Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən məsələ ilə əlaqədar Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar. Binaya baxış keçirilib. Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaqdır.