiya texnologiyalarının Azərbaycan maliyyə və istehsal imkanları ilə birləşdirilməsi müdafiə sənayesində rəqabətqabiliyyətli məhsulların yaradılmasına şərait yaradır. Bu əməkdaşlıq hərbi qarşıdurma deyil, sənaye və texnologiyanın inkişafına xidmət edir.

Nəqliyyat və logistika  yeni geoiqtisadi körpü yaradacaq. Azərbaycanın Orta Dəhlizdəki lider mövqeyi, Slovakiyanın Mərkəzi Avropadakı strateji mövqeyi ilə birlikdə daha böyük regional iqtisadi inteqrasiyaya yol açır. Bu sahə gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq.

İki ölkə arasında yüksək texnologiyalar və data mərkəzləri üzrə əməkdaşlıq da prioritetdir. Azərbaycanın artan enerji potensialı, iqlim müxtəlifliyi və informasiya texnologiyalarına sərmayə siyasəti ölkəni regional data habına çevirir. Slovakiya şirkətləri ilə bu sahədə əməkdaşlıq iki ölkənin gələcək rəqəmsal iqtisadiyyatında strateji rol oynayacaq. Bu faktorların hər biri təsdiq edir ki, Azərbaycan–Slovakiya münasibətləri təkcə bu günün deyil, gələcək onilliklərin də əməkdaşlıq istiqamətlərini müəyyən edən strateji çərçivəyə malikdir.

Prezident İlham Əliyevin Bratislavada verdiyi bəyanat isə bu çərçivənin siyasi və ideoloji əsaslarını daha da möhkəmləndirərək əlaqələrə yeni dinamika gətirir.

Məşhur Məmmədov,
​Milli Məclisin deputatı